Kiçik səhv böyük qəzaya səbəb olur - BAKI QƏZALARINDAN VİDEO

Avtoxəbər 23 Oktyabr 2014 01:25 Oxunub 2202
Kiçik səhv böyük qəzaya səbəb olur  - BAKI QƏZALARINDAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtda baş vermiş ən son qəza görüntüləri Avtosfer.az-da

Bakıda baş vermiş bu yol qəzalarının videosunu təqdim etməkdə məqsədimiz odur ki, sürücülərimiz baxıb nəticə çıxarsınlar, nəsə öyrənsinlər və belə vəziyyətə düşəndə çıxış yolu tapmaqda çətinlik çəkməsinlər. Çox güman ki, bu cür qəza şəraitindən sağ çıxanlar olub və bu kadrlara baxdıqca «mən yaxşı qurtarmışam» deyənlər də var.

Avtosfer.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameralarında qeydə alınan bu qəzalarda sadəcə sürücülərin kiçik səhvləri böyük rol oynayır. Məsələn, elə birinci qəzada düzünə hərəkət edən «Mersedes» markalı taksi qəflətən sola dönür. Bu zaman, sağdan öz yolu ilə hərəkət edən avtomobili gözləmir. Əslində, əvvəlcə dayanıb gözləyir, amma sonra nə fikirləşirsə, hərəkəti davam etdirir və qəza baş verir.

İkinci yol qəza videosunda isə «Lexus» markalı avtomobilin sürətlə hərəkət etməsi, qarşısındakı «Niva» markalı maşını vurmamaq üçün istiqaməti dəyişmək istərkən qəza törətməsini görürük. Hər halda, normal sürətlə hərəkət etmiş olsaydı «Lexus»un sürücüsü maşını dərhal saxlaya və istiqaməti dəyişə bilərdi. Belə kiçik qəzalarda sürücülərin maşını yolun ortasında saxlayıb saatlarla müzakirə aparması isə ümumiyyətlə, normal hal deyil. Tıxac bizim yaralı yerimizdir.

Digər yol qəzası Səməd Vurğun küçəsində – Heydər Əliyev Sarayının arxasında baş verib. «Beşmərtəbə» dairəsindən hərəkət edən iki «VAZ-2107» markalı avtomobilin heç bir düzgün mövqedə deyil. Sol zolaqda hərəkət edən ağ rəngli «07»nin sürücüsü düzünə getməyə çalışır. Hansı ki, həmin zolaqda asfalt üzərində nişan varki, buradan sola dönənlər hərəkət etsin. İkinci zolaqda hərəkət edən qırmızı rəngli «07»nin sürücsü isə düzünə hərəkət edən avtomobilin qarşısından kəskin hərəkətlə sola dönməyə çalışır. Bu zaman qəza baş verir. Bu vəziyyətdə sürücülər əvvəlcədən hərəkət zolağını gedəcəkləri istiqamətə uyğun tutmaqla yanaşı, sağa-sola manevr edərkən diqqətli olmalı idilər. Ən azından, hər avtomobildə 3 ədəd güzgü quraşdırılıb ki, biz sürücülər həmin güzgülər vasitəsilə sağa, sola və arxaya nəzarət edək. Yəni, onların köməyi ilə təhlükəsizliyimizi təmin etməliyik. Amma deyəsən, bu qəzada sürücülər nə güzgüyə baxır, nə də yola…

Növbəti qəza kadrlarında artıq bütün sürücülərin qorxulu yuxusuna çevrilən betonqarışdıran maşın hərbçilərin olduğu «VAZ-2106» markalı avtomobili vurur. Yük maşınının sürücüsü deyəsən, nəqliyyatın sıx olduğu bu ərazidə o boyda nəhəng avtomobili «Jiquli» kimi sürür. Yol zolağı və ara məsafəsi anlayışı da yaddan çıxıb.

Digər qəza videosunda dairəvi hərəkətdə üstünlüyə malik olan maşınlara yol verməyən avtobusun qəzaya səbəb olduğunu görmək olar.

Sonuncu qəzaya diqqətlə baxın. Neftçilər prospektində – «Dalğa Plasa»-nın yaxınlığında baş verən qəza sıradan bir hadisə deyil. Diqqətlə baxdıqda məlum olur ki, kadrlara düşən hər üç avtomobil normal hərəkət etmir. Onlar bir-birini «sıxıb» təhlükəli manevrlər edirlər. Nəticədə, hər üç avtomobilə xətər dəyir. Ən çox ziyan isə «İnfiniti»yə dəyir.

Beləliklə də, hər formada, hər şəraitdə qəzaları izləyib bu nəticəyə gəlmək olar ki, qəzaların baş verməsində intizamsız sürücülərin rolu böyükdür. Odur ki, sükan arxasında diqqətli, intizamlı olmaq bu cür qəzalardan uzaq olmaq deməkdir.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh