Yol polisi əhalidən kömək istədi – «Bizə dəstək olun» - VİDEO

Yol polisi 28 Yanvar 2017 02:00 Oxunub 9672
Yol polisi əhalidən kömək istədi – «Bizə dəstək olun» - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Qəzaların sayının artması DİN və DYP rəhbərliyini çox narahat edir» 

DİN Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının bölgələrdə əhali ilə görüşləri davam edir. Növbəti görüşlər 2-ci tağımın ərazisində Xaçmaz, Quba və Qusar rayonlarında baş tutub. Avtosfer.az-ın məlumatına görə, rayonun bir neçə kəndinin sakinləri ilə keçirilən görüşlərdə iştirak edən BDYPİ-nin Yol-Patrul Xidməti Alayının şəxsi heyətlə iş üzrə komandir köməkçisi, polkovnik-leytenant Əli Ağəliyev bildirib ki, dünyanın hər yerində insanlar vətəndaşlıq mövqeyi göstərir, polisə dəstək olur, qayda pozan sürücülər barədə polisi dərhal məlumatlandırır. Bütün bunları nəzərə alaraq Ə.Ağəliyev tağım komandirlərinin mobil telefon nömrələrini yerli sakinlərə verib və hər hansı qayda pozuntusu aşkar etdikdə, habelə, təkliflərlə bağlı zəng etməyin mümkün olduğunu deyib.

DYP zabiti bildirib ki, yol qəzalarının qarşısının alınmsı üçün hər birimizin üzərinə məsuliyyət düşür. İlk növbədə isə hər kəs piyada, sürücü və ya sərnişin qismində məsuliyyətli olmalı, qaydalara əməl etməlidir: "Mənə sual verirlər ki, yol polisi maşını niyə ağacların arxasında gizlənir? Soruşuram ki, onun orada dayanması sənə mane olurmu? Deyir, yox. Deyirəm, bəs onda niyə narahatsan? Qaydaları pozmasan, yol polisinin və yaxud da, radarın səninlə nə işi var?".

Daxili İşlər Nazirliyi və DYP rəhbərliyinin son vaxtlar baş verən yol qəzalarından narahat olduğunu deyən polkovnik-leytenant bildirib ki, artıq bir sıra addımların atılmasının zamanı çatıb. Belə ki, yol polisi bundan sonra regionlarda da yolu düzgün keçməyən piyadaları cərimə edəcək: "Bunu onun sağlamlığı üçün edəcəyik. Qayda pozma, cərimə ilə də maraqlanma. Bir-birimizdə təqsir axtarmayaq, bir-birimizə kömək edək".

Əli Ağəliyev bildirib ki, ölkədə baş verən yol-nəqliyyat hadisələri Baş Dövlət Yol Polisi İdarəsində idarə rəisi, general-mayor Ramiz Zeynalovun yanında təhlil olunur və hadisələrin başvermə səbəbi, şəraiti müəyyən edilir. Ötən ilin təhlilləri göstərir ki, respublika ərazisində piyadavurma hadisələrinin sayı artıb: «Belə qəzalar əvvəllər şəhərlərdə baş verirdisə, indi respublika əhəmiyyətli yolların yaşayış məntəqələrinin ərazisindən keçən hissələrində də qeydə alınır. Hətta bəzi ərazilərdə piyadavurma hadisələri ümumi hadisələrin 60 faizini təşkil edir. Ona görə də, generalın göstərişi ilə respublika əhəmiyyətli yolların keçdiyi yaşayış məntəqələrinin bələdiyyə sədrləri, icra nümayəndələri, məktəb direktorları, kənd fəalları və sürücülərlə mütəmadi görüşlər keçirilir».

Belə tədbirlərin respublikanın bütün bölgələrində keçirildiyini deyən DYP rəsmisi bildirib ki, görüşlərdə hərəkət iştirakçılarının, xüsusən də piyadaların «Yol hərəkəti haqqında» qanunun tələblərinə ciddi riayət etmələri tövsiyyə olunur və tapşırıqlar verilir: «Özümüzə borc bilirik ki, əhalini maarifləndirək, profilaktiki tədbirlər keçirək. İnsanlarımızın bizim çağırışlarımıza səs verib qoşulmasını istəyirik ki, təhlükəsizliyə nail olaq. Düşünürük ki, bu görüşlər müsbət nəticələr verəcək. Hər bir hərəkət iştirakçısının təhlükəsizliyi üçün bu cür görüşlər əhəmiyyətlidir və davam etdiriləcək».

DYP zabiti əlavə edib ki, qəzaların sayının artması yollarımız üçün xarakterik hal deyil. Bu vəziyyət Daxili İşlər Nazirliyinin və Dövlət Yol Polisi İdarəsinin rəhbərliyini çox narahat edir. 

Görüşdə çıxış edən sakinlər piyada keçidləri, radar və digər məsələlərlə bağlı müxtəlif təkliflər səsləndirib, DYP əməkdaşlarının xidmətini yüksək qiymətləndiriblər.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh