İnspektor maddəni səhv yazdı – Sürücü şikayət etdi - FOTO

Xəbərlər 27 Fevral 2017 01:31 Oxunub 5463
İnspektor maddəni səhv yazdı – Sürücü şikayət etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qayda pozuntusunu sübut edən görüntülər var, sürücü isə inspektorun qanunsuz qərar çıxardığını deyir

Sürücü Kənan Davudzadə yol polisi inspektorunun onun haqqında səhv qərar çıxardığını iddia edir. O, avtosfer.az-a bildirib ki, haqqında 25 iyul 2016-ci ildə DYP müfəttişi Hacızadə Vüsal Kəramət oğlu tərəfindən qanunsuz protokol tərtib olunub: “Protokol əsasında verilmiş qərar yasamal Rayon Məhkəməsinin qərarı ilə ləğv edilib və təkrar baxılması üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə göndərilib. Orada işə polis kapitanı, inspektor Kazımov Ziya Tahir oğlu tərəfindən eyni hadisə üzrə ikinci qanunsuz qərar qəbul olunub. İddiaya görə, mən “Yol hərəkəti haqqında” qanunun 61-ci maddəsinin III hissəsinin tələbini pozmuşam. Halbuki qanunun 61-ci maddəsinin III hissəsi yol nişanları haqqında məlumatverici xarakter danıyan bir hissədir (III. Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir)”.

Kənan Davudzadə iddia edir ki, bu, DYP-in ona qarşı qanunsuz 4-cü protokoludur.

Lakin DYP əməkdaşı öz qərarında bildirir ki, Kənan Davudzadə 25 iyul 2016-cı ildə idarə etdiyi “BMW” markalı, 10 SU 223 dövlət nömrə nişanlı avtomobillə Ziya Bünyadov prospektində məcburi hərəkət istiqamətini göstərən nişanın tələbini pozaraq düzünə getmək əvəzinə əsas yola daxil olub. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozub. Onun bu hərəkəti xüsusi texniki vaxsitələrin görüntüləri ilə də sübut olunub. Bunları əsas gətirərək DYP inspektoru sürücünün 40 manat cərimə olunması ilə bağlı qərar qəbul edib. Göründüyü kimi, DYP əməkdaşı İXM-nin müvafiq maddəsini düzgün olaraq əsas gətirir və kamera görüntülərinin də olduğunu qeyd edir. Amma inspektor kiçik bir səhvə yol verir. Bu da “Yol hərəkəti haqqında” qanunun 61-ci maddəsinin 3-cü hissəsinin bu qərara nə üçün daxil edilməsi ilə bağlıdır. Ehtimal etmək olar ki, inspektor işə baxarkən İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinin 3-cü hissəsini qeyd etmək istəyib. Bu maddədə isə işə baxılarkən sürücünün iştirakının olub-olmaması məsələsi qeyd olunur:

- 61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun.

Göründüyü kimi, burada da qayda pozuntusundan söhbət getmir. Görünür, DYP inspektoru qayda pozuntusunun İXM-də hansı maddədə əks olunduğunu düzgün qeyd etsə də, “Yol hərəkəti haqqında” qanunun uyğun maddəsini səhv göstərib. Lakin bu səhv əsaslı sübutlar olduğu üçün sürücünün törətdiyi inzibati xəta haqqında qərarın ləğv edilməsinə səbəb olmamalıdır. Ümid edirik ki, sürücü bunu anlayışla qarşılayacaq, inspektor isə səhvini düzəldəcək...

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh