Yol polisi və «Azəravtoyol»un nəzərinə - İkisi bir yerdə düz gəlmir - VİDEO

Yazarlar 9 Yanvar 2017 13:43 Oxunub 7014
Yol polisi və «Azəravtoyol»un nəzərinə - İkisi bir yerdə düz gəlmir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kimlərinsə səhvinə görə sürücü və piyadalar cərimə olunurlar

Bu gün vaxtilə Əzizbəyevon heykəli olan parkın qarşısında tanıdığım yol polisi əməkdaşı ilə görüşmək üçün maşını saxlayanda gördüm ki, iki nəfərlə gərgin mübahisə edirlər. Soruşdum, nə məsələdir, dedi, piyadaları cərimə edirik. Piyadalar da dirəşib ki, yol polisi onlara cərimə yaza bilməz, cəriməni ancaq PPX yaza bilər. Dedim, ay dostlar, cəriməni elə DYP yazır, o heç. Amma burada başqa məsələ də var.

Piyadanın biri narazılıq edib 102-yə zəng elədi. Sonra da bir hərbçi də həmin yerdən keçdiyi üçün yol polis onu da saxladı. Oldular 3 nəfər…

Bir az kənara çəkilib baxdım ki, yol polisi deyəsən səhv edir, çünki yazıq piyadalar yolu düzgün keçiblər. Sevtoforun altında piyada keçidi var, 6 metr geridə daha biri mövcuddur. Buna görə də, polis deyir, onlar arxadakı keçiddən keçməli idilər. Yavaşca zarafata salıb dedim ki, rəis, gəl mənim xətrimə bunları burax. O da sağolsun, razılaşdı. Piyadalar mənə xeyli dua edib, «sağ ol» deyib, sevincək getdilər.

Sözümün canı ondadır ki, orada hərəkətin təşkilində problem var. Bəri başdan deyim ki, parkın sağ tərəfində svetoforun altında zebra var və svetofor sağa – Badamdar istiqamətinə daim yaşıl göstərir. Svetofordan bir qədər geridə də zebra çəkilib. Sürücülər əksər hallarda gah arxadakı zebranın qarşısında dayanır, gah da oranı keçib svetoforun altında dururlar. Üstəlik, burada piyada keçidi nişanı da yoxdur.

Bəs, əslində necə olmalıdır? Arxadakı zebra dərhal silinməlidir. Çünki svetofor özü də piyadaların hərəkətini tənzimləyən bir vasitədir və yolu oradan keçmək daha təhlükəsizdir. Keçid svetoforun qarşısında olmalı və keçiddən əvvələ «stop» xətt çəkilməlidir ki, sürücülər svetoforun qırmızı işığında gözləyəndə maşını orada saxlasınlar. Bu halda parkın düz qarşısından sola dönənlər də svetoforu gözləmədən rahatlıqla hərəkət edə bilər ki, bu da sıxlığı aradan qaldırmış olar.

Bu vəziyyəti yol polisi əməkdaşına da izah elədim, sakitcə pıçıldadım ki, piyadalara bu halda cərimə yazmaq düzgün deyil. O da dedi ki, hə, mən də indi fikir verdim, düz deyirsən. Dostcasına məsləhət gördüm ki, bu barədə işdən sonra rəhbərliyə bir raport yazıb problemi diqqətə çatdırsın.

Görək, nəticəsi necə olacaq. Lakin elə buradan da Dövlət Yol Polisi İdarəsinin və «Azəravtoyol» ASC-nin rəhbərliyinin diqqətinə çatdırmaq istəyirəm ki, Bakı şəhərində bu cür nöqsanlar çoxdur və bunları vaxtında aradan qaldırmaq lazımdır ki, sürücülər və piyadalar kiminsə səhvinə görə cərimə olunmasınlar.

Təqdim olunan videolardan da görünür ki, bu iki keçidin mövcudluğu həm sürücüləri, həm də piyadaları çaş-baş salıb. Yol hərəkətinin təşkilində isə bu cür tapmacaların olması yolverilməzdir.

 

Elməddin Muradlı

 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh