“Niyə qayda pozuruq ki, sonra da sağlamlığımızı itirək?” – DYP - VİDEO

Yol polisi 28 Fevral 2017 02:25 Oxunub 7074
“Niyə qayda pozuruq ki, sonra da sağlamlığımızı itirək?” – DYP - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mayor Hikmət Qafarov: “Yol hərəkəti qaydalarını kiçik yaşdan öyrənmək lazımdır”

DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11 ci tağımının komandiri, polis mayoru Hikmət Qafarov, Alayın Qərərgahının baş inspektoru, mayor Pərvin Səfərəliyev Cəlilabad rayonu Göytəpə şəhər 1 saylı orta məktəbində şagirdlər, valdeyinlər və müəllimlərlə görüş keçiriblər. Görüş maarifləndirici xarakterli olub və yol hərəkəti təhlükəsizliyinin təmin olunması haqqında söhbətlər aparılıb. Tağım komandiri bildirib ki, görüşün keçirilməsində məqsəd vətəndaşların diqqətini son vaxtlar artmaqda olan piyadavurma hadisələrinə yönəltməkdir. Xüsusən də, şagirdlərin avtomobillərlə vurulması halları yol polisini narahat edir. Görüş zamanı Baş Dövlət Yol Polisi İdarəsinin nəşr etdirdiyi yol hərəkəti qaydalarına həsr olunmuş və Təhsil Nazirliyi tərəfindən təsdiqlənən “Əlifba” kitabını şagirdlərə paylayan Hikmət Qafarov bildirib ki, bu kitabı oxumaq uşaqlarda yol hərəkəti ilə bağlı ilkin təsəvvürlərin formalaşmasına gətirib çıxaracaq. Bu da onların qəzalardan uzaq olması deməkdir.

Komandir müəllimlərə tövsiyyə edərək bildirib ki, tədris planında nəzərdə tutulanlarla yanaşı, bu kitabdakıları da uşaqlara öyrətmək vacibdir: “Yol hərəkəti qaydalarını və onun mahiyyətini hər kəs kiçik yaşlarından öyrənib bilməlidir. Yaxşı olar ki, uşaqlara ilk növbədə piyada keçidindən istifadə etməyin vacibliyini və qaydalarını öyrədək. Təklif edirəm ki, dərs bitəndən sonra uşaqlar qrup halında yığılsınlar və aralarından bir nəfər seçilsin ki, bu qrupun yolu keçməsinə o rəhbərlik etsin. Beləliklər də, yolu pərakəndə şəkildə yox, qrup halında və daha təhlükəsiz keçsinlər”.

Tağım komandirinin sözlərinə görə, şagirdlərin avtomobillə vurulması hallarının qarşısını almaq üçün müəllimlərin geniş maarifləndirmə işi aparması lazımdır: “Uşaqlar evdə valideynlərinə desə ki, səni evdə gözləyirik, qayda pozma, sürət həddini aşma, təhlükəli manevrlər etmə, ötmə qaydalarını pozma, o zaman böyüklər daha məsuliyyətli olarlar. Şagirdlər evdə bunu valideynlərindən tələb etməlidirlər. Müəllimlər də bu işlərlə bağlı uşaqlara tövsiyyələrini heç vaxt əsirgəməsinlər. Unutmayın ki, yolda hərəkət edən bir şəxs yol hərəkəti iştirakçısıdır. Buna görə də, onlar hərəkət iştirakçısı olaraq qaydaları da bilməlidirlər. Nəyə görə qayda pozuruq ki, sonra da sağlamlığımızı itirək?”.

YPXA-nın baş inspektoru, mayor Pərvin Səfərəliyev isə bildirib ki, son vaxtlar Baş İdarənin rəhbərliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq bölgələrdə əhali arasında maarıfləndirici tədbirlər keçirilir. Belə tədbirlərin keçirilməsində məqsəd hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsidir. Onun sözlərinə görə, azyaşlı uşaqların vurulması ilə nəticələnən yol qəzalarının təhlili göstərir ki, bu sahədə təbliğat işi genişlənidirilməlidir. Xüsusən də, evdə valideynlər, məktəbdə isə müəllimlər uşaqları öyrətməlidir. Hər bir yol-nəqliyyat hadisəsi bizi düşündürü, narahat edir və bu kimi tədbirlər keçirməklə belə hadisələrin qarşısını almağa çalışırıq. Çox ailələr var ki, avtomobildə hərəkət zamanı qaydalara əməl etmirlər. Baxırsan ki, ata, ana və uşaqlar maşında gedirlər. Amma təhlükəsizlik kəmərini heç biri bağlamayıb, 12 yaşına çatmamış uşağı qabaq oturacaqda əyləşdiriblər. Valideynlər belə hallara yol verməsələr baş verə biləcək yol qəzalarının ağırlıq dərəcəsi də az olar”.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh