Cəriməni ödəməyən piyadalar ölkədən çıxa bilərmi? – Ekspertdən cavab

Yazarlar 21 Yanvar 2017 08:30 Oxunub 7059
Cəriməni ödəməyən piyadalar ölkədən çıxa bilərmi? – Ekspertdən cavab
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İndiki qanunvericilik bunu qadağan edir

Yol hərəkəti qaydalarını pozmaca görə təkcə sürücülərə yox, piyadalara, sərnişinlərə, velosipedçilərə və mal-qara ötürən şəxslərə də cərimə tətbiq olunur. Həmin cərimələrin ödənilməsi qaydası və ödənişin gecikdirildiyi halda bunun nəticələri sürücülərin düşdüyü vəziyyətdən bir qədər fərqlidir. İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsi ümumi şəkildə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq olunan cərimə tənbehinin icrası qaydasını fərqləndirir. Belə fərqlilik cərimə tənbehinin şəxsdən alınmasını təmin etməyə yönələn bir sıra özünəməxsus tədbirlərin tətbiqində ifadə olunub. Məcəllə cərimənin ödənilməsinin gecikdirildiyi təqdirdə əvvəlcə cərimə məbləğinin üzərinə dəbbə pulu (faiz) əlavə olunmasını, daha sonra qaydanı pozarkən idarə olunan nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa qoyulmasını, bundan sonra sürücünün nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasını, ən nəhayətdə isə məcburi icra tədbirləri görülməsini nəzərdə tutur. Lakin bu tədbirlərin mahiyyətinə diqqət etdikdə bunların ikisinin, yəni nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa qoyulmasının və nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasının qaydanı pozmuş piyadaya, sərnişinə, velosipedçiyə və mal-qara ötürən şəxsə tətbiq edilməsinin mümkün olmadığını görürük. Deməli, piyada, sərnişin, velosipedçi və mal-qara ötürən şəxs qismində qaydaları pozaraq cəriməyə məruz qalmış şəxs müvafiq cəriməni vaxtında ödəmədikdə onun barəsində yalnız yuxarıdakı tədbirlərdən biri tətbiq oluna bilər: cərimə məbləğinin üzərinə dəbbə pulu əlavə oluna bilər. Belə şəxslər barəsində digər iki tədbirin tətbiqi mümkün deyil. Həmin iki tədbir yalnız sürücü qismində konkret nəqliyyat vasitəsi idarə edərkən yol hərəkəti qaydalarını pozmuş şəxsə tətbiq oluna bilər.

Yol hərəkəti qaydalarını pozmuş piyada, sərnişin, velosipedçi və mal-qara ötürən şəxs tətbiq olunan cəriməni həmin cərimənin tətbiqi barədə qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində könüllü ödəməzsə, İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən, hər gün üçün 1% dəbbə pulu əlavə olunur. Dəbbə pulu 2 ay müddətində əlavə olunmaqda davam edir və ən pis halda qərarın qüvvəyə minməsindən sonra 3 ayın tamamında 60 faizə çata bilər. Deməli, cəriməni vaxtında ödəməyən piyada, sərnişin, velosipedçi və mal-qara ötürən şəxs qərarın qüvvəyə minməsindən 3 ay sonra artıq əsas cərimə ilə yanaşı, onun 60 faizi miqdarında dəbbə pulu da ödəyəcək.

Bu şəxslər cəriməni ödəməməkdə davam edərlərsə, artıq cərimə barədə qərar məcburi icraya yönəldiləcək. Məcburi icranı «İcra haqqında» Qanuna uyğun olaraq icra məmurları həyata keçirirlər. İcra məmurları həmin Qanunun 43.1-ci maddəsində nəzərdə tutulan aşağıdakı məcburi icra tədbirlərindən birinin tətbiqi ilə cərimənin ödənilməsini təmin edə bilərlər:

a) borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;

b) tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;

c) tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;

ç) icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi;

d) bu qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.

Bəzi piyada, sərnişin, velosipedçi və mal-qara ötürən şəxslər onlara tətbiq olunmuş cərimənin vaxtında ödənilməsinə biganə yanaşaraq elə düşünürlər ki, cərimə yaddan çıxacaq və müəyyən müddətdən sonra onu ödəməyəcəklər. Lakin belə deyildir. İXM-in 146.1-ci maddəsinə əsasən, cərimə tənbehinin icrası müddətlə məhdudlaşmır. Ona görə də bir neçə ildən sonra da həmin cərimə məcburi qaydada şəxsdən alınacaq.

Məlumdur ki, bəzi inzibati xətalara görə cərimə ödənilmədikdə, həmin cərimənin ictimai işlər növündə tənbehlə əvəz edilməsi nəzərdə tutulur. Lakin yol hərəkəti qaydalarını pozmaya görə tətbiq olunan cərimələrin, o cümlədən piyadaya, velosipedçiyə və mal-qara ötürən şəxsə tətbiq edilən cərimənin  ictimai işlərlə əvəz olunmasına yol verilmir.

Cəriməni ödəməyən piyadanın xaricə getmək hüququnun məhdudlaşdırılması barədə də söz-söhbətlər eşidilir. Lakin «İcra haqqında» Qanunun 84-1-ci maddəsinə əsasən, borclu şəxsin ölkədən getmək hüququ yalnız məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra edilmədikdə, özü də yalnız məhkəmənin ayrıca qərarı ilə məhdudlaşdırıla bilər. Lakin dünyanın bəzi ölkələrində belə təcrübənin olduğunu nəzərə alsaq, gələcəkdə ölkəmizdə də cəriməni vaxtında ödəməyən şəxslərin xaricə getməsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanunvericiliyin qəbulu mümkündür. Hazırda isə belə məhdudiyyət yoxdur. 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh