Avtobus sürücülərindən özbaşınalıq – Qar yağan kimi yoxa çıxırlar

Qaydalar 2 Fevral 2017 17:15 Oxunub 2675
Avtobus sürücülərindən özbaşınalıq – Qar yağan kimi yoxa çıxırlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı Nəqliyyat Ageneliyi belə şirkətlərə qarşı cəza tədbiri görəcək

Son günlər Bakıda qarlı-şaxtalı hava ictimai nəqliyyatda da bəzi problemləri ortaya çıxarıb. Sərnihinlərin Avtosfer.az-a etdiyi müraciətlərdən məlum olur ki, bəzi sərnişindaşıma şirkətlərinə məxsus avtobuslar qar yağan kimi xətdən kənarlaşır. Yollarda hərəkət mümkün olduğu halda belə avtobusların sayı azalır və hətta günün sonlarında, saat 18-19 radələrindən sonra ümumiyyətlə Bakı küçələrində bəzi marşrutlar üzrə avtobuslar qeybə çəkilir. Bu cür özbaşınalıqlar edən daşıyıcı şirkətlərin rəhbərləri unudur ki, onlar sərnişindaşıma xidməti ilə məşğuldurlar və insanlar qarşısında sosial məsuliyyət daşıyırlar. Şəxsi maşın istifadəçisi deyillər ki, istədikləri vaxt maşını yoldan çıxarıb qaraja qoysunlar. 

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, həqiqətən də qarlı hava şəraitində avtobusların xətdən kənarlaşması halları baş verib və bununla bağlı Agentliyə müraciətlər edilib: "Bundan əlavə, həmin günlərdə GPS məlumatları əsasında müəyyən edilib ki, "BakuBus" istisna olmaqla digər daşıyıcıların əksəriyyəti heç bir əsas olmadan avtobuslarını xəttdən çıxarıb ya da süni şəkildə intervala əməl edilməyib. Nəticədə axşam saatlarında sərnişinlərimiz yollarda qalıb. BNA dövlət nəzarətini həyata keçirən qurum olaraq hər zaman bu cür hallara yol verən daşıyıcılara qarşı tədbirlər görüb və görməkdədir. Bizim apardığımız müşahidələr onu göstərir ki, yalnız dünən səhər saatlarında küçə və prospektlərdə yolun hərəkət hissəsi buzlaşdığından nəqliyyat vasitələrinin hərəkətində sıxlıq, eyni zamanda sərnişin avtobuslarındakı intervalda gecikmələr olub".

BNA diqqətə çatdırır ki, marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən fiziki və hüquqi şəxslər sosial məsuliyyətlərini unutmamalıdır: "Bu gün ölkədə sahibkarlığın inkişafı biznes və sağlam rəqabət mühitinin daha münbitləşməsi üçün dövlət tərəfindən mühüm tədbirlər görülür. Buna uyğun olaraq BNA-da sərnişindaşıma sektorunda fəaliyyət göstərən daşıyıcılara qarşı liberal mövqe sərgiləyir. Lakin sahibkar da yalnız biznes maraqlarını güdüb cəmiyyət qarşısında sosial məsuliyyətini unutmamalıdır. Təkcə "BakuBus" istisna olmaqla bir çox digər daşıyıcıların bu məsuliyyəti unudaraq işlərinə məsuliyyətsiz yanaşması marşrut xəttlətinin dövlət müəsissəsi tərəfindən idarə edilməsinin daha effektiv olduğunu göstərir".

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh