Azərbaycanda cəza sistemi dəyişdirilir - Prezident tapşırıq verdi

Yeniliklər 10 Fevral 2017 23:59 Oxunub 27369
Azərbaycanda cəza sistemi dəyişdirilir - Prezident tapşırıq verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu qanun qəza törədən sürücülərin taleyinə birbaşa təsiri olacaq

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 10-da penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı Sərəncam imzalayıb. Avtosfer.az AzərTac-a istinadən xəbər verir ki, Sərəncama əsasən, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılıb. Həmçinin cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiq olunması tapşırılıb.

Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi və s. istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək barədə Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə edilib, Ədliyyə Nazirliyinə tapşırıq verilib.

Həmçinin Ədliyyə Nazirliyinə Probasiya xidmətinin təşkili ilə əlaqədar təkliflərini bir ay, elektron nəzarət vasitələrinin tətbiqi məqsədilə normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair təkliflərini Baş Prokurorluq ilə birlikdə bir ay, məhkumların ictimai işlər növündə cəzanı çəkməkdən yayınmasına şərait yaradılmasına görə vəzifəli şəxslərin məsuliyyətini müəyyən edən qanun layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Baş Prokurorluğa həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə, digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünü araşdırmaq, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatları müstəsna hallarda həbsin tətbiqinə dair cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda vermək tövsiyə edilib.

Məhkəmələrə tövsiyə olunub ki, həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar, bununla bağlı təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar və cəzanın təyin edilməsi əsaslarına dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər.

Ali Məhkəməyə tövsiyə edilib ki, həbs qətimkan tədbirinin seçilməsi və azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ilə bağlı məhkəmə təcrübəsini mütəmadi ümumiləşdirsin və bu sahədə ədalətli məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etsin.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə isə Ədliyyə Nazirliyinin təklifləri əsasında penitensiar xidmətin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə tam komplektləşdirilməsini təmin etmək tapşırılıb.

Sənədə əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, elektron nəzarət vasitələrinin tətbiqi ilə əlaqədar maliyyələşmə məsələlərini Ədliyyə Nazirliyinin və Baş Prokurorluğunun təklifləri əsasında həll etsin, məhkumların məntəqə tipli cəzaçəkmə müəssisələrində saxlanması və təminatına dair Cəzaların İcrası Məcəlləsinin müddəalarına riayət olunmasının təmin edilməsi məqsədilə tikinti və təchizat işlərinin yerinə yetirilməsi üçün vəsaitin ayrılması mümkünlüyünə baxsın, ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi qaydasını təsdiq etsin və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Məsələ ilə bağlı şərh verən hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi barədə bu gün verilən Fərmanın icrasının cinayət xarakterli qəzalar törədən sürücülərin taleyinə birbaşa təsiri olacaq: "Məlumdur ki, belə qəzalarda təqsirli olan sürücülərə tətbiq olunan azadlıqdan məhrum etmə cəzası daha çox (hətta bəzən qəza ölümlə nəticələndikdə də) məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilir. Lakin heç kəsə sirr də deyil ki, belə müəssisələrdə cəza qanunda nəzərdə tutulmuş qaydada çəkilmir və məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması təmin edilmir. Yəni əksər hallarda məhkumlaar sərbəst yaşamaqda davam edirlər. Bu Fərmanın icrası buna son qoyacaq. Belə müəssisəyə təyin olunan cəza da ən yumşaq rejimdə olsa da, real çəkiləcək.

Diqqətli və ehtiyatlı olun ki, azadlığınızı itirməyin...".

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh