"Xəstə yatarkən radara düşən" sürücü istintaqa cəlb olundu – Saxta vəsiqə - FOTOLAR

Yazarlar 6 Mart 2017 01:52 Oxunub 26657
"Xəstə yatarkən radara düşən" sürücü istintaqa cəlb olundu – Saxta vəsiqə - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yalanları üzə çıxan bu şəxs saxta sürücülük vəsiqəsini 500 manata aldığını deyib

Bir neçə gün əvvəl telekanalların birinə müraciət edən Masallı rayonu Şərəfə kənd sakini Pərviz Əzizov iddia edirdi ki, evdə xəstə yatdığı halda yol polisi ona fevralın 2-də Salyan rayonu ərazisindən keçən magistral yolun 6 və 11-ci kilometrliklərində sürət həddini aşdığına görə radar cərimələri göndərib. Özü də ona göndərilən protokolda avtomobilin seriya nömrəsinin cəmi bir hərfi yazılıb. Avtosfer.az xəbər verir ki, protokolu əldə edən Pərviz Əzizov sənəddə qeyd olunan vaxtda həmin ərazidən keçmədiyini və üstəlik, protokolda maşının seriya hərflərindən birinin ümumiyyətlə göstərilmədiyini görüb. Yəni protokolda şəkli olan qara rəngli “Mercedes” markalı avtomobilin nömrəsində rəqəmlər 99 və 144 görünsə də seriyasından yalnız ilk hərf, yəni “G” hərfi aydındır. Digər hərf isə silinmiş haldadır. 

Pərviz Əzizov deyir ki, protokolun yazıldığı tarixdə, o, ümumiyyətlə Salyan şossesində olmayıb. Pərviz Əzizov avtomobilin ona aid olmadığını iddia edərək yol polisindən həmin protokolların ləğv olunmasını xahiş edib.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, sürücünün sükan arxasında olduğu və dəfələrlə radara düşdüyü görüntülərlə sübuta yeririlib. Belə ki, yanvarın 28-dən fervralın 3-dək sürücü bir neçə yerdə, hətta Bakıda da kameraya düşüb və sükan arxasında Pərviz Əzizovun olması da təsdiqini tapır. O ki qaldı avtomobilin nömrəsindəki hərflərin birinin görünməməsinə, Kamran Əliyev deyir ki, sürücü bunu özu edib. O, hərfin birinin üstünü lentlə bağlayaraq radara düşməkdən yayınmağa çalışıb.

Həmin sürücünün yalanları bununla bitmir. Onun sürücülük vəsiqəsinin saxta olduğu də üzə çıxıb. Məlum olub ki, həmin vəsiqə Qazaxıstanda alınıb. Sürücü özü də ifadəsində təsdiq edib ki, yaxın dostuna 500 manat verib. Dostu da onun iştirakı 

olmadan Qazaxıstandan sürücülük vəsiqəsi alaraq ona verib.

Hazırda həmin sürücü ilə bağlı toplanmış materiallar Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırılır. Sürücü yol polisinə böhtan atmaqda və saxta sənəd gəzdirməkdə günahkar bilinir.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh