Millət vəkili «Binə» və «Sədərək»də sürücülərdən yığılan pullardan danışdı - "İstəsəniz çek verərlər"

Yazarlar 6 Fevral 2017 11:46 Oxunub 3577
Millət vəkili «Binə» və «Sədərək»də sürücülərdən yığılan pullardan danışdı - "İstəsəniz çek verərlər"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vüsal Hüseynov: «Qanun qüvvəyə mindikdən sonra parklanma yerləri işarələnəcək»

Məlum olduğu kimi, «Yol hərəkəti haqqında» qanuna dəyişiklik edilib və bu dəyişikliklərdə avtomobillərin parklanması ilə bağlı bir çox yeniliklər əksini tapır. Xüsusən, parklanma yerinin dəqiq müəyyən edilməsi, yol nişanları ilə təmin olunması, parklanma zamanı ödəniş etməyən, ödənişdən artıq qalan sürücülərə qarşı elektron protokolların tətbiqi və başqa məsələlər bizim cəmiyyət üçün tam yenilikdir. Həmçinin, bu qanun keçən il parlamentdə qəbul edilərkən qeyd olundu ki, avtomobillərin parkinqdə 15 dəqiqə dayanması pulsuzdur. Eyni zamanda, hava limanlarında, dəmiryol vağzallarında parklanmanın təşkili də sual altındadır. İnsanlar maşını hava limanında park edib bir neçə günlük xaricə gedir. Qanun isə deyir ki, 24 saatdan artıq park edilən avtomobilin sürücüsü cərimə olunacaq, maşın isə cərimə meydançasına aparılacaq. Bu və digər məsələlərlə bağlı Avtosfer.az-ın suallarını cavablandıran millət vəkili Vüsal Hüseynovla müsahibəni təqdim edirik:

- Vüsal müəllim, parkomartlarda 15 dəqiqə pulsuz dayanma məsələsi ilə bağlı fikirlərinizi öyrənmək istəyirik. Yeraltı dayanacaqlarda giriş mexanizmi elə qurulub ki, mütləq çek götürməlisən. Çünki çıxanda ödəniş etməmiş şlaqbaun qalxmır ki, sürücü oradan çıxsın. Əgər sürücü 15 dəqiqədən tez oradan çıxırsa, ödəniş necə geri qaytarılacaq?

- Bu qanun qüvvəyə mindikdən sonra parklanma yerləri müvafiq işarələrlə işarələnəcək və qanunun təsir dairəsi birbaşa parklanma haqqında qanunun təsirinə düşən yerlərdə olacaq. Yəni harada işarə qoyulur və fərqlənirsə həmin yerlərdə artıq bu qanunda nəzərdə tutulmuş müddəalar qüvvədə olacaq. Orada müəyyən olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu parklanma yerləri müəyyən ediləcək. Əgər müvafiq icra hakimiyyəti orqanı sizin dediyiniz parklanma yerlərini müəyyən etsə ki, parklanma yeridir, artıq o onun təsirinə düşəcək. Çünki orada xüsusi mülkiyyətdir. Burada bir məsələ var, onu qarışdırmaq olmaz. Xüsusi mülkiyyətdə olan obyektlərin parklanma yerində qaydalar başqa olur. Burada söhbət dövlət, bələdiyyə, yəni, ictimai küçələrdə gördüyümüz yollardan, bu hissələrdə parklanmadan söhbət gedir.

- Spiker Oqtay Əsədov ticarət mərkəzlərinin parkinqləriindəki qiymətlərin araşdırılması ilə bağlı göstəriş vermişdi. Qanun onlara hansı formada şamil ediləcək?

- Onlar hər bir halda oradan gəlir əldə edirlərsə, vergi verirlər. Ticarət obyektləri xüsusi mülkiyyətdə olan ərazilərdir. Onlar giriş üçün aldığı gəlirin müqabilində vergi verir. Amma qanun qüvvəyə mindikdən sonra həmin müvafiq icra hakimiyyəti müəyyən etsə ki, ora parklanma yeridir, parklanma kimi istifadə olunmalıdır. Mən "Sədərək", "Binə" ticarət mərkəzlərinin statusunu bilmirəm. Həmin o ərazidə hansı mülkiyyətdir, bələdiyyə mülkiyyətidir, yoxsa dövlət? Bu baxımdan, ona uyğun tədbir görüləcək.

- Onunla bağlı hansısa təsir mexanizmi düşünürsünüzmü?

- Mən bildiyim qədərilə xüsusi mülkiyyətdə olduğu üçün ora giriş onların müəyyən etdiyi qaydalara əsasən tətbiq edilir. Və oradan gələn gəlirdən də xüsusi mülkiyyət sahibləri vergi ödəyir.

- Amma orada heç bir qəbz verilmir. Sadəcə, girirsən, çıxanda da pəncərədən kimsə əlini uzadır, 50 qəpik verirsən. "Sədərək" və "Binə"də belədir.

- Siz istəsəniz, çek verə bilərlər, tələb edib ala bilərsiniz. 

- Parklanma qaydaları ilə bağlı qanunun hansı hissəsi bu ilin iyulunda, hansı hissəsi gələn ilin yanvarında qüvvəyə minir?

- Bu qanun ümumi olaraq 2017-ci ilin iyul ayında qüvvəyə minəcək. 2018-ci ilin yanvarında isə bir məqamı qüvvəyə minir. Çünki orada belə bir müddəa var ki, parkomatdan istifadə müddəti maksimim 24 saatdır. Siz 24 saata qədər birdəfəlik ödəniş edə bilərsiniz. Bu müddətin başa çatmasına bir saat qalmış parkomat yiyəsinə elektron qaydada məlumatlandırma gedəcək, ya sms, ya da elektron poçt vasitəsilə. Bu müddəa 2018-ci ilin yanvar ayından işə düşəcək. Amma ümumi olaraq bu qanun 2017-ci ilin 1 iyul tarixindən qüvvəyə minir. Burada da əsas məqsəd qeyd etdiyim kimi, texniki məsələlərlə bağlıdır. Çünki parkomatlar avtomobilləri qeydə ala bilməlidirlər, parkamotlardan elektron qaydada ödəniş etmək imkanı olmalıdır, nəğd ödəniş imkanı olmalıdır. Bütün bu texniki məsələlərlə bağlı mexanizm formalaşmalıdır.

- Avtovağzal, dəmir yol vağzalı, hava limanlarında insanlar gəlib maşını saxlayır və tutaq ki, bir həftəlik harasa səfərə gedir. Bu da parkinqlərə aiddir. Bu məsələlər necə olacaq?

- Bu qanun müvafiq icra hakimiyyəti orqanının parklanma yerlərini müəyyən etdiyi o yerlərdə işləyəcək. O haranı müəyyən etsə, o yerlərə bu qaydalar tətbiq olunacaq. Əgər müvafiq icra hakimiyyəti orqanı müəyyən etsə ki, məsələn, avtovağzal dediyimiz ərazidə bu qaydalar işləyir, bu işarələri və nişanları gətirib qoyacaqlar ora. Onda artıq həmin parklanmanın tənzimlənməsi bu qanunun təsirində olacaq. Yox, əgər gətirib heç yerə işarə qoymasa, orada, demək, ümumiyyətlə, parklanma yoxdur, İnsanlar nə qədər istəyirsə, maşını orada saxlaya bilərlər. Ona görə də o məsələlər qeyd etdiyim kimi, xüsusi mülkiyyətdə olan yerlərlə bağlı məsələdir və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış formada həyata keçirilməlidir.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ziya G 6 Fevral 2017 19:12
Həmişəki kimi, məmur dediyini nə özü başa düşdü, nə də ki, qulaq asanlar