Bakının mərkəzi prospektində nişanları tərs qoydular – FOTOLAR

Yazarlar 14 Yanvar 2017 16:57 Oxunub 12642
Bakının mərkəzi prospektində nişanları tərs qoydular – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol nişanlarının yeri səhv düşəndə belə olur

Bakı şəhərində və ölkənin digər yerlərində yol nişanlarının tətbiqində çatışmazlıqları tez-tez görmək olar. Avtosfer.az bildirir ki, bunların əsas səbəbi müvafiq yol sahələrinin hərtərəfli təhlil edilməməsi, bəzi nişanların tətbiqinə laqeyd yanaşılması, bəlkə də nişanların alınıb quraşdırılması üçün maddi vəsaitin tapılmaması və s. ola bilər. Amma bəzən elə qüsurlara rast gəlirik ki, bunun səbəbi həmin işi həyata keçirən şəxsin qeyri-peşəkarlığı, qanunvericiliyin tələblərini, yol hərəkətinin təşkilinin incəliklərini bilməməsidir. Başqa sözlə, görürsən ki, nişan var, amma yerində deyil, yaxud bu nişan yox, başqa nişan olmalıdır və s.

Belə naşılığın aşkar nümunələrindən birini Bakının mərkəzi prospektlərindən biri olan Neftçilər prospektində müşahidə etdim. Prospektlə Bayıl qəsəbəsi tərəfdən Azneft meydanına doğru gələrkən köhnə “İnturist” kimi tanıdığımız mehmanxananın bərabərinədək ortada (“Dalğa” plazanın qarşısı) ayırıcı zolaq var. Oradan isə ayırıcı zolaq bitərək əks istiqamətli nəqliyyat axınlarını ayırmaq üçün 1.3 nişanlanması (qoşa xətt) başlayır. Qanunvericiliyin tələbinə əsasən, geniş ayırıcı zolaq olan yollarda əks istiqamətli nəqliyyat axınlarının olduğu hərəkət hissələri 5.5 “Birtərəfli yol” nişanı ilə işarələnə bilər. Belə olduqda həmin ayırıcı zolaq başa çatıb qoşa xəttə keçilən yerdə 5.6 “Birtərəfli yolun qurtaracağı” nişanı qoyulmalıdır. Bu nişandan əvvəl isə, yəni ayırıcı zolağın bitib qoşa xəttin başladığı yerə çatmamış 1.19 “İkitərəfli yol” xəbərdarlıq nişanı qoyulmalıdır. Hər kəs gözəl bilir ki, yaşayış məntəqəsində xəbərdarlıq nişanı xəbərdar etdiyi müvafiq təhlükəyə, maneəyə və ya başqa obyektə 50-100 metr qalmış quraşdırılır. Yəni haqqında danışdığımız Neftçilər prospektində ayırıcı zolağın bitdiyi yerə 50-100 metr qalmış 1.19 nişanı, bilavasitə bitmə yerində isə 5.6 nişanı qoyulmalıdır. Belə olanda sürücü 1.19 nişanını görərək anlayır ki, getdiyi birtərəfli yol bitərək, ikitərəfli hərəkət olan yol başlayacaq, 5.6 nişanını görəndə isə bilir ki, artıq birtərəfli yol bitdi və ikitərəfli hərəkət olan yol başladı. Amma yazıya əlavə olunan şəkildən görürsünüz ki, Neftçilər prospektində bunu tərsinə ediblər: əvvəl 5.6 nişanını, daha sonra isə onun barəsində xəbərdarlıq edən 1.19 nişanını qoyublar. Əminəm ki, bunu edənlər incə bir məqamı unudublar. Məsələ burasındadır ki, yolun ikitərəfli hərəkət üçün olduğunu bildirən nişan nəzərdə tutulmur, çünki normalda yolların əksəriyyəti ikitərəfli hərəkət üçündür. Birtərəfli hərəkət olan yol isə adi haldan kənaraçıxmadır. Ona görə də birtərəfli yolu bildirən nişan (5.5 nişanı) var. 1.19 nişanı isə əslində birtərəfli yolun bitməsi barədə xəbərdarlıq üçündür. Əgər gedilən yol birtərəfli olmasa, ondan sonra davam edən yolun ikitərəfli olacağını bildirən 1.19 nişanı tətbiq edilə bilməz.

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh