"Arxada əyləşən sərnişin də kəməri taxmalıdır, yoxsa ..." - RƏSMİ

Yol polisi 1 Mart 2017 14:05 Oxunub 11753
"Arxada əyləşən sərnişin də kəməri taxmalıdır, yoxsa ..." - RƏSMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: "Əgər avtomobilin konstruksiyasında təhlükəsizlik kəməri varsa, sərnişin ondan istifadə etməlidir"

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobillərdəki təhlükəsizlik kəmərlərindən istifadə etməyənlərə qarşı tətbiq olunan cərimələrin məbləğini açıqlayıb. Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə açıqlamasında bildirib ki, avtomobildə istər sürücü, istərsə də şərnişin təhlükəsizlik kəmərindən istifadə etməlidir və bu məcburidir: "Əgər avtomobilin konstruksiyasında təhlükəsizlik kəməri varsa, sürücü və sərnişinlər həmin kəmərlərdən düzgün istifadə etməlidirlər. Təhlükəsizlik kəmərindən düzgün istifadə etməyən sürücü 40 manat, sərnişin isə 30 manat məbləğində cərimə edilir".

V.Əsədov bildirib ki, sərnişinlər və sürücülər təhlükəsizlik kəmərlərindən düzgün istifadə etmirlər: "Təhlükəsizlik kəmərlərindən düzgün istifadə etmirlər və bu da onların həyatı üçün təhlükə yaradır. Həmin sürücülər hətta yol polisləri ilə mübahisə də edirlər ki, kəmərdən istifadə edirlər. Hansı ki, onlar kəməri düzgün bağlamırlar. Belə sürücü və sərnişinlər də cərimə edilirlər".

V.Əsədov deyir ki, avtomobildə təkcə qabaq oturacaqda əyləşən deyil, nəqliyyat vasitəsində olan bütün sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməlidirlər: "Fərqi yoxdur, qarşı oturacaqda, ya arxa oturacaqda. Əgər avtomobilin konstruksiyasında arxa oturacaqda təhlükəsizlik kəməri varsa, sərnişin həmin kəmərdən istifadə etməlidir. Əks halda, həmin sərnişinlər də 30 manat cərimə edilirlər".

V.Əsədov azyaşlıların avtomobildən sərnişin kimi istifadə etməsi məsələsinə də toxunub. O bildirib ki, avtomobildə 12 yaşına qədər uşaq avtomobilin qarşı oturacağında əyləşərsə, onun təhlükəsizliyi təmin edilməlidir: "Əgər 12 yaşına qədər uşaq avtomobilin qarşı oturacağında oturubsa, onun xüsusi oturacaqda əyləşməsi vacibdir. Əks halda sürücü məsuliyyətə cəlb edilir. Həmin yaş həddində olan uşaqların avtomobilin qarşı oturacağından xüsusi oturacaqsız istifadə etməsi qadağandır. Avtomobilin arxa oturacağında oturan uşaqların isə xüsusi oturacaqdan istifadə edilməsi sürücülərə tövsiyə edilir. Bu həmin azyaşlı sərnişinlərin təhlükəsizliyi üçündür. Amma buna görə, sürücü cərimə edilmir. Bu, sadəcə yol polisinin tövsiyəsidir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Sexavet 1 Mart 2017 17:23
Avtobula ayaq uste geden sernishinlerin tehlukesizliyini kim temin edecek!