Magistral yollarda yol nişanlarını kim oğurlayır? – DYP narahatdır - VİDEO

Yol polisi 8 Fevral 2017 14:02 Oxunub 4879
Magistral yollarda yol nişanlarını kim oğurlayır? – DYP narahatdır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mayor Qulu Quliyev: «Hadisələrin sayı azalsa da, baş vermiş hər bir yol qəzası rəhbərliyi narahat edir»

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu tağımının nəzarət etdiyi ərazilərdə - Ələt-Astara yolunun üzərində yerləşən Salyan şəhərində, Sarvan, Yenikənd və Xıdırlı kəndlərində, habelə, Biləsüvar rayonunun Xırmandalı kəndində onlarla kəndin yerli icra və bələdiyyə nümayəndələri, məktəb direktorları, müəllimlər və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Avtosfer.az xəbər verir ki, görüşdə respublika əhəmiyyətli yollarda piyadalar, mal-qara ötürənlər, kənd təsərrüfatı texnikasından istifadə edənlər və yol kənarlarında küçə ticarəti ilə məşğul olanların yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində rolu müzakirə olunub. Ayrı-ayrı vaxtlarda keçirilən görüşlərdə 800-dən çox yerli sakin iştirak edib.

10-cu tağımın komandiri, polis mayoru Qulu Quliyev iştirakçılara xidməti ərazidə baş vermiş yol qəzalarının səbəbləri və şəraiti, yaşayış məntəqələrində və ondan kənarda piyadaların hərəkəti, mal-qaranın müəyyən olunmuş yerdən ötürülməsi, kənd təsərrüfatı texnikalarının yollarda hərəkəti və küçə ticarətinin təhlükəsizliyi barədə məlumat verib. O bildirib ki, günün qaranlıq vaxtlarında kənd təsərrüfatı texnikalarının, motosikletlərin, mal-qara ötürənlərin və piyadaların yollarda hərəkəti nəticəsində bəzən ağır qəzalar baş verir. Buna görə də, yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində maarifləndirmə işinin gücləndirilməsi zərurəti yaranıb. Bu işdə yerli əhalinin polisə köməyinə, dəstəyinə ehtiyac var. Qulu Quliyev bildirib ki, ötən il respublika əhəmiyyətli yollarda 255 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 251 nəfər ölüb, 89 nəfər xəsarət alıb. Qəzaların əsas səbəbi sürət həddinin aşılması, piyadaların, sərnişin avtobuslarının və taksi sürücülərinin yol hərəkəti qaydalarını pozmasıdır. Eyni zamanda, mal qaranın nəzarətsiz buraxılması, asfalt-beton örtüklü yollardan mal-qaranın müəyyən olunmamış yerlərdən keçirilməsi də qəzalara səbəb olub. Ötən il təkcə 10-cu tağımın ərazisində baş vermiş 7 qəzada 6 nəfər ölüb, 1 nəfər yaralanıb. Hadisələrin sayı azalsa da, baş vermiş hər bir yol qəzası, hər bir ölüm və xəsarət faktı Daxili İşlər Nazirliyinin, habelə, Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyini narahat edir. Bunu nəzərə alaraq yerlərdə əhali arasında maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı DYP rəhbərliyi tərəfindən göstəriş verildiyini diqqətə çatdıran tağım komandiri deyib ki, xüsusən, piyadalar və kənd təsərrüfatı texnikasını idarə edənlərin son dərəcə diqqətli olması vacibdir: «Bəzən görürük ki, günün qaranlıq vaxtında nasaz kənd təsərrüfatı texnikası magistral yolla hərəkət edir, arxasında da 70-80 avtomobil aşağı sürətlə gedir. O texnikanı sürən sürücü fikirləşmir ki, güzgüdən arxaya baxsın, onun ucbatından aşağı sürətlə hərəkət edənlərin keçib getməsi üçün texnikanı kənara çəkib yol versin. Bu yol cənubun qapısıdır. Buradan yerli əhalimizlə yanaşı, İrana, Naxçıvana gedənlər də keçir. Bu cür məsələlərə diqqət yetirməliyik. Bəzən motosiklet sürünlər də bu cür qayda pozuntularına yol verirlər. Baxırsan ki, işıq cihazları işləmir, çıxıb əsas yolda aşağı sürətlə hərəkət edir. Dekabrın 30-da belə bir sürücü sərxoş halda yola çıxaraq ağır yük avtomobili ilə toqquşdu, sürücü kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirildi. Bilirsinizmi, sərxoş sürücü barıt çəlləyidir, hər an partlaya bilər. Belə sürücü sükan arxasına əyləşib yola çıxırsa, həm özünü, həm də başqalarını təhlükəyə atır.

Qaranlıq vaxtı piyadalar, velosiped sürənlər yola çıxır, nəqliyyat axını ilə eyni istiqamətdə hərəkət edir. Bu da qəzalara səbəb olur. Lakin onlar qaydaları bilsələr, bunu etməzlər. Qaydalarda isə deyilir ki, piyadalar və velosiped sürənlər qaranlıqda yol çiyni ilə nəqliyyat axınına qarşı hərəkət etməlidir. Belə olanda onlar qarşıdan gələn avtomobilləri görür və hadisədən yayına bilirlər».

Komandir onu da deyib ki, yollarda quraşdırılan yol nişanları sürücülərin işini asanlaşdırır, xüsusən, sərt döngələrə qoyulan xəbərdarlıq nişanları qəzaların qarşısını alır. Lakin yerli əhali arasında həmin nişanları oğurlayanlar var: «Biz hər bir nişanın yanına bir polis əməkdaşı qoya bilmərik. Ərazi böyükdür, keçib o başa gedirik, qayıdanda görürük ki, nişan yoxdur».

Qulu Quliyev avtobus və taksi sürücülərinin də fasiləsiz, istirahətsiz sükan arxasında olmasından danışıb və bu halların da yol qəzalarına səbəb olduğunu diqqətə çatdırıb.

Görüşdə iştirak edən yerli sakinlər mal-qaranın nəzarətsiz buraxılmasına normal yanaşmaqla yanaşı, keçidlərin olmamasından da narazılıq ediblər. Tağım komandiri isə bildirib ki, mal-qara növbəli şəkildə otarılmalı və nəzarət altında yoldan keçirilməlidir. Keçidlər isə yaxın vaxtlarda yeni salınacaq yolda olacaq: «Bu yaxınlarda bir nəfərin malını maşın vurmuşdu. Sürücünün günahı yox idi. Heyvan sahibi malı evə aparıb, səhər isə gəlib narazılıq edir ki, heyvanım ölüb. Mən ona vəziyyəti izah edəndən sonra başa düşdü ki, günah ondadır. Amma 10 gündən sonra məlum olur ki, bununla bağlı yuxarı instansiyalara şikayət edib. Mənə deyir, günahkaram, amma sonradan şikayət edir».

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh