Yol polisindən icra başçısının qardaşı oğlu ilə bağlı - Açıqlama

Yol polisi 13 Fevral 2017 17:51 Oxunub 3960
Yol polisindən icra başçısının qardaşı oğlu ilə bağlı - Açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: "Bu o demək deyil ki, qanunazidd əməllər öz təsdiqini tapıb"

Bir neçə gün əvvəl mediada Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Dövlət Yol Polisində çalışan qardaşı oğlu Kamal Abıyevin bir sürücünü təhqir etməsi və onun xanımının xəstəxanaya düşməsinə səbəb olması ilə bağlı yazılar dərc edildi. Bildirilirdi ki, K.Abıyev kapitan-inspektor vəzifəsində işlədiyi Göytəpə postunda Ramil Rzayev adlı sürücünün idarə etdiyi “Niva” markalı avtomobili saxlatdıraraq ona qarşı nalayiq ifadələr işlədib. Sürücünün maşında olan xanımının isə bu hadisələrdən halı dəyişib və o, xəstəliyə tutulub.

Xəbər yayıldıqdan sonra Ə.Abıyev mediaya açıqlama verərək R.Rzayevin onun qardaşı oğluna şər atdığını, onlardan rüşvət istədiyini bildirdi: “Həmin Ramin Rzayev hamıya şər atır. Qardaşım oğlu 23-cü adamdır ki, onun şər-böhtanına məruz qalıb. İndi sual verirəm, necə olur ki, bütün nöqsanlar ancaq bunun başına gəlir? Bu adam kimə salam verirsə, ondan şikayət edir, yazır. Bizi şantaj edib deyir ki, 5 min verməsən, saytlara yazacam. Bu nə deməkdir? Açıq şantaj deyil? Ona sual verin ki, əlində bir dənə də olsun hər hansı fakt, görüntü var? Deyir ki, polis onu hədələyib, qorxudub və sairə. Əgər dedikləri doğrudursa, bir fakt göstərsin də! Niyə göstərə bilmir? Məsələ nazirlik tərəfindən araşdırılandan sonra, heç bir fakt tapılmır və həmin Ramin Rzayevin dediklərinin yalan olduğu ortaya çıxır”. Lakin bundan sonra yayılan məlumatlarda göstərilir ki, Baş Dövlət Yol Polisi İdarəsi K.Abıyevin xidməti intizam qaydalarını pozması faktını rəsmi şəkildə təsdiqləyib. Bu barədə idarədən R. Rzayevin müraciətinə cavab olaraq göndərilən məktubda yazılıb. Qeyd olunub ki, müraciətdən sonra araşdırma aparılıb və K.Abıyevin intizam qaydalarını pozması müəyyənləşib: “Baş Dövlət Yol Polisi İdarəsininin Yol-Patrul Xidməti Alayının 11-ci taqımının YPX baş inspektoru Kamal Abıyevin və YPX inspektoru Zamiq Həsənovun hərəkətləri barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılıb. Araşdırma nəticəsində əməkdaşlar tərəfindən xidməti intizam qaydaların tələblərinin pozulması halı müəyyən olunub, hərəkətlərinin müzakirə olunması barədə qərar qəbul edilib”.

Bundan ortaya çıxan nəticə odur ki, icra başçısı vətəndaşa böhtan atıb, onu dələduzluqda, yalan danışmaqda ittiham edib. Bu halda qarşı tərəf olaraq R.Rzayev Ə.Abıyevə qarşı iddia ilə çıxış edə bilər.

Avtosfer.az saytı mətbuatda yayılan məsələyə aydınlıq gətirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə müraciət edib. Onun sözlərinə görə, Yardımlı rayon sakini Rzayev Ramil Ağalar oğlunun Baş Dövlət Yol Polisi İdarəsininin Yol-Patrul Xidməti Alayının 11-ci taqımının YPX baş inspektoru Kamal Abıyevin və YPX inspektoru Zamiq Həsənovun hərəkətləri barədə Baş Dövlət Yol Polisi İdarəsinə ünvanladığı müraciət əsasında həqiqətən də araşdırma aparılıb. Lakin R.Rzayevə göndərilən məktubda həmin əməkdaşların xidməti intizam qaydalarını pozmaları hallarının müəyyən edilməsi, məqalədə qeyd olunduğu kimi, onların vətəndaşa qarşı qanunazidd hərəkətlərə yol vermələri anlamına gəlməməlidir. Çünki intizam qaydaları dedikdə burada əsas etibarilə xidmət zamanı "Yol patrul xidməti haqqında" Təlimatın tələblərinə riayət olunmaması, yəni avtomobildə oturaraq yaxın məsafədən vətəndaşa səsgücləndirici vasitəsilə cavab vermə, dayandırma  səbəbinin ona dolğun izah edilməməsi, əməkdaşın əlini cibində saxlamaqla söhbət aparması və sair kimi nöqsanlar aşkar edildiyinə görə və həmin hərəkətlərinin digər əməkdaşlar tərəfindən təkrarlanmaması məqsədilə kollektiv şəkildə müzakirə olunması barədə qərar qəbul edilib. Bu isə o demək deyil ki, vətəndaşın müraciətdində qeyd etdiyi ona qarşı edilmiş qanunazidd əməllər öz təsdiqini tapıb".

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh