Avstriya şirkəti PUA-ları kənd təsərrüfatında tətbiq etməyə hazırlaşır

Texnologiya 29 Yanvar 2017 17:30 Oxunub 1754
Avstriya şirkəti PUA-ları kənd təsərrüfatında tətbiq etməyə hazırlaşır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat qovşaqları və böyük infrastruktur sistemlərinə nəzarət də daxil ediləcək

Avstriyanın pilotsuz uçuş sistemlərinin istehsalı üzrə ixtisaslaşmış “Schiebel” şirkəti öz uçuş aparatlarını (PUA) yaxın gələcəkdə kənd təsərrüfatında tətbiq etmək niyyətindədir. Avtosfer.az azertac-a istinadən xəbər verir ki, havadan nəzarət və müşahidə sistemlərinin Avropada əsas istehsalçılarından olan şirkətin yaydığı məlumata görə, geniş potensiala malik bu sistemlər vasitəsilə kənd təsərrüfatında suvarma, meşə təsərrüfatına nəzarət, zərərvericilərə qarşı mübarizə və digər məqsədlər üçün istifadə edilə bilər.

Viner Noyştadt şəhərində yerləşən şirkət hazırda müvafiq sensor və kameralarla təchiz olunmuş PUA-ların bu məqsəd üçün testini həyata keçirir.

Şirkətin baş direktoru Hannes Hexer Avstriyanın ORF televiziyasına verdiyi müsahibədə bildirib ki, zərərvericilərin yayılma arealının havadan müəyyən edilməsi sayəsində fermerlərə sərf etdiyi vəsaitə qənaət edilməsi ilə yanaşı, torpaq sahələrinin lazımsız yerə kimyəvi maddələrin təsirinə məruz qalmasının da qarşısı alınacaqdır.

Hazırda Aralıq dənizi hövzəsində bu şirkətin “Camcopter S-100” markalı PUA-ları qaçqınlar olan gəmilərin vaxtında aşkarlanması üçün sərhəd xidmətlərini dəstəkləyir. Şirkətin məlumatına görə, indiyədək bu PUA-lar sayəsində 30 min qaçqın vaxtında aşkar edilib və onları xilas etmək mümkün olub. Eyni zamanda, ATƏT-in Şərqi Ukraynadakı missiyası da atəşkəs rejiminə riayət olunmasına nəzarət üçün “Schiebel” PUA-larından yararlanır.

 

Şirkətin sahibi Hans Şibelin sözlərinə görə, hərbi məqsədlər və sərhəd nəzarəti ilə yanaşı, gələcəkdə PUA-lardan getdikcə daha çox dinc məqsədlər üçün istifadə olunacaq. Buraya kənd və meşə təsərrüfatı ilə yanaşı, nəqliyyat qovşaqları və böyük infrastruktur sistemlərinə nəzarət də daxil ediləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh