DİQQƏT: Həyatınızı təhlükəyə atan sürücülər var!

Yazarlar 23 Sentyabr 2014 17:03 Oxunub 1908
DİQQƏT: Həyatınızı təhlükəyə atan sürücülər var!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: «Maşın sərnişinlə doludursa, onda hamısını düşürməlidir»

Avtosfer.az panoram.az-a istinadən hüquqşünas, yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov-un müsahibəsini təqdim edir.

 

-Sərnişindaşıma ilə məşğul olan iri və kiçik tutumlu avtobusların yanacaqdoldurma məntəqəsinə daxil olmasının şahidi oluruq. Bu sərnişinlərin həyatı üçün nə dərəcədə təhlükəlidir və qanunla necə tənzimlənir?

-“Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 56-ci maddəsində bu məsələ qanunla göstərilir. Bildirilir ki, sərnişin daşıyan nəqliyyat vasitələrinin sərnişinlərlə dolu olanda yanacaqdoldurulma məntəqəsinə girişi qəti qadağandır. Avtobusun içində bir nəfər sərnişin olsa da, sürücü onu təhlükəsiz yerdə düşürüb, sonra yanacaq doldurdurmağa gedə bilər. Maşın sərnişinlə doludursa, onda hamısını düşürməlidir. İnzibati xətalar məcəlləsinin 151.2 maddəsinə görə, sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə daxil olan hər bir ictimai nəqliyyat vasitəsinə cərimə nəzərdə tutulur.

 

-Cərimənin məbləği nə qədərdir?

 

-60 manat cərimə və üstəgəl 3 bal tətbiq olunur. 

 

-Qadağanın səbəblərini daha ətraflı izah edərdiniz.

 

-İki səbəbdən qadağandır. Birincisi, yanacaqdoldurma məntəqəsində tez alışan, yüksək yanma qabiliyyətinə malik olan maddələr var- benzin, dizel yanacağı, maye qaz və s. Sərnişinlərin özləri böyük təhlükə törədə, kibrik, alışqan yandıra bilərlər. Həmçinin orada mobil telefonla danışmaq da qadağandır və təhlükəlidir.

 

İkinci səbəb odur ki, ərazidə hadisə baş verərsə, sərnişinlər də zərər görə bilər. Məsələn, təsəvvür edin ki, avtobus adamla doludur, onları düşürənə qədər, nə qədər itki ola bilər. Yanğın hadisəsini də qeyd etmək olar. Allah göstərməsin, qapı tərəfdən başlasa, heç kimi xilas etmək mümkün olmaz. Hər sərnişin də avtobusun qəza üçün nəzərdə tutulan çıxış yerinin olduğunu bilmir, oradan çıxmağı bacarmır. Faciənin miqyası arta bilər. Ona görə də, bu hal çox sadə məntiqlə qadağan edilir.

 

-Sürücülərdən nə tələb olunur?

 

-Sürücülər zəhmət çəkib, reysə çıxmazdan əvvəl yanacaq çənlərini doldurmalıdırlar. Məsafədən asılı olaraq, onlar bunu hesablamalıdırlar ki, yolda qalmasınlar. Kifayət qədər yanacaq götürüb, hazır vəziyyətdə yola çıxmalıdırlar. Əgər yanacaq götürməyə ehtiyac yaranarsa, sərnişinləri təhlükəsiz yerdə  düşürüb, sonra maşını yanacaqla təmin etmək lazımdır.

 

-Belə hallar demək olar ki, hər gün yaşanır. Avtobusun salonunda nəqliyyat şirkətinin adı və əlaqə nömrələri olanda, sərnişinlər zəng vurub şikayət edə bilərlər. Bəs telefon nömrəsi və digər məlumatlar olmayanda, sərnişin nə etsin?

 

-Avtobusun salonunda, sərnişinlərin görə biləcəyi yerdə daşıyıcı şirkətin kimə məxsus olduğu, nəqliyyat vasitəsinin əlaqə telefonları göstərilməlidir. Sonra şikayət və təkliflərin çatdırılması üsulu göstərilməlidir. Yəni, bu o deməkdir ki, telefon nömrəsi mütləq olmalıdır. Mən tövsiyyə edərdim ki, avtobusların içində qutu qoyulsun. Sovet dövründə belə vasitələr də var idi. Şikayətləri, rəyləri çatdırmağın yazılı üsulundan istifadə edilirdi. Bunu da, bərpa etmək olar. Amma hamısından yaxşısı telefon nömrəsinin olmasıdır.

 

-Bütün avtobuslarda telefon nömrələrinin olması məcburidir?

 

-Nazirlər Kabinetinin qərarında nəzərdə tutulub ki, sərnişindaşıma ilə məşğul olan avtobusların hamısında, sərnişinlərin görə biləcəyi yerdə həmin şirkətin və şirkət sahibinin adı,telefon nömrələri mütləq olmalıdır. Hələ elektron ünvanı da olsa, daha yaxşı olar. Sürücülərin özləri də onlara deyilən rəyləri, təklifləri hətta iradları şirkət sahibinə çatdırmalıdırlar. Əslində qanunda bu var. Məsələn, sürücülər gəlib deyə bilərlər ki, mənim maşınımda bu problem var, bu çatmır və ya bu artıqdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh