Sürücü nazirə şikayət etdi, Yekəqarın yol polisi işdən qovuldu - DYP-dən açıqlama

Xəbərlər 15 Fevral 2017 13:09 Oxunub 19705
Sürücü nazirə şikayət etdi, Yekəqarın yol polisi işdən qovuldu - DYP-dən açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
”Əcəb edirəm, lap gözünü də tökürəm, sözün var?" deməyinə peşman oldu

Daxili işlər naziri Ramil Usubov haqqında şikayət edilən Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşını işdən qovub. Avtosfer.az xəbər verir ki, bakipost.az-a daxil olan məlumata görə, 2017-ci ilin yanvar ayında Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə öz şəxsi avtomobiliylə hərəkət edən Həbib Nuruşov adlı Bakı sakini həmin vaxt ərazidə xidmət aparan yol polisləri tərəfindən saxlanılıb. Onun idarə etdiyi "BMW" markalı, 10 VP 102 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasına səbəb isə yol hərəkəti qaydalarını pozması olub. H.Nuruşov ona yaxınlaşan Vüqar Abbasov adlı polis əməkdaşına qaydanı pozduğunu etiraf edib və buna görə cəriməni ödəməyə hazır olduğunu deyib. Sürücü polislərdən ”eyni yol hərəkəti qaydasını məndən əvvəl və sonra pozan sürücüləri hansı səbəbdən saxlamırsınız” sualını verdikdə isə təhqir edilib. Yol polisləri H.Nuruşova vəziyyəti izah etmək əvəzinə, kobud şəkildə ”əcəb edirəm, lap gözünü də tökürəm, sözün var? Get kimə istiyirsən de!”, – deyə cavab veriblər.

Həbib Nuruşovun vəkili, hüquq müdafiəçisi Səməd Vəkilov saytımıza açıqlamasında bildirib ki, bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlanıb. Bundan sonra isə Bakı şəhər Baş Polis İdarəsindən sürücünün müraciətinə cavab verilib. Cavab məktubunda qeyd olunub ki, şikayət olunan polislərin əməli araşdırılıb və onlardan biri - Vüqar Abbasovun işdən azad edilməsiylə bağlı qərar verilib. Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, həmin polislə bağlı dəfələrlə şikayət edilib.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə isə bir neçə gün əvvəl daxili işlər naziri Ramil Usubov Bakıda yol polisi əməkdaşlarının sıra baxışını keçirərkən inspektor Vüqar Abbasov və daha bir neçə əməkdaşda xeyli qüsurlar aşkar edilib. Vüqar Abbasovun işdən azad olunması da elə bununla əlaqədardır.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həqiqətən də Həbib Nuruşov adlı sürücü yanvarın 12-də Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb olunub: “Amma xəbərdə adı qeyd olunan Vüqar Abbasov polis zabiti yox, polis baş serjantıdır və o işdən çıxarılmayıb. Həbib Nuruşov isə məsələ ilə bağlı müraciət edib və hazırda onun şikayəti araşdırılır. Sürücü və onun vəkili ilə görüş keçirilib, izahatlar alınıb. Protokolun tərtib edilmısi ilə bağlı geniz izahat aparılıb. Araşdırmanın nəticəsi ilə bağlı sürücüyə məlumat veriləcək”.

V.Əsədov həmçinin, bu haqda məlumat yayan vəkilin məsələni şişirtdiyini qeyd edib: "Onun verdiyi informasiya ilə bağlı bildiririk ki, yazılan informasiya həqiqətə uyğun deyil".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh