Yol polisi: "Azərbaycanda piyada mədəniyyəti yoxdur"

Yol polisi 9 Yanvar 2017 20:00 Oxunub 1423
Yol polisi: "Azərbaycanda piyada mədəniyyəti yoxdur"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bəzi hərəkət iştirakçıları yol polisi olmadan öz hərəkətlərini tənzimləyə bilmir"

Bakıda günün pik saatlarında yol polislərinin avtomobilləri deyil, piyadaları idarə etdiyinin şahidi oluruq. Bu ən azından Azərbaycanda hələ də piyada mədəniyyətinin formalaşmamasından xəbər verir. Əksər piyadaların qadağan olunmuş yerlərdən keçməsi isə bir sıra hallarda 20 manatlıq cərimə ödəməsi ilə nəticələnir. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov da modern.az-a açıqlamasında bu sahə ilə bağlı narahatlığını dilə gətirib. O qeyd edib ki, 2016-cı ilin statistik göstəricilərində bütün istiqamətlərdə hadisələr, ölüm halları, xəsarət dərəcələri azalıb: “Amma piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 58 faizini təşkil edir. Bu da bizi çox narahat edir. Piyadaların mütəmadi keçirilən reydlərdə saxlanılaraq, məsuliyyətə cəlb edilməsi onların gələcəkdə törədəcəkləri xətalara təsir edəcək. Ona görə də, son vaxtlar yol polisinin piyadaları daha çox cərimələməsini normal qəbul edin. 2016-cı ildə təxminən 130 minə yaxın piyada saxlanılıb və məsuliyyətə cəlb edilib. Hər halda azad, demokratik Azərbaycanın vətəndaşlarıyıq. Bizim özümüzə məxsus psixologiyamız, adət-ənənələrimiz, qəribə və təhlükəli vərdişlərimiz var. Amerika, Almaniya, İngiltərə və bir çox inkişaf etmiş ölkələrdə insanların yol hərəkəti qaydalarını necə mənimsədiyini görürük. Bu mədəniyyətin bizim insana aşılanması üçün zaman lazımdır. Biz o stereotipləri dağıtmaq üçün çox sayda təbliğat aparmalıyıq ki, insanlar bu qaydaları şüurlu surətdə dərk eləsinlər”.

V.Əsədov piyadaların məsuliyyətsizliyini xüsusi vurğulayıb: “Tam məsuliyyətimlə deyirəm ki, bəzi hərəkət iştirakçıları yol polisi olmadan öz hərəkətlərini tənzimləyə bilmir. Hələlik polis olmadan bizim vətəndaşımız, hərəkət iştirakçılarımız özlərini idarə edə bilmirlər. Pik saatlarda piyadaların yolun bir tərəfindən digər tərəfinə keçməsi zamanı hər tərəfdə bizim 2-3 polis əməkdaşımız dayanır. Amma xaricdə bu belədirmi? Əlbəttə, yox. Piyadalar bu kimi vərdişlərə yiyələnib və özləri sərbəst şəkildə bu qaydalara tabe olur. Bu gün polis əməkdaşları günün pik saatlarında nizamlayıcı rolunda olmasa, hərəkət iflic olar”.

Qurum rəsmisi paytaxtda üç sahədə problem yaşandığını deyib: “Bakı üzrə əsas problem yaradan məsələ dayanma-durma və piyadaların təyin olunmayan yerlərdən keçmələridir. Üçüncü prioritet məsələ isə sərnişindaşımada avtobus duracaqlarında narahatlıq doğuran xətaların hələ də qalmasıdır. Bizim əsas səhvimiz də odur ki, xəta törədən şəxsdən nə üçün bu qayda pozuntusunu törətdiyini soruşuruq. Soruşduqca, bəhanələr artır. Məsələn, yolun hərəkət hissəsində dayanmış, hətta qəza duracaq işıqlarını yandıran sürücüdən soruşursan ki, niyə dayanmısan? Deyir ki, “adam gözləyirəm”, yaxud deyir “dərman alıram, çörək alıram”. Bu, başqalarının hərəkətinə mane olmaqdır. Bu gün ölkə üzrə maşınların sayı 1 milyon 200 minədək artıb. Onun da 72 faizi Bakı şəhərindədir. Görün avtomobillərin hərəkətində, intensivliyində necə maneələr yaranır. Səbirli olaq, bir neçə il sonra özünüz bu dəyişikliklərin şahidi olacaqsız”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh