Beş maşını əzib bir kişini öldürən qadın sürücünün dəhşətli həbsxana - VİDEOsu

Yazarlar 7 Mart 2017 23:25 Oxunub 23481
Beş maşını əzib bir kişini öldürən qadın sürücünün dəhşətli həbsxana - VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Samirə Yusofova: “Beş maşını vursam da, özümü itirmədim, maşından düşəndə gördüm ki, biri yerə uzanıb”

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən zəncirvari yol qəzası törədən qadın sürücünün dəhşətli həyat hekayəsi ARB TV-də yayımlanan “Rezonans” verilişində təqdim olunub. Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirlyinin ötən il yaydığı məlumata görə, Naxçıvani küçəsində Gürcüstan vətəndaşı Samirə Usubovanın idarə etdiyi “Toyota” və Bakı şəhər sakini Həsənağa Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Qəzadan sonra idarəetməni itirən S.Usubova avtomobilini yolun kənarında dayanmış İntiqam Xəlilova məxsus “Hyundai”, Kamil Məmmədova məxsus “BMW” və Göyçay rayon sakini Seymur Vəliyevə məxsus “KİA” markalı avtomobillərə çırpıb. Bundan sonra hadisə yerinin yaxınlığından keçən Abşeron rayon sakini Şöhrət Orucovu vurub. Xəstəxanaya yerləşdirilən Ş.Orucov orada ölüb.

“Rezonans” verilişində baş verənləri danışan məhkum qadın bildirib ki, sol zolağa çıxıb hərəkət edən zaman qəza baş verib. Lakin o özünü itirməyərək maşından düşüb və yaralı kişini xəstəxanaya çatdırıb. Məlum olub ki, Ş.Orucov xəstəxanada müalicə olunduqdan sonra evinə gedirmiş. Amma əcəl onu yenidən xəstəxanaya qaytarıb. Bu dəfə həkimlər onun həyatını xilas edə bilməyiblər: “5 maşını əzmişdim, yerə düşəndə gördüm ki, yerdə uzanılıdır”.

O məhkəmədə cəzasını eşidəndə bir müddət özünə gəlmədi: “Heç vaxt gözləməzdim ki, mənə 7 il hökm oxuna bilər. Hökmü eşidəndə sanki qulaqlarım tutuldu. Eşidə bilmədim, duya bilmədim. Açıq deyim ki, çox qorxurdum, həyəcan keçirirdim, çox pis vəziyyətdə idim”.

Dəhşətli avtoqəzalar çox vaxt bu hadisələrin səbəbkarı olmuş insanların sonrakı həyatında faciələrə səbəb olur. Kimi həyatını itirir, kimi də sağlamlığını. Çox vaxtı da bu hadisələri törədən insanların növbəti məskəni həbsxana olur. Dəhşətli avtoqəzaların günahkarı bəzən qadın sürücülər də olur.

 

“Yollarda elə kobud qayda pozuntusu törədirlər ki...”

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev: “Qadınların çox evlərdə həyat yoldaşlarına deyirlər ki, - “mənə maşın al. Mən özüm maşın idarə etmək istəyirəm”. Maşın aldırmağa çalışırlar. Amma çox qəribədir ki, onlar avtomobil idarə etmənin nə ilə nəticələnə biləcəyi, yəni onun pis tərəfini heç kəs fikirləşmək istəmir. Biz özümüz də görürük. Qadınlar yeni maşın sürməyə başladığı vaxt ehtiyatlı davranırlar, qayda-qanuna daha çox riayət edirlər. Amma elə ki, bir qədər təcrübə yığdılar, bir də görürsən yollarda elə kobud qayda pozuntusu törədirlər ki, fikirləşirsən ki, kişilər heç bəlkə də o riski eləməz. Amma mən bunu dəqiq bilirəm ki, onlar fikirləşmirlər ki, axı mənim bu qayda pozuntusunu törətməyimə görə nələr ola bilər. Bəlkə də o, fikirləşir ki, ancaq cərimə oluna bilər, 50-100-200 manat cərimədir, mənim bunu vermək imkanım var, ödəmək iqtidarındayam. Bəs siz bu qayda pozuntusu ilə başqa insanı vurub öldürsəniz, xəsarət törətsəniz siz gedib həbsxana həyatı yaşamağa hazırsınızmı? Və qadının yol-hərəkəti qaydalarını pozması nəticəsində, qəza törədib kiminsə övladını vurub öldürürsə, gedib həbsxana həyatı yaşayanda tək özünün yox, övladlarının da vəziyyətini fikirləşsin. Övladları nə fikirləşəcək? Anam qəza törətdi, başqa insanı öldürdü və indi də həbsxana həyatı yaşayır. Onun öz uşaqları da anasız böyüyəcək axı. Görün bir hərəkətlə neçə ailə, neçə insan necə əziyyətlər çəkir. 

 

Ailəlidir, 3 uşağı var, ali təhsillidir

O, adını və üzünü gizlətsə də, günahı və həbsxanada çəkdiyi əzabı gizlətmir. O, törətdiyi avtoqəzaya görə ittiham olunaraq azadlıqdan məhrum edilib. Bu məhkum qadın Azərbaycanlı olsa da xarici ölkə vətəndaşıdır. Ailəlidir, 3 uşağı var, ali təhsillidir. Qalan şeylər haqqında özü danışsa yaxşıdır: “Uzun müddət xaricdə yaşamışam. Rusiyada ali təhsilimi bitirmişəm, Leninqradda. Bura gəlib düşməyimə səbəb qəzadır. Hər kəsin başına gələ bilən bir işdir. Mən həyatımda heç vaxt inanmazdım ki, gəlib bura düşə bilərəm”.  

Bu məhkum qadın Rusiyada doğulub. İşlə əlaqədar ailəsi Azərbaycana köçüb. Anası 1990-cı ildə 20 yanvar faciəsində şəhid olub. Atası əslən Xocalıdandır. Azərbaycanın iki ən böyük faciəsi həm birbaşa, həm də dolayısı ilə onun ailəsinə də toxunur. Sonuncu avtoqəza ilə bağlı şəxsi faciəsi isə onun həbsxanaya düşməsi ilə nəticələnib: “Atam əslən Xocalıdandır. Sadəcə o vaxtı babam təyinatla Gürcüstana göndərilib. Elə o vaxtdan ora gediblər. Anam heç vaxt Gürcüstanda yaşamayıb. Anam şəhiddir. Biz Rusiyada böyümüşük, Rusiyada dünyaya göz açmışıq. 81-ci ildən müəyyən işlərlə bağlı, dövlət qurumlarında işləyirdilər, Azərbaycana köçdülər. Burada yaşadıq. “Şamaxinka” adlandırılan yerdə, Avtovağzal tərəfdə 1-ci mərtəbədə evimiz var idi. Atamı işdən çağırdılar, işə getməli oldu. Axşam haradasa 9-10-nun yarısı olardı, atam tapşırdı ki, evdən çölə çıxmayın. Onu eşitdik ki, atəş başladı. Qardaşımın 10, mənim 11 yaşım var idi. Qardaşım su istədi, o anda anam yaxınlaşmaq istədi, stolun arxasından qalxıb mətbəxə keçəndə atəş açıldı. Anam özünü qardaşımın üstünə çəkdi, qardaşımı qoruyanda güllə ona dəydi”. 

 

“Sağ yoldan çıxmışdım sol yola”

Aradan neçə il keçsə də o, törətdiyi avtoqəzanı bütün incəliyinə kimi yaxşı xatırlayır. O həm təəssüflə, həm də ağrı ilə hadisənin bütün təfərrüatını danışdı: “Sağ yoldan çıxmışdım sol yola. Sol yola çıxanda birinci “Jiquli” 011-ə dəydim, onun arxası da “BMW”-yə dəymişdi, “BMW”-nin arxası isə 2 dənə maşına dəymişdi. O dayanmışdı. Sadəcə iki maşın hərəkət vəziyyətində idi, “011”-in yiyəsi, bir də mən. Mən birinci “011”ə dəydim. İkisi qaçıb getdi. Mənə qışqırdılar ki, arxaya çəkil. Çəkildim. Artıq 5 maşın əzmişdim. Bir nəfər də adam vurmuşdum. Maşından düşdüm, gördüm yerdə uzanıb”.

Həmin hadisədə həyatını itirən piyada xəstəxanadan çıxıb evinə gedirmiş. Tale elə gətirir ki, sağalıb xəstəxanadan çıxan həmin adam qəza nəticəsində yenidən xəstəxanaya qaytarılır. Və onun həyatını xilas etmək mümkün olmur. Bu faciədə əcəlin və yaxud qəzanın aparıcı rol oynadığını demək çətindir: “ Xəstəxanan düz qarşısında qəza baş vermişdi. Özəl tibb mərkəzi  olduğuna görə qəbul etmirdilər. Çox xahiş etdikdən sonra qəbul etdilər. Əməliyyatdan çıxdı, amma sağalda bilmədik”. 

 

“Bəlkə Allah məni nəyəsə görə qorudu”

Artıq neçə illərdir həbsxananın bu qapalı məkanında əzab çəkən bu məhkum qadın 2001-ci ildə sürücülük vəsiqəsi alıb. Uzun müddət avtomobil idarə edib. Amma indiyədək qəzası olmayıb. Birinci qəza və ölüm, təəssüf. Və faydası olmayan peşmançılıq hisləri: “17-18- ilə yaxındır ki, sərbəst avtomobil idarə edirdim. Heç bir yerdə başıma hadisə gəlməyib. Düşünmürdüm ki, mənə nəsə ola bilər. Lakin qəzadır... Bəlkə mənim özümə də nəsə ola bilərdi, bəlkə Allah məni nəyəsə görə qorudu, bəlkə övladlarıma, bəlkə ailəmə görə. Kiməsə görə Allah məni qorudu, müdafiə elədi. Amma istəməzdim ki kiminsə ailəsi belə qalsın, övladı yetim qalsın. Həyatda yetimlik nə deməkdir çox gözəl bilirəm. Anasızlıq bəlkə də hər kəsin başına gəlməmişdən əvvəl mənim başıma gəlib. Həyatdır...”.

O törətdiyi avtoqəzaya görə ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib. Məhkəmədə cəzası elan olunanda uzun müddət özünə gəlməyib. Sonradan məhkəmə humanistlik edərək onun cəzasını 5 il 6 aya qədər yüngülləşdirib: “Bu bir hadisədir. Heç vaxt gözləməzdim ki, mənə 7 il hökm oxuna bilər. Hökmü eşidəndə sanki qulaqlarım... Eşidə bilmədim, duya bilmədim, öz səsimi belə eşidə bilmirdim. Vəkilimi çağırıb soruşdum ki, onlar nə demək istədilər? Birinci prokurar oxudu, 7 il 6 ay. Təzədən hakim oxuyanda 7 il, sanki həyatda yox idim. Amma sınmadım. Çıxdım sərbəst şəkildə, sadəcə özüm-özümə təsəvvür edə bilmədim 7 il bir insanın azadlığının əlindən alınması nə deməkdir?!”.

 

“Xoşbəxt ailəm var idi”

Bu məhkum qadın azərbaycanlı olsa da, xarici ölkə vətəndaşıdır. Dediyinə görə, xoşbəxt ailəsi vardı. Ailəsi və uşaqları xarici ölkədə yaşadığından onun yanına gəlib-gedə bilmir. O özü də onların həbsxanaya gəlməsini istəmir. Günün onların fotolarına baxmaqla keçirir: “ Hazırda xaricdədirlər. Ona görə də ancaq telefon əlaqəsi saxlaya bilirəm. Şəkilləri də var, danışıram da. Xoşbəxt ailəm var idi. Normal ali təhsilli, ziyalı ailənin övladıyam. Sadəcə həyatdır. Həyat təsadüflərlə doludur. Bir dəfə gəlmişdilər yay tətilində, onda hələ təcridxanada idim. Onda görüşdüm. Özüm də qıya bilmərəm ki, mənim övladlarım həbsxana qapısına gəlsin”. 

 

“Eşidirəm ki, kişilər vurur, qaçır”

Avtoqəzaların əsas səbəbləri sürət, diqqətsizlik və sərxoş vəziyyətdə sükan arxasına əyləşməkdir. Bu səbəblər sürücüləri çox vaxt mənzil başına yox, bəzən son mənzilə, bəzən də həbsxanaya gətirib çıxarır. Həbsxana həyatı yaşayan keçmiş sürücü olan bu məhkum qadın da qadın və kişi sürücülərə avtoqəzalara səbəb olan bu hallardan uzaq durmağı məsləhət görür: “Hadisə baş verən anda qadın olduğuma baxmayaraq mən özümü itirmədim. İnsanlar var ki, məsələn, kişilər qəzanı törədir, vurur, qaçır. Amma mən özümü itirmədim. Sanki yuxudan oyandırdılar məni və maşını arxaya çəkdim. Allah mənə güc verdi. 46 yaşlı adamı qucağıma alıb xəstəxanaya aparmağa Allah mənə güc verdi. “Nasılka”ya özüm yerləşdirdim. Özüm-özümə hələ də təsəvvür edə bilmirəm ki, İlahi mənə necə bir güc vermişdi?! Özümü itirmədən o insanı yerdən qaldırıb sərbəst şəkildə xəstəxanaya apardım. Eşidirəm ki, kişilər vurur, qaçır. Özüm-özümə bunu təsəvvür edə bilmirəm. Bu bir insanlıq halıdır. Toyuq vurmamısan, insan vurmusan. Onu qoyub qaçmağı mən təsəvvür belə edə bilmirəm. Amma qəza baş verəndə verir. Hara qaçırsan qaç, harada yerləşirsən-yerləş qəza baş verəcəksə verməlidir. Mənə 4 ay sanksiya oxunanda hakim mənə sual verdi ki, qəza niyə baş verdi? Dedim ki, əgər mən bilsəydim ki, qəza baş verəcək, vallah heç evimdən çölə çıxmazdım, oturub qəzamı atladardım ki, qəza baş verə bilər. Dedi, düz deyirsən, mən nə deyə bilərəm?! Elə qadınlar var ki, sərbəst, normal sürür. Eləsi də var ki, nəyinsə xatirinə sürürlər. O da həyatdır. Neynəmək olar?! Diqqətli olsalar daha yaxşı olar. Azadlıqdan məhrum edilmək çox çətindir”.

Bu məhkum qadın özünü məhkum qadın kimi hiss etmir. Nə illah etsə də, bu həyata vərdiş edə bilmir. Əslində, hər anı əzabla dolu olan bu zindan həyatına vərdiş etməmək daha yaxşıdır. Çünki həbsxana doğma evə dönəndə doğma ev həbsxanaya dönür: “ Qadınlara baxıram. Mənə çox pis təsir edir. Təsəvvür edin, bir qadın buradadırsa onun çöldə nə qədər insanı əzab çəkir. Ən azı bir övladı olanı var, eləsi var övladı da yoxdur, azadlıqdan məhrumdur, gözü yoldadır. Mənə çox təsir edir”.

 

“Həyatımda belə ağrılı an yaşamamışdım”

Burada səni ən çox nə narahat edir? - sualımıza o, - “məni narahat edən hadisələri həbsxana gündəliyimə yazıram” dedi. “Bəs bu gündəliyin ən təsirli və faciəvi səhnəsi hansıdır?” -  sualımıza isə o belə cavab verdi: “ Təcridxanada olan vaxtlarımda bir xanım  çəkdilər ki, övladlarını öldürüb. Özüm-özümə təsəvvür edə bilmirdim ki, ana övladına necə qıya bilər? Həmişə o insanın üzünə baxmağı təsəvvür edirdim. Arzulayırdım ki, onu görüm. İnsan övladına necə qıya bilər? Bura girəndə ən böyük ağrını onda çəkdim. Bir xanımdan soruşdum ki, sizin “statyanız” nədir? Dedi “ölüm”. “Ölüm”ü deyəndə əlinə baxdım, övladının adı yazılmışdı. Bu mənim həyatımda ən ağrılı, acılı an oldu. Həyatımda belə ağrılı an yaşamamışdım. Bəlkə də qəzamda, gənc yaşımda anamı itirəndə bu qədər ağrı yaşamamışdım. Sanki ürəyimə nəsə vurdular. Mənə çox təsir etdi, o qadın deyəndə ki, “ölümlə”, “övladımın ölümü ilə” deyəndə mən həddən çox təsirləndim. Yatanda da yuxuda həmin səhnəni görürəm. O qadını görəndə söhbətimiz yadıma düşür. Amma o qadın əslində elə insan deyil. Onu da nələrsə vadar edib o yola əl atmağa. Mən sadəcə kənarda durub sakit-sakit onu izləyirəm”.

 

Üç şeyi xatırladan həbsxana zəngi

Bütün məhkumların ən çox zəhləsi getdiyi həbsxana zəngi ona çox şeyi xatırladır. Həm əcəl zəngini, həm məktəb zəngini, həm də öz ailəsi ilə bağlı xoşbəxt anları: “Aşağıda gəzirəm, zəng vurulanda artıq bilirəm ki, yuxarı çıxmalıyam. O zaman özümü zindanda hiss edirəm. Amma gecələr mənim üçün çox çətin gəlir. Dua edirəm ki, səhər açılsın. Səhər açılanda, səhərin zəngi vurulanda hər kəs yerində durur, tez əyinlərini geyinirlər. Təzə gəlmişdim, yadımdan çıxmışdı qara xalatımı geyinmək, briqadirimiz xanım varıydı, dedi ki, tez, qara xalatınızı geyinməlisiniz, bu bizim geyimimizdir. O an mənə çox təsir etdi. Mən heç ömrü boyu xalat geyinməmişəm. Amma indi mən məhkumam, bu xalatla mən cəzamı çəkirəm. Sonda onu demək istəyirəm ki, Allah heç kimin əlindən  azadlığını almasın. Yəqin ki, bizə də Allah şans verər, biz də bir daha azadlığımıza qovuşa bilərik. Hər kəs övladına qovuşar. Çünki burada elə analar var ki, günləri ağlamaqla keçir. Hətta telefon növbəsi gözləyirlər, danışa bilməyəndə gəlib oturub ağlayırlar. Onlar mənə çox təsir edir. İstərdim ki, qadınlarımız həbsə düşməsin, zindan  həyatı yaşamasınlar”.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh