Azərbaycanı İranla birləşdirəcək dəmiryolu xətti istifadəyə veriləcək - Martda

Yeniliklər 13 Yanvar 2017 15:54 Oxunub 1467
Azərbaycanı İranla birləşdirəcək dəmiryolu xətti istifadəyə veriləcək - Martda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan tərəfində tikinti işləri yekunlaşsa da, İran tərəfində xəttin çəkilişi yekunlaşmayıb

Yanvarın sonunda açılışı gözlənilən, Azərbaycanla-İranı birləşdirəcək Astara-Astara dəmir yolu xəttinin istismara verilməsi ləngiyir. Azərbaycan tərəfi inşaat işlərini artıq yekunlaşdırsa da, İran tərəfində tikinti işlərinin davam etməsi səbəbindən xəttin istismara verilməsi hələlik mümkün olmayacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Nadir Əzmməmədovun verdiyi məlumata görə, bu ilin oktyabr ayında Azərbaycan nümayəndə heyyəti görülmüş işlərlə  əyani tanış olmaq məqsədilə  İran tərəfdə olub .Qonşu ölkədə 1,7 km dəmir yolunun çəkilişində torpaq yatağında işlərin hələ  davam etdiyini deyən qurum rəsmisi nəqliyyat dəhlizinin  nə vaxta  istifadəyə verilməsinin İran tərəfdən asılı olduğunu bildirib. Qeyd edək ki,İran tərəfi paralel olaraq öz ərazisində yük terminalının inşasını da aparır.

Bir müddət əvvəl İran mətbuatı  Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində inşa edilən Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti növbəti ilin mart ayında istismara veriləcəyini yazıb. İranın "Mehr" xəbər agentliyinin  məlumatına görə, bu barədə İran Dəmir Yollarının prezidenti Mohsen Purseyid Ağayi məlumat verib.

"Ümid edirəm ki, Azərbaycan və İran dəmir yollarını birləşdirəcək layihə növbəti ilin martında reallaşdırılacaq. Dəmir yolu layihəsi zəruri malları İrandan Moskva və Qara dənizə çatdıracaq", - deyə o, bildirib.

M.P.Ağayini deyib ki, həm Azərbaycan, həm də İran tərəfi tikinti fazasının böyük hissəsini yerinə yetirib.

Qeyd edək ki, bu il aprelin 20-də Azərbaycanla İranın dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub, Аstara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinə başlanıb. Artıq 8,3 km uzunluğunda yeni dəmir yolu xətti hazırdır. Bu yol boyu 12 ədəd yoldəyişdirici qurğu, iki yerdə qorunan keçid quraşdırılır. Astara çayı üzərindəki tikilən körpüdə 4 dayaq, istinad divarları tikilib, körpünün üstü betonlanıb, məhəccərlər qoyulub. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların quraşdırılması prosesi gedir.

Xatırladaq ki, bu dəmir yolu Orta Asiya və Avropa ölkərinin Fars Körfəzi və Hind okeanına çıxışına, eləcə də İranın şimal bölgəsini cənub bölgəsini  birləşdirəcək.

Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımaların həyata keçirilməsi planlaşdırılır ki, bu da hər il milyonlarla ton yükün ölkələrimiz üzərindən tranzit keçidi deməkdir. İlkin mərhələdə dəhliz vasitəsilə 5 mln. ton, növbəti mərhələdə isə 10 mln. tondan artıq yükün daşınması proqnozlaşdırılır.

 

Nəhayət, bu layihənin gerçəkləşməsi Naxçıvanın nəqliyyat probleminin də həlli deməkdir.Bu dəhliz tam işə düşəndən sonra Naxçıvan dəmir yolu ilə İran vasitəsilə Azərbaycanın əsas hissəsi ilə də birləşəcək.  Ölkə başçısı Naxçıvanda görüşləri zamanı bildirib ki,”Biz bu layihəni sürətləndirmək istəyirik ki, tezliklə bu, baş versin. Ondan sonra Naxçıvanda istehsal olunan mallar artıq dünya bazarlarına rahatlıqla çıxa biləcək və insanlar üçün bu, əlbəttə ki, əlavə imkanlar yaradacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh