Azərbaycanda yol polisi ana və körpə qızı donmaqdan xilas etdi

Bakının Qaradağ rayonunda yaşayan Xansənəm Abbas qızı Əliyeva Avtosfer.az-a yol polisi əməkdaşının hərəkətləri ilə bağlı müraciət ünvanlayıb. Amma vətəndaş bu dəfə yol polisindən şikayət etmir, əksinə, onun etdiyi insanpərvər hərəkəti cəmiyyətə çatdırmaq istəyir.
Xansənəm Əliyeva Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsindəki kafedə ofisant işləyir. O bildirib ki, fevralın 1-də qarlı-şaxtalı havada işlədiyi kafenin yaxınlığında bir qadın və azyaşlı qız uşağı görüb. Onlar bir müddət qarlı havada yol kənarında qalıblar və bir neçə dəfə avtobus saxlatdırsalar ki, minib gedə bilməyiblər: «Uşağın vəziyyəti daha ağır idi. Üzünün rəngi qaçmışdı. Bir qədər sonra yol polisi işçisi Rəşad gəldi, həmin qadınla nəsə danışandan sonra onları kafeyə gətirdi. Qadın da, uşaq da soyuqdan donmuşdular, danışa bilmirdilər. Bir qədər sonra isinib özlərinə gəldilər. Rəşad onlara yemək aldı, sonra da pul verdi ki, taksiyə minib evə getsinlər. Qadının adı Vüsalə, uşağın adı isə Zəhra idi. Onun 3 yaşı vardı. Qadın dedi ki, Ağdaş rayonundanıq».
Avtosfer.az-ın apardığı araşdırma zamanı məlum olub ki, Rəşad adlı həmin yol polisi əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 6-cı tağımının (Qaradağ postu) əməkdaşı, baş serjant Ağayev Rəşad Bahadur oğludur. O, əməkdaşımızla söhbətində belə bir hadisənin baş verdiyini təsdiq edərək bildirdi ki, qarlı havada gecə səhərə qədər iş başında olub. Səhər evə gedərkən yolda qadınla uşağı görüb və maşını saxlayıb: «Bakı-Qazax yolunun 15-ci km-də yerləşən müvəqqəti duracağın yanında dayanmışdılar. Onlara yaxınlaşanda dəhşətə gəldim. Vəziyyəti tam izah etməkdə çətinlik çəkirəm. Amma uşaq rəsmən donmuşdu. Qadından burada niyə dayandıqlarını soruşdum. Dedi ki, yardım almaq üçün Sosial Müdafiə Fonduna gəlibmiş. Buta qəsəbəsində yaşayırlar. Amma pul ala bilmədikləri üçün yolda qalıblar. Ağdaşa getəmilidirlər. Pulları olmadığı üçün avtobus sürücüləri onları aparmaqdan imtina edib. Buna görə də, yolda qalıblar. Ac-susuz saatlarla orada gözləyiblər. Mən də imkan dairəsində onlara kömək edib yola saldım. Yaxınlıqdakı kafeyə apardım, isindilər, yemək yedilər, sonra da pul verdim ki, rayona gedə bilsinlər.
Onlara kömək etdiyim üçün çox rahat oldum. Mən həm polis əməkdaşı, həm də vətəndaş kimi bunu etməkdən şərəf duyuram. Hər bir azərbaycanlı çətin anda bir-birinə əl tutmalıdır, kömək etməlidir. O uşağın vəziyyəti hələ də yadımdan çıxmır. İnşallah, hər ikisi sağ-salamat evlərinə çatıblar».
Elmin
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO
Bakıdakı qəzaların 63 faizdən çoxu piyadavurma hallarıdır – RƏSMİ - VİDEO
Rövşən Tağıyev sürücülərə xəbərdarlıq etdi: Sükan arxasında telefon qəzaya səbəb olur
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət - Qaydalara ciddi əməl edin!
DYP əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Avtoqəzalarda ölənlərin üçdə biri KƏMƏR BAĞLAMAYANLARDIR - DYP-dən XƏBƏRDARLIQ
Saatlıda narkotik çəkib sükan arxasına keçən sürücülər SAXLANILDI - FOTO
Daxili işlər naziri Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü - FOTOLAR
Motosiklet sürücülərinin törətdiyi qəzaların görüntüləri – ANBAAN VİDEO
Yol polisi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi - FOTO










