Babək prospektində yol şişib; qəza təhlükəsi var– VİDEO

Avtoxəbər 14 Oktyabr 2014 02:58 Oxunub 2126
Babək prospektində yol şişib; qəza təhlükəsi var– VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP və «Azəryolservis» məhşur prospektin ən çox qəza baş verən nöqtəsini «görmür»

Bəzən yol qəzalarında təkcə sürücünü günahlandırmaq doğru olmazdı. Yolun şəraiti də qəzaların baş verməsində mühim rol oynayır. Məsələn, gecələr qəzaların baş verməsinə, xüsusən də, piyadavurmaların əksəriyyətinə yolların lazımı qaydada işıqlandırılmaması təsir edir. Bakının ən intensiv prospektlərindən biri olan Babək prospektində isə qəzaların baş verməsinin əsas səbəbi yolun bərbad halda olmasıdır. «Azəryolservis» ASC dəfələrlə açıqlama verib ki, Babək prospekti yaxın vaxtlarda təmir olunacaq. Amma «yaxın vaxt» söhbətinin üstündən 3-4 ay vaxt keçsə də, Babəkdə Babəklik qalmayıb.

Avtosfer.az-ın toxunduğu məsələ Babək prospektində ən çox qəza baş verən nöqtə ilə bağlıdır. «KİA» avtosalonu ilə «Dəniz» mebel mağazasının arasını əhatə edən yolayrıcında tez-tez qəza baş verir. Səbəb gözqabağandıdır. Videoya diqqət etdikdə məlum olur ki, yolayrıcına çatmamış yolun hərəkət hissəsində geniş şiş əmələ gəlib ki, bu da yol hərəkətində ciddi təhlükədir. Elə məhz bu şişin ucbatından sürücülər çala-çökəyə düşməmək üçün sükanı sağa-sola qaçırmaq istəyəndə qəza baş verir. Diqqət edin! Yol səthindən təxminən 10-15 sm hündür olan bu şiş 5-6 kv. metr ərazini əhatə edir. Özü də bu şiş o yerdə əmələ gəlib ki, yolun sol zolağıdır və maaşınlar bu zolaqda daha sürətlə hərəkət edirlər. Orta səviyyəli sürücü 60 km/saat sürətlə həmin şiş olan yerə daxil olsa, ya maşının altı dağılacaq, ya da sürücü idarəetməni itirib maşını harasa vuracaq. Bu da təbiidir. Çünki belə şəraitdə qəzadan yalnız gündüz vaxtı yayınmaq olar. Gecə, bunu görmək olmur.

Çala-çökək və şiş yaranmış əraziyə diqqətlə baxdıqda məlum olur ki, artıq bir neçə maşının altı bu şiş nöqtəyə möhkəm dəyib. Onların izi şiş nöqtələrdə açıq-aydın görünür. Elə bu videonun axırındakı iki avtomobilin də qəzadan və maşının altını həmin şişlərə vurmaqdan güclə yayındıqları aydın görünür…

… Bura o qədər də ucqar nöqtə deyil. Bakının intensiv küçələrindən biridir. Buradan hər gün «Azəryolservis» ASC-nin də, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da o yan-bu yana keçib gedirlər. Bu problemi görüb aradan qaldırmaq üçün yəqin onlardan birinin maşını həmin çala-çökəyə düşməlidir ki, başı maşının damına dəysin, gözləri açılsın və bununla da təhlükə aradan qaldırılsın.

Yeri gəlmişkən, bu şiş və çala-çökək problemi aylardır burada mövcuddur. İndi yəqin ki, Dövlət Yol Polisinə sual versək, cavab verəcəklər ki, yol çəkmək DYP-nin işi deyil. Amma «Yol patrul xidməti haqqında» Təlimatda açıq-aydın yazılıb ki, hər bir DYP inspektoru xidmət apardığı ərazinin yol infrastrukturunda aşkar etdiyi problem barədə rəhbərliyə məlumat verməlidir. DYP rəhbərliyi də bu məsələni Nəqliyyat Nazirliyinin diqqətinə çatdırmalıdır ki, problem aradan qaldırılsın. Və yəqin ki, Babək prospektində DYP əməkdaşları xidmət aparırlar. Ən azından orada çoxlu şadlıq evləri var. Gecə saat 10-dan sonra sərxoş sürücülər daha çox elə Babək prospektində «ovlanır».

Nəqliyyat Nazirliyinin tabeliyində olan «Azəryolvervis»ə sual versək ki, problemi niyə aradan qaldırmısınız? Yəqin, onların da cavabı bu olacaq ki, yaxın vaxtlarda Babək prospekti tam təmir olunacaq, ona görə xırda-para işlərə əl bulamağın yeri yoxdur. Əgər elədirsə, ondan zəhmət çəkib həmin əraziyə qəza şəraiti və ya təmir işi aparıldığını bildirən müvəqqəti yol nişanları quraşdırın və sürücülər də təhlükəyə yaxınlaşmadan istiqaməti dəyişib birinci yox, ikinci zolaqla getsinlər. Yoxsa, gəlib təhlükənin yanında tormoz verəndə, istiqaməti qəfil dəyişəndə ağır qəzalar baş verir, insanlar ölür, yaralanır, ömürlük şikəst olur, maddi-mənəvi zərərə düşür.

Hörmətli «Azəryolservis» ASC-nin və Dövlət Yol Polisinin səlahiyyətli şəxsləri! Siz doğrudanmı bu problemi görmürsünüz? Siz görməsəniz belə, axı elə həmin nöqtədə «Təhlükəsiz şəhər» kameraları gecə-gündüz işləyir. Onlar da görmür? Məhz həmin nöqtədə hər həftə qəza baş verir. Doğrudanmı, heç vaxt oturub düşünmürsünüz ki, gəlin gedək o əraziyə baxaq görək orada niyə bu qədər çox qəza verir? Axı, normalda eyni nöqtədə tez-tez qəza verdiyi halda mütəxəssislər gəlib araşdırma aparmalı, problemin kökünü tapıb həll etməlidir. Siz mütəxəssis deyilsiniz, yoxsa belə yerlərə gələ bilmirsiniz? Gələ bilmirsinizsə, biz sizə problemi göstərdik, onun yerini də, həlli yolunu da dedik. Başqaları o çala-çökəyə görə əziyyət çəkməmiş gəlin, bunu həll edək.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh