Heydər Əliyev prospektində nə baş verir; tablolarda sürət həddi dəyişir

Yazarlar 24 Sentyabr 2014 17:04 Oxunub 3125
Heydər Əliyev prospektində nə baş verir; tablolarda sürət həddi dəyişir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaşayış məntəqəsinə aid hərəkət qaydalarının qüvvəsinin başa çatdığı ifadə olunmalıdır

Son vaxtlar sürücülər Heydər Əliyev prospekti ilə aeroport istiqamətində gedərkən «Koroğlu» metrostansiyasının yanındakı yol qovşağından sonra yoldakı sürət rejimi ilə bağlı anlaşılmazlıq olduğundan şikayət edirlər. Hətta bəzi sürücülər deyirlər ki, həmin yerdə əvvəllər getdikləri sürətlə hərəkət etsələr də, radara düşdükləri barədə bildiriş alırlar.

Bu problem həmin yolda yol hərəkətinin təşkili ilə bağlı yol verilmiş ciddi qüsurlardan irəli gəlir. Özü də sürücüləri çaşdıran odur ki, yolun üstündə qurulan tabloda yazılan sürət həddi tez-tez dəyişdirilir. Həmin yolda buraxılmış səhv yol nişanlarının qanunvericiliyə uyğun tətbiqi və «Yol hərəkəti haqqında» Qanunun bəzi müddəalarının kobud pozulması isə bağlıdır. Belə ki, H.Əliyev prospekti Bakı şəhərinin ərazisindədir və təxminən Koroğlu qovşağının yanında şəhərin ərazisi başa çatır. «Yol hərəkəti haqqında» Qanunun 50-ci maddəsinin tələbinə əsasən, yaşayış məntəqələrində icazə verilən maksimal sürət 60 km/saat-dır. Yaşayış məntəqələrinin ayrı-ayrı küçə və prospektlərində bu həddən yuxarı sürətə o halda icazə verilə bilər ki, həmin küçə və ya prospektdə eyni səviyyəli piyada keçidi, kəsib keçən yolayrıcı, svetofor, habelə yaşayış məntəqəsi üçün xarakterik olan başqa maneə və təhlükə olmasın. Ona görə də Heydər Əliyev prospektində 3.24 nişanı vasitəsilə hazırda olduğu kimi 80 km/saat sürət həddinin müəyyən edilməsi normaldır. Lakin Koroğlu qovşağından sonra hərəkətin təşkilində kobud nöqsanlar var. Aeroport yolunda hərəkətin normal təşkili belə olmalı idi: 

1) «Koroğlu» qovşağının yanında şəkildə gördüyünüz 5.23 nişanı qoyulmaqla yaşayış məntəqəsinə aid hərəkət qaydalarının qüvvəsinin başa çatdığı ifadə olunmalıdır;

2) 5.23 nişanı qoyulan nöqtədən sonra isə 90 km/saat sürətlə hərəkət qaydalar çərçivəsində olur. Çünki «Yol hərəkəti haqqında» Qanunun 50-ci maddəsinin tələbinə əsasən yaşayış məntəqələrindən kənar avtomagistral sayılmayan yollarda icazə verilən maksimal sürət 90 km/saat-dır (bəzi nəqliyyat vasitələri üçün 70 km/saat və daha aşağıdır).

Nəzərə almaq lazımdır ki, aeroport yolu kimi tanıdığımız yol avtomagistral deyil və həmin yol avtomagistral üçün nəzərdə tutulan tələblərə cavab vermədiyindən avtomagistral sayıla bilməz. Ona görə də bu yolda hər hansı bir üsulla 90 km/saat-dan yuxarı rejimi müəyyən etmək «Yol hərəkəti haqqında» Qanunu kobud şəkildə pozur. Belə yanaşma son dərəcə təhlükəlidir və son illərdə bu yolda baş verən ağır qəzalarda onlarla insanın ölməsi və yüzlərlə insanın şikəst olması məhz həmin yolda hərəkətin təşkilindəki kobud səhvlərin nəticəsidir. Sürücülərə xatırlatmaq istəyirəm ki, tablo deyilən yol nişanı yoxdur. Sürət məhdudiyyətini müəyyən edən nişan şəkildə gördüyünüz 3.24 nişanıdır. Özü də həmin nişanın adı «Maksimum sürətin məhdudlaşdırılması» nişanıdır. Deməli, bu nişan qanunun yol verdiyi maksimal sürəti artırmaq üçün yox, onu zərurət olduğu hallarda azaltmaq üçün tətbiq oluna bilər. Yolun üzərindəki tabloda isə 3.24 nişanının göstəricisi sadəcə təkrarlana bilər. Belə tablolar, habelə asfaltın üzərində sürət məhdudiyyətini bildirən rəqəmin yazılması sürücülərin əlavə məlumatlandırılmasına xidmət edir. Həmin vasitələrin heç bir müstəqil mənası yoxdur. Onlar yalnız 3.24 nişanı ilə birlikdə, özü də qanunun tələblərinə ciddi riayət edilməklə tətbiq olunmalıdır.

Beləliklə, hörmətli sürücülər, bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, aeroport yolu kimi tanıdığınız yolda  90 km/saat-dan yuxarı sürət rejimi göstərən tabloların hamısı qanunsuzdur və təhlükəlidir. Bu, ölkəmizdə yol hərəkətinin təşkilindəki biabırçılıqlardan biridir. Formal olaraq həmin yolda  90 km/saat-dan yuxarı sürətlə hərəkət yol hərəkəti qaydalarını pozmadır. Əgər araşdırmalar nəticəsində müəyyən etsək ki, ölkəmizdə avtomagistral olmayan yollarda 90 km/saat sürət rejimi azdır və bunu artırmaq lazımdır, onda ilk olaraq Qanunu dəyişmək lazımdır. Hələlik isə Qanun bunu müəyyən edir və Qanuna riayət etmək lazımdır. Ona görə də həmin yolun istənilən yerində 100 km/saat-dan yuxarı sürətlə radara düşməyiniz barədə bildiriş alanda təəccüblənməyin. Həm də nəzərə alın ki, yola qoyulmuş radarlara DYP nəzarət edir. Həmin yoldakı qanunsuz sürət həddini bildirən tabloları isə bizdə olan məlumata görə, yoltikənlər, yəni Nəqliyyat Nazirliyinə aid qurumlar qoymuşdur. Çalışın ki, bu iki qurum arasındakı «fikir ayrılığının» qurbanı olmayasınız.

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh