Biləcəri su altında qaldı: sakinlər evə "həbs edildi" – FOTO+VİDEO

Yazarlar 8 Fevral 2017 18:49 Oxunub 1955
Biləcəri su altında qaldı: sakinlər evə "həbs edildi" – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Kanalizasiya suları magistral yola dolub, yoldan istifadəni məhdudlaşdırıb"

Bakı şəhəri Biləcəri qəsəbəsinin sakinləri evlərinə həbs edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Publika.az-a müraciət edən sakinlər deyir. Söhbət Binəqədi rayonu, Biləcəri qəsəbəsində Dövlət Yol Polisinin yaxınlığındakı küçədən, 202 saylı marşrutun sonuncu dayanacağının yolundan gedir. Sakinlər deyir ki, artıq vəziyyət dözülməz həddə çatıb. Onların sözlərinə görə, kanalizasiya xətlərinin sıradan çıxması, bütün tullantıların yola axmasına səbəb olub: “Kanalizasiya suları magistral yola dolub, yoldan istifadəni məhdudlaşdırıb. Sular həmçinin ərazidəki çörək sexinin altına dolub. Hətta bir gündə 10-a yaxın avtomobil bu bataqlıqda qalıb”. Sakinlər deyir ki, yolun bu vəziyyəti 10 min nəfərin hərəkətini məhdudlaşdırıb. 202 saylı marşrut xətti bu səbəbdən yolunu dəyişib. Kanalizasiya sularının avtomobil yoluna axmasına görə şagirdlər də məktəbə getməkdə çətinlik çəkir. Sakinlər bildirir ki, müxtəlif vaxtlarda aralarında pul toplayaraq yola daş töküblər. Amma bu da yetərli deyil. İnsanlar yola düzülmüş daşların üstü ilə hərəkət edirlər. Son vaxtlar yağan yağışlar sakinlərin vəziyyətini bir az da çətinləşdirib. Vətəndaşlar iddia edir ki, dəfələrlə icra hakimiyyətinə, bələdiyyəyə müraciət etsələr də, onlarla maraqlanan olmayıb. İki ildir ki, bu problemlə yaşamaq məcburiyyətində qalıblar.

Binəqədi Rayon Su Kanal Departamentindən məsələnin araşdırılacağını dedilər: “Biz ərazidə şəbəkə çəkməmişik. Ərazidəki kanalizasiya xətləri fərdi qaydada əhali tərəfindən quraşdırılıb. Lakin buna baxmayaraq biz əməkdaşlarımızı əraziyə göndərəcəyik. Problem yerində araşdırılacaq”. Biləcəri Bələdiyyəsinin təsərrüfat şöbəsinin müdiri Rəşad Əkbərov isə adıçəkilən ərazidə knalizasiya sularının avtomobil yolunu basması ilə bağlı onlarda heç bir məlumatın olmadığını dedi: “Sakinlərdən bizə daxil olan müraciətlər əsasında araşdırma aparırıq. Lakin bizə dediyiniz ünvandan müraciət daxil olmayıb. Hər gün həmin ərazidə oluruq, orada heç bir kanalizasiya daşması müşahidə edilmir. Hazırda ərazidə yeni kanalizasiya xətləri çəkilir, kollektor qurulur. Xırdalandan gələn kollektor çatdırmadığına görə bəzən qrunt, kanalizasiya suları yola tökülə bilir. Yağışlar və hər hansı bir halla bağlı su yola töküldüyü halda əraziyə baş çəkib problemi aradan qaldırırıq. Lakin dediyim kimi, ərazidə hər hansı problem yoxdur”. Bələdiyyə rəsmisi hazırda hər hansı bir problem olmadığını desə də, biz ərazidən çəkilmiş foto və video görüntüləri təqdim edirik. Problemin olub-olmaması barədə özünüz qərar verin.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh