Sən öncə yolda yeriməyi öyrən…

Yazarlar 11 Yanvar 2017 00:55 Oxunub 4865
Sən öncə yolda yeriməyi öyrən…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir çox sürücülər elə bilir ki, yollar bunların atalarının mülküdür

Yollarda çox oluruq. Mənsə lap çox oluram. Özü də uzaq yollarda. Az qala hər həftə Dədəliyə (Xaçmaz) gedirəm. Bundan başqa xarici səfərlər də öz yerində. Digər rayonlarımıza da az getdiyim olmur. Yəni yollar görüb müşahidələr aparmaq imkanım həddən artıq çoxdur.

Dünən də Dədəliyə gedib gəldim. Hər zaman məni rahatsız edən müşahidələrimi davam etdirdim. Özəlliklə də Bakı-SDK yolu boyu etdiyim müşahidələr. Gəndobdan üzü Xaçmaza ayrılan yolsa bir başqadır.

Magistral olmasa da bizim jurnalistlərin təkidlə magistral kimi təqdim etdiyi yolun Bakı-Gəndob kəsiminin hər iki tərəfində ən çox rahatsız edən durum maşınların sol zolaqla sürülməsidir. Özü də yavaş sürətlə. Bu azmış kimi, işıq siqnallarıyla edilən müraciətlərə ümumiyyətlə reaksiya verilməməsi də ayrıca dərddir. Gəlib arxadan az qala dirənirsən, işıq siqnalı verirsən, qarşıda sürünən maşın çəkilmir ki, çəkilmir. Səs siqnalına güc verirsən, hannan hana adam anlayır ki, yol vermək lazımdır.

Gəndob-Xaçmaz yolunun əsasən Xaçmaz rayonu kəsimində isə tam bir fəlakət yaşanır. Bir də baxırsan ki, adam maşınını dirəyib yolun tam soluna saatda 30-40 km sürətlə yellənə-yellənə sürür. Arxada da onu ötmək istəyən bir dəstə maşın. Ha işıqla, səslə siqnal verirsən, vecinə də almır. Ta ki, Bakı istiqamətindən Xaçmaz şəhərinə çatanadək. Şəhərin Quba yolu nöqtəsindən sonra da bənzər hal təkrarlanır. Yenə qarşına biri çıxır, sürünə-sürünə yolun soluyla gedir, sən də qalırsan çığıra-çığıra özün üçün…

Geri dönərkənsə lap əcaib bir hala rast gəlmək olur. Yolun Gəndob-Bakı kəsimində bir çox yerlər dağılıb. Əsasən də sağ zolaqda. Ona görə də sürücülərin çoxu məcbur qalıb sol zolaqla hərəkət etməli olur. Elə mən də. Amma bir çoxlarından fərqli olaraq bu zaman gözüm daim arxada olur ki, birdən ötmək istəyən olar. Olanda dərhal sürəti azaldıb sağa çıxır, yol verir, sol zolağın boşluğuna əmin olduqdan sonra ora qayıdıram. Elə bir hala yol vermirəm ki, hansısa avtomobil arxadan mənə çatsın, işıq və ya səs siqnalıyla yol verməyimi istəsin. Bunu özümə təhqir sayıram. Özü də başqasının təhqiri yox, məhz özümün özümə təhqiri.

Bəzi “ağıllı” sürücülərsə nə edir? Solla hərəkət edirlər, qəza işıqlarını yandırıb guya vəziyyətdən çıxmağa çalışırlar. Təbii ki, qəzalı maşını solla deyil, sağ zolaqla sürmək lazımdır. Belə birisinə dünən də rast gəldik. Ona görə gəldik deyirəm ki, tək mən deyil, bir neçə başqa sürücü də məcburən bu “ağıllı”nın arxasınca sürünməli oldu.

Zarat postunu keçəndən xeyli sonra sərnişin avtobusuna rast gəldik. Məndən öndə bir neçə maşın gedirdi. Sürət həddinin 110 km müəyyənləşdirildiyi yolda bu “ağıllı” avtobus sürücüsü qəza işıqlarını yandıraraq nəqliyyat vasitəsini davamlı yolun soluyla sürürdü. Özü də aşağı sürətlə. Mən də daxil olmaqla arxadan gələnlər buna nə qədər işarə etsə də adam avtobusu sağa çəkib heç kimə yol vermədi ki, vermədi. Özü də uzun bir yol kəsimində. Sonadək dirəndi. Çıxış yolunu onda gördüm ki, bunu sağdan ötüm (nə qədər təhlükəli və qanunsuz olsa da). Ötdüm, keçdim və düz qarşısında ehtiyat tədbirlərimi görərək bunun önünü kəsdim, maşını saxlatdım. Düşdüm aşağı. Avtobus sürücüsü də aşağı düşdü, bir az da qazlı şəkildə üstümə yürüdü. Bir-iki “mehriban” söz dedim, adamın qazı alındı və başladı məni borclu çıxarmağa ki, görmürsən, sərnişin aparıram? Dedim, bunun sənin yol hərəkəti qaydalını pozmağına dəxli var? Qayıdasan ki, bəs, görmürsən, qəza işıqlarını yandırmışam? İndi də izah etdim ki, qəzalı maşını solla deyil, sağla sürərlər. Üzümə baxdı, susdu və dərhal da qayıdıb avtobusa oturdu. Bir az da qışqırıb yoluma davam etdim.

Düzmü etdim? Təbii ki, yox. Çünki yolda belə hərəkət doğru bir şey deyil. Amma nə edəsən ki, yollardakı belə adamlar yalnız qanun və qaydalarla yaşamağı öyrənmiş insanları belə özündən çıxarır.

Daha bir diqqətçəkən olaysa yanvarın 6-da baş vermişdi. Bakıdakı “Niaqara” restoranında bir xeyriyyə tədbirinə getmişdim. Girişdəki parkomata ödəniş edərək maşınımı orda saxladım. Yəni arxayınlıqdı. Tədbir bitəndən sonra çölə çıxanda gördüm ki, düz maşınımın arxasında bir “Mercedes” elə dayanıb ki, tərpənəcək halım olmasın. Özü də elə pərçimlənmişdi ki, məndən soldakı QAZ31 də yerindən tərpənə bilmirdi. Özüm heç, amma o QAZ31-dəki adamların halı məni özümdən çıxardı. Yaşlı bir qadın həmin maşına minə bilmirdi. Maşının içindəsə iki balaca uşaq vardı. Sürücüsü əraziyə nəzarət edənlərlə bərabər “Mercedes”in sahibini axtarırdı. Bəlli oldu ki, bu hal hardasa yarım saatdır davam edirmiş. Özümdən çıxmarammı? Baxdım, “Mercedes”in qeydiyyat nömrəsini öyrəndim və dərhal da 102-yə zəng etdim. 99-NN-011 nömrəli maşının sahibi sanki yerdən çıxdı, dərhal gəlib maşını işə saldı və bizə yol verdi. Amma mən 102-yə şikayətimi elədim…

Demək istədiyim budur ki, bir çox sürücülər elə bilir ki, yollar bunların atalarının mülküdür və orada istədikləri kimi davrana bilərlər. Ona görə də bu qanmazlara qanunun tam gücüylə başa salmaq lazımdır ki, yollar sizin atanızın deyil, ümumistifadə məqsədilə dövlət tərəfindən qurulub. Belə yollarda hərəkətin qaydalarını da dövlət müəyyən edib və onlara əməl edən hər bir sürücü, piyada əziyyət belə çəkmədən rahat hərəkət edə bilər. Amma kimə deyirsən?..

Bir də piyadalar haqqında deyim, söhbəti qapadaq. Bəzi piyadalar onlar üçün nəzərdə tutulan keçidləri qoyub bir neçə metr aralıdan yolu keçəndə cin atına minirəm. Hətta düşünürəm ki, maşını saxlayıb bağırım ki, ay adam, üçcə metr o yandakı keçiddən keçsən canın çıxar? Bağırardım, amma bağırmıram. Çünki şəhərimiz, ölkəmiz belə adamlarla doludur…

Sonra da deyirlər demokratiya elə getdi, insan haqları belə gəldi. Sən öncə yolda yeriməyi, maşın sürməyi öyrən, mənim həmvətənim. Onda demokratiya da olacaq, insan haqları da. Hələliksə sənə nə demokratiya, nə də haqq tanımaq olmaz. Çünki sən buna layiq deyilsən… 

http://www.azerhasret.com/fotolar/2016/08/azer_hesret.jpg 

Azər HƏSRƏT,

[email protected] 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh