Yol polisi qəzaların daha iki səbəbini açıqladı – Traktor və sahibsiz heyvanlar – VİDEO

Yol polisi 24 Yanvar 2017 14:20 Oxunub 5777
Yol polisi qəzaların daha iki səbəbini açıqladı – Traktor və sahibsiz heyvanlar – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət yol polisi əməkdaşları  mal-qaranı sahibsiz buraxanları cərimə edəcək

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 5-ci tağımının komandiri, polis kapitanı Əli Quliyev xidməti ərazi üzrə yollara yaxın ərazilərin sakinləri ilə görüş keçirib. Avtosfer.az-ın məlumatına görə, görüş BDYPİ-nin rəisi, general-mayor Ramiz Zeynalovun göstərişi ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün əhali arasında maarifləndirmə işinin gücləndirilməsi tədbirləri çərçivəsində baş tutub. Görüşdə yerli icra nümayəndələri və bələdiyyə sədrləri də iştirak edib.

Oğuz rayonunun bir neçə kəndinin sakinləri ilə görüşən tağım komandiri Əli Quliyev bildirib ki, Qaraməryəm-İsmayıllı-Şəki yolunun 93-cü km-dən Şəki rayonunun girişinə qədər olan ərazidə baş verən yol qəzalarının əksəriyyəti günün qaranlıq vaxtına təsadüf edir. Bunun da əksəriyyətinə sahibsiz heyvanların yola buraxlması səbəb olur: «İnsanlar heyvanları sahibsiz buraxır, vəhşi heyvanlar da onları hürküdüb yola çıxardır və heyvanların avtomobillərlə toqquşması nəticəsində bədbəxt hadisələr baş verir. Hər birinizdən xahiş edirəm ki, mal-qara sahibləri heyvanları sahibsiz buraxmasınlar. Bəzən hadisə baş verəndən sonra mal-qara sahibi gizlənir və tapmaq olmur ki, qəzaya səbəb olan heyvan kimindir. Sahibi bilir ki, qanun qarşısında cavab verməli olacaq, deyir, bir inəkdir, 500 manat edir, amma kiminsə avtomobilinə 5-10 min ziyan vurub, bunu necə ödəyəcək».

Komandir daha sonra bildirib ki, ötən il Zaqatala, Balakən Oğuz, Şəki və Qax rayonları ərazisində baş verən bir neçə yol qəzasına mal-qaranın yola çıxması səbəb olub: «Mal-qaranı yoldan keçirərkən sürünün qarşısında və arxasında əlində fənər olan iki nəfər getməlidir, naxırçıların əynində işıqqaytarıcı elementlər olmalıdır ki, hadisə baş verməsin. Sahibsiz heyvanların yola çıxdığını gördükdə bu barədə bizim əməkdaşlara məlumat verin ki, biz də sahibini tapaq, cəriməsini yazaq və bir daha belə hadisələr baş verməsin».

Əli Quliyev onu da bildirib ki, bu ərazilərdə piyadavurma halları da çoxluq təşkil edir. Ötən il bu ərazidə 23 nəfər həlak olub. 2015-ci ildə isə bu rəqəm 11 olub: «Biz çalışıb bu hadisələrin qarşısını almalıyıq ki, vətəndaşlarımız həlak olmasın, yol-nəqliyyat hadisələrinin sayı çoxalmasın. Bu sahədə vətəndaşların da bizə çox böyük köməyi dəyə bilər. Azyaşlı uşaqları məktəbə aparan valideynlər onlara keçiddən keçməyi öyrətməlidir. Fiziki qüsurlu insanlar yola çıxır, hadisə baş verir. Belə insanları hər birimiz qorumalıyıq, nəzarət etməliyik. Bundan əlavə, valideynlər övladlarına velosiped alır, amma uşaq velosiped sürməyin qaydalarını bilmir. Velosiped sürənlər də avtomobil sürücüləri kimi yolun sağı ilə getməməlidir. Onlar yolun solu ilə və nəqliyyat axınına qarşı hərəkət etməlidir ki, qarşıdan gələn avtomobilləri görsün».

Tağım komandiri onu da diqqətə çatdırıb ki, kənd təsərrüfatı texnikalarının günün qaranlıq vaxtında magistral yollara çıxması da yol qəzalarına səbəb olur. Kənd sakinlərini bu məsələlərə diqqət yetirməyə çağıran Ə.Quliyyev deyib ki, bu cür texnikaların ümumi istifadədə olan yollarda hərəkəti yalnız sutkanın işıqlı vaxtında mümkün ola bilər: «Günün qaranlıq vaxtı yolda hansısa kənd təsərrüfatı texnikası rastımıza çıxsa cərimə meydançasına aparılacaq və sürücülər barəsində inzibati tədbirlər görüləcək. Belə texnikaları magistral yollarda yox, alternativ yollarda istifadə etmək olar. Biz çalışırıq ki, yol hərəkətinin təşkilini yüksək səviyyədə quraq, yol qəzalarının qarşısını alaq».

Şəxsi avtomobili ilə sərnişindaşıma ilə məşğul olan sürücülərə xəbərdarlıq edən Əli Quliyev bildirib ki, belə sürücülərin Kürdəmir yolundan istifadə etməsi tövsiyyə olunur. Bundan əlavə, onlar bir gündə Bakıya iki dəfə gedib qayıtdıqda sükan arxasında yorğun olur və yuxulayır. Bu da yol qəzalarına səbəb olur.

Sonda tabım komandiri vətəndaşları diqqətli olmağa və qaydalara əməl etməyə çağırıb, onları təbliğat işində yol polisinə dəstək verməyə çağırıb.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh