Tıxaca qarşı yolu betonlamaq vəziyyəti düzəldəcəkmi? - FOTO

Yazarlar 14 Yanvar 2017 17:08 Oxunub 2986
Tıxaca qarşı yolu betonlamaq vəziyyəti düzəldəcəkmi? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görüləcək tədbirlər orada gərginliyi azaltmayacaq, hətta artıracaq

Bakının Şamaxinka deyilən yerində şəhərə girişdə tıxanmanı aradan qaldırmaq üçün yolun ortası ilə beton sədlər qoyurlar. Məqsəd orada tıxanmanın qarşısını bu üsulla aradan qaldırmaqdır.

Düşünürəm ki, həmin tədbirin həyata keçirilməsindən əvvəl oradakı yol hərəkəti vəziyyəti, nəqliyyat axınlarının istiqaməti, bu istiqamətlər üzrə hərəkət şiddəti, əsas münaqişə nöqtəsi, bu münaqişənin səbəbi və bəzi digər məsələlər lazımi dərəcədə təhlil edilməyib. Ona görə də hesab edirəm ki, görüləcək tədbirlər orada gərginliyi azaltmayacaq, hətta bəlkə də artıracaq.

Məsələ burasındadır ki, orada tıxanma nöqtəsi şəhərə daxil olan istiqamətdə Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsidir. Həmin kəsişmədə həm düzünə, həm də sağa - Alatavanın içərisinə doğru dönərkən avtobus dayanacaqları var. Şəhərə şimal istiqamətindən daxil olan bütün avtobuslar, taksilər və s. orada dayanırlar. Bundan başqa, o kəsişmənin hər iki tərəfində piyada keçidləri var. Kəsişmədən təxminən 40 metr qabaqda isə geriyə dönmə yeri var. Bütün bu şərait orada piyadalar, müxtəlif istiqamətdə hərəkət edən və dayanan nəqliyyat vasitələri arasında münaqişə yaradır. Nəticədə orada çox vaxt sıxlıq olur, pik saatlarda isə tıxac yaranır.

Beton sədlər vasitəsilə Dairəvi yoldan gələnlərin Moskva prospektində 1-ci geriyə dönmə yerinə daxil olması istisna ediləcək. Dairəvi yoldan gələn nəqliyyatın istiqamətinə diqqət etsək görərik ki, onların əksəriyyəti məhz birinci geriyə dönmə yerinə daxil olaraq oradan geriyə, daha sonra sağa dönərək mikrorayonlar istiqamətində hərəkət edirlər. Onların bu imkanı qadağan edilsə, həmin nəqliyyat vasitələri də məhz 20 Yanvar küçəsi ilə kəsişməni keçərək ya ikinci geriyə dönmə yerindən istifadə etməli, ya da 20 Yanvar metrosunadək hərəkət etməlidirlər. Başqa sözlə, beton sədlər 20 Yanvar küçəsi ilə kəsişmədəki tıxanma nöqtəsini bir qədər də gərginləşdirəcək. Bundan əlavə, ikinci geriyə dönmə yerindən istifadə edən sürücülər geriyə dönüb Biləcəri istiqamətində Şamaxinkanı keçib mikrorayonlara dönərkən yenidən həmin hissədəki sıxlığı bir qədər də artıracaqlar.

Orada beton sədlərə qədərki vəziyyətə diqqət etsək görərik ki, əgər 20 Yanvar küçəsi ilə kəsişmədə tıxanma yaranıb arxası birinci geriyə dönmə yerinə çatmasa, Dairəvi yoldan gələn nəqliyyat vasitələri xüsusi çətinlik çəkmədən Sumqayıt-Bakı yolu ilə gələn nəqliyyat axınına qoşularaq Moskva prospektinə daxil olurlar, daha sonra rahatlıqla birinci geriyə dönmə yerinə keçərək hərəkətlərini davam etdirirlər. İndi isə 20 Yanvar küçəsi ilə kəsişmənin yükü artdığından həm Dairəvi yolla gələnlər, həm də Sumqayıt tərəfdən gələnlər daha ciddi tıxaca düşəcəklər.

Əgər Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsində yol sağa genişləndirilərək avtobus dayanacaqları bir qədər əsas zolaqlardan kənara çıxarılsa (“cib” yaradılsa), eləcə də həmin dayanacaqlarda avtobusların yalnız bir cərgədə dayanmasına nail olunsa, digər sürücülərin isə daha intizamlı olmaqla oradan bir-birinə mane olmadan keçməsi təmin olunsa, tıxanma olmayacaq. Ancaq hazırki durumda bunu əldə etmək asan məsələ deyil.

Hər halda bu yenidən təşkil olunmanın nəticələrini yaxın günlərdə görəcəyik.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh