Velosiped qəzaları artır - Velosipedçilər qaydaları bilirmi?

Yazarlar 5 Fevral 2017 01:36 Oxunub 4119
Velosiped qəzaları artır - Velosipedçilər qaydaları bilirmi?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: "Amma qaydalara əməl edən yoxdur”

Son zamanlar ölkəmizdə velosipeddən istifadə edənlərin sayı artıb. Sağlamlıq üçün əhəmiyyətli hesab edilən bu nəqliyyat növündən istifadə nə qədər sadə görünsə də, bir o qədər ciddi qaydalara əməl etməyi tələb edir. Çünki paytaxtımızda demək olar ki, velosipedlər üçün xüsusi zolaqlar yoxdur. Buna görə də velosipeddən istifadə bəzən qaydaların pozulması və qəzalarla nəticələnir. Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də ötən il velosiped qəzaları ilə bağlı 24 yol hadisəsinin qeyd olunduğunu, nəticədə 7 nəfərin öldüyünü, 19 nəfərin xəsarət aldığını bildirib.

Şöbə rəisi deyib ki, velosiped sürənlər bəzən təhlükəsizlik qaydalarına əməl etmir, dəbilqə taxmır, yolun əks istiqamətində hərəkət edir, işıqlandırıcı vasitələrdən istifadə etmirlər: "Yol hərəkəti haqqında” qanunun 38-ci maddəsində deyilir ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir. Velosiped sürən şəxs texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə etməli, velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır.

Avtosfer.az saytının baş redaktoru, yol hərəkəti üzrə ekspert Elməddin Muradlı dünyanın əksər ölkələrində, xüsusilə də Avropada velosipedin avtomobili üstələdiyini deyib. Hətta, Çin kimi güclü iqtisadiyyatı olan ölkədə avtomobildən çox velosipeddən istifadə olunur və artıq bu mədəniyyət Azərbaycanda da formalaşır.

Baş redaktorun sözlərinə görə, ölkəmizdə velosipeddən istifadə edənlərin sayı artsa da, nə sürücülər, nə də velosipedçilər qaydalara əməl edir: "Yol infrastrukturu qurularkən velosiped üçün hərəkət zolağını nəzərə almaq lazım idi. Azərbaycanda demək olar ki, yolların əksəriyyəti son 10 ildə müasir formada təmir olunmağa başlayıb. Formaya salınarkən təəssüflər olsun ki, velosiped zolaqlarını nəzərə almayıblar. Amma həmişə rəsmi qurumlar, Dövlət Yol Polisi sürücülərə velosipeddən istifadə etməyi məsləhət görür. Çünki bu həm sağlamlıq, həm də ekologiyaya ziyansız olduğu üçün çox əhəmiyyətlidir. Amma buna bir hobbi kimi baxanlar da var. Təəssüf ki, Bakı şəhərində velosiped üçün bir dənə də olsun xüsusi yollar yoxdur. Gəncə və Sumqayıt şəhərində bu çoxdan var. Gəlin sorğu keçirək ki, sürüclərimizin anlayışı varmı ki, o zolaq nə üçündür? Görün sürücülər velosipedçiləri o zolaqdan necə didərgin salır. Ümumiyyətlə, sürücülərin çoxu bilmir ki, həmin zolağa daxil olmaq olar, ya yox. Bunun üçün müvafiq nişan qoyulmalı, asfalt üzərində velosiped rəsmi çəkilməlidir”.

Ekspert həmçinin bildirib ki, velosipedi idarə edənlər qanunvericilikdəki vəzifələrini və üstünlüklərini bilmirlər. Buna görə də həm özlərinin, həm də başqalarının həyatı üçün təhlükə yaradırlar. Onun sözlərinə görə, valideynlər azyaşlı uşaqlarına velosiped almaqla və onlara qaydaları öyrətməməklə ciddi şəkildə məsuliyyətsizlik göstərirlər: "Bizim qanunvericilikdə velosipedçi piyada kimi yolu əks tərəfə keçərkən mütləq yerə düşməli, velosipedi əli ilə tutub sürə-sürə keçməlidir. Amma bizim velosipedçilərimiz maşınların arası ilə gedirlər. Yaxud da hardasa sərt yoxuşu qalxan maşın olanda velosipedçi maşının hansısa hissəsindən yapışır ki, maşın bunu aparsın. Lakin dərk etmir ki, maşın bir balaca yerindən oynasa, sərt döngədə qəfil tormozlanma eləsə, o, maşının altında qalıb öləcək. Yəni, məsuliyyətsizlik baş alıb gedir. Valideyn uşağa velosiped alıb verir, amma demir ki, "maşın gələndə gözlə”. Uşaq velosipedə minir, özünü Avropa ölkəsində hiss edir və elə bilir ki, bütün sürücülər mədənidir. "Yol hərəkəti haqqında” qanuna görə, 14 yaşdan aşağı uşaqlar velosipedi yolda sürə bilməzlər. Amma qaydalara əməl edən yoxdur”.

Velosipedlər üçün şərait və zolaq yaratmağın tamam başqa məsələ olduğunu deyən E.Muradlı insanın daxili mədəniyyət və məsuliyyətinin önə çıxdığını vurğulayıb. Ekspert yol qaydalarının orta məktəblərdə dərs kimi təbliğ edilməsini də diqqətə çatdırıb: "Qəzaları araşdırsaq görərik ki, günah ancaq velosipedçilərdədir. Velosipedçi də sürücü kimi yol ayrıcına çıxırsa, üstünlüyün kimdə olduğunu bilməlidir. Uşaqlar məktəbə gedəndə 10 kiloluq çanta daşıyırlar və içərisində "həyat bilgisi” deyilən dərslikdə bu məsələ az təbliğ olunur. Həyatımızın mühüm hissəsini təşkil edən yol hərəkəti qaydaları ayrıca dərs kimi tədris olunmalıdır. Yol hərəkəti qaydaları əmək təlimi, rəsmxətt, musiqi kimi dərslərdən heç də geri qalmamalıdır. Müəllim əmək dərsində, çəkiclə mismarı necə vurmağı öyrədir. Amma bu fənn insanı yolda xilas eləmir. Müqayisə edin, görək hansı daha vacibdir. Bunu illərdir ki, mütəxəssislər deyir”.

 

sherg.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh