Yol polisi qayda pozmayanı saxlamır – DYP əhali ilə görüşlərə başladı - VİDEO

Yol polisi 18 Yanvar 2017 18:16 Oxunub 12609
Yol polisi qayda pozmayanı saxlamır – DYP əhali ilə görüşlərə başladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Səhər tezdən hamıdan əvvəl yola çıxırıq, soyuğa, qara, yağışa, leysana baxmırıq"

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun göstərişi ilə magistral yollara yaxın ərazilərin sakinləri ilə görüşlər keçirilir. Avtosfer.az-ın məlumatına görə, görüşlərdən biri BDYPİ-nin Yol Patrul Xidməti Alayının 11-ci tağımının komandiri, mayor Hikmət Qafarov tərəfindən Cəlilabad, Lənkəran və Masallı rayonları ərazisində keçirilib.

Görüşün məqsədi barədə sakinlərə məlumat verən Hikmət Qafarov bildirib ki, maarifləndirmə işi daha da geniş aparılmalıdır: "Biz hamımız valideynik. Burada aramızda subay olanlar, məktəbli balalarımız var. Qoy bu məktəbli balalar gedib öz dost-tanışları arasında maarifləndirmə işi aparsınlar ki, yola çıxarkən ehtiyatlı olmaq lazımdır. Yağışlı havada və gecə vaxtı görmə məhdudiyyəti azalır. Qara paltar geyinirik və bu da işığı udur. Piyadavurmalar buna görə baş verir. Daha sonra maşını yüksək sürətlə, sərxoş halda və təhlükəsizlik kəmərini taxmadan idarə etmə nəticəsində də qəzalar baş verir. Qarşısına bir maneə çıxır, əyləci basır ki, avtomobili tam dayanma həddinə qədər saxlaya bilsin, ancaq o əyləci basanda təhlükəsizlik kəməri olmadığı üçün başı alın şüşəsinə dəyir və ya maşın sağdan-soldan sürətlə harasa dəyəndə sürücü kəllə-beyin travması ilə xəstəxanaya düşür, beyninə qan sızır. Adi təhlükəsizlik kəmərindən istifadə etməmək bu cür xoşagəlməz hallarla nəticələnir. O ki qaldı sürücü sərxoş ola. Sərxoş sürücülərin riski 1-ə 5 artır. Beyin qırışıqlıqları genişlənir, şüur bədəndən ayrılır, normal halda olanda fikirləşdiyini sərxoş olanda fikirləşə bilmir. Arxayın halda maşını idarə edir və risk artır, gedir hadisə törədir. Hadisənin də nəticəsi ölümdür.

Bizdə ölüm-itim harada baş verir? Yollarda. Bunun da səbəbi nəqliyyat vasitələrini səhlənkar formada idarə etməkdən irəli gəlir. Bizim təhlillə ən çox nəqliyyat hadisələri törədilən ərazilərimizdən biri də Cəlilabad rayonunun Alar kənd ərazisidir. Burada nəqliyyat hadisələri tez-tez baş verir. Səbəb isə tələsməkdir, gözləmədən baş yola çıxmadır. Bura yığışmışıq ki, camaatı, əhalimizi maarifləndirək. Maarifləndirək ki, sağlam, rahat olsunlar, təhlükəsiz formada evlərinə getsinlər. Kim istəyər ki, evində hansısa başqa bir yığıncaq olsun? Heç kim. Heç bir azərbaycanlı özü üçün qara gün istəməz.

Tağım komandiri bildirib ki, dövlət yol polisi heç vaxt pis məqsəd güdməyib. Ancaq təhlükəsizliyin təmini yolunda işlər görüb: "Bir dəfə protokol yazırsan, o insan ikinci dəfə çəkinir. Burada bayram ərəfələrində çox təsadüf etdiyim hallar var. Sürücülər gəlib bizə yaxınlaşır, rayon polis şöbələrinə müraciət edirlər, posta vətəndaşlar gəlib müraciət edirlər. Bayramda yolların qırağında təkər yandırırlar, yığışırlar yolların qırağına, maşın keçəndə daş atırlar. Maşın yoldan keçəndə niyə bu cür davranırsınız? İstər buranın yerli camaatı olsun, istər digər yerlərdən gələn qonaqlar olsun, o qonaqlar digər yerlərdə bizim haqqımızda hansı fikirlər səsləndirə bilərlər? Deyəcəklər Cəlilabaddan keçdim, məni daşa basdılar.

Bu gün Cəlilabad rayonunun mötəbər insanları, gözəl şəxsiyyətləri var. Şair, yazıçı, professorları, həkimləri respublikada adla deyilir. Cəlilabad rayonu zəhmətkeş, gözəl bir rayon kimi tanınır. Bəs bu yol nəqliyyat hadisələri bizim ərazidə niyə baş verir? Gəlin biz hamılıqla, elə birinci evimizin içərisindən başlamaqla maarifləndirmə işini hər bir tərəfdə edək. Gecə vaxtı bir də görürsən kənd təsərrüfatı texnikaları yolda hərəkət edir. Ən çox da traktorlar. Təbiidir. Bura kənd təsərrüfatı zonasıdır. Taxıl, kartof, üzüm sahələrimiz çoxdur. Müəssisənin rəhbəri, eləcə də traktor sürən fikirləşməlidir ki, mənim traktorumun qoşqusunun arxasında bir işığı yoxdur, traktorun üzərində dövlət qeydiyyat nömrə nişanı yoxdur, üzərində olan işıq sistemi nasazdır və çıxıram qaranlıq vaxtı işıqlanmayan ərzidə hərəkət edirəm. Bu, ən təhlükəli ölüm mənbəyidir. Rayon ictimaiyyətindən xahiş etmişəm ki, hamısı maarifləndirmə işi həyata keçirsinlər. Sahibkarlara desinlər ki, traktorları hava qaralanda yoldan uzaqlaşdırın. Traktor yolda, trastda hərəkət etməməlidir. O kənd təsərrüfatı texnikası olduğu üçün alternativ yollardan istifadə edərək hərəkət etməlidir. Kənd yollarından istifadə etməlidir. Ancaq təəssüf olsun ki, çıxır yola, təkərində də xeyli palçıq. Bu palçıq da arxadan gələn nəqliyyat vasitəsinin qarşısına bir maneə kimi çıxır, sürücü əyləci basır ki, saxlasın, yer palçıq olduğu üçün sürüşüb qəza törədir".

Görüşdə çıxış edən sakinlər xahiş edib ki, məktəblər olan yerdə svotofor qoyulsun ki, uşaqlar keçə bilsin: "Burada məktəbin qarşısında svetofora ehtiyacımız var. Yol ayrıcıdır, məktəblilər yolu keçərkən çətinlik çəkir". 

DYP komandiri isə diqqətə çatdırıb ki, bununla bağlı rəhbərlik qarşısında məsələ qaldıracaq.

H.Qafarovun sözlərinə görə, qayda pozuntularına qarşı mübarizə o demək deyil ki, yol polisinin vətəndaşlarla hansısa şəxsi problemi var: "Biz şəxsi münasibətlərin pozulması ilə bağlı kiməsə hansısa protokol tərtib etmirik. Onlar inzibati tənbeh növü olaraq, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənən maddələrə uyğun olaraq cərimələnirlər. Əgər bu cərimələr belə olmasaydı, deməli, ölüm faktı daha da çox olardı. Yol polisi qayda pozmayanı saxlamır, cərimə etmir. Gəlin, dövlət yol polisi əməkdaşlarının xidmətinə nəzər salaq. Səhər tezdən hamıdan əvvəl yola çıxırlar. Soyuğa, qara, yağışa, leysana baxmazlar, hamıdan tez xidmətə çıxırlar".

Komandir qeyd edib ki, ötmə-manevr qaydalarının pozulması nəticəsində baş verən yol qəzalarına daha çox rast gəlinir: "Ötmə əməliyyatını pozub əks zolağa çıxmaqla ötmə əməliyyatı edənlərlə mübarizə aparırıq. Biri çıxır qarşı yola, qarşı yoldakı ilə üz-üzə gəlir, ya onu yoldan çıxarmalıdır, ya da onunla toqquşmalıdır. Nəticə etibarilə yaralı və ölüm halları olur. Kiminsə qolunu, kiminsə ayağını kəsirlər. Bu da hamı üçün göz dağıdır. Ölüm baxmır yaşlısan, yoxsa cavan. Yaşlılar ölürsə övladlar ağlayır, nəvələr pis olur, cavan öləndə isə hamımızın ürəyi partlayır. Bu cavan niyə öldü? Adi bir qayda pozuntusundan. Qaydanı pozdu, idarəetməni itirdi, sükanı əldən çıxdı, aşdı və hadisə törətdi. Mənim bu sözləri deməkdə məqsədim odur ki, hamınız gördüyünüz, görüşdüyünüz, oturub-durduğunuz insanlarla danışmaq lazımdır ki, qayda pozuntuları olmasın".

Hikmət Qafarovun dediyinə görə, yol nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də özünə güvənməkdir: "Özünə güvənərək nəqliyyat vasitələrini idarə edirlər. Öz rayonudur, öz camaatıdır deyə gözləmədən çıxır baş yola, deyir filankəsin maşınıdır, görür gəlirəm, saxlayar, mən gedərəm. O biri də deyir ki, yol mənimdir, bu niyə çıxır baş yola? Gözləmirlər. Bir-birinə güvəndikləri üçün problemlər yaranır, hadisələr baş verir".

Sakinlərdən biri çıxışında maraqlı məqamlara toxunub: "Bəzən ağsaqqal sözü də gücsüz olur. Bəzən bizim məsləhətlərə də qulaq asmırlar. Onların sözə qulaq asmamalarının nəticəsində əziyyəti yenə də ağsaqqallar çəkir, yetim qalan balalar çəkir. Biz narahat olmalıyıq, SOS  verməliyik ki, ay bala, içib sükan arxasına oturma. Sükan arxasında da siqaret çəkmək olmaz. Telefonu tutub qulağına maşın sürür. O tərəf-bu tərəfə baxmır, bir də gördün, vurdu. Bizdə turizm obyektləri çoxdur. Orada arağı içirlər, geri qayıdanda hadisə törədirlər. Belələrinə güzəşt olmamalıdır. Biz belələrinə qarşı müharibə elan edirik. Gələcəkdə göz yaşlarını görməkdənsə bəri başdan bu faciələrin qarşısını almaq lazımdır. Siz gücünüzü elə artırın ki, icra başçısı, prokuror da sizdən heç nə xahiş edə bilməsin".

Qeyd edək ki, belə görüşlər respublikanın digər bödgələrində də keçirilir.

 

Elməddin MURADLI

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh