Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşıyanlar dünyanın ən təhlükəli sürücüləridir

Yazarlar 10 Mart 2017 00:46 Oxunub 3853
Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşıyanlar dünyanın ən təhlükəli sürücüləridir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Problem ondadır ki, həmin “avtobuslar” illərdir bu vəziyyətdə istismar olunur

Bakı-Sumqayıt yolundan baş vermiş növbəti ağır faciə xeyli sayda ciddi problemləri bir daha qabartdı. Təəssüflər olsun ki, bu hadisə eyni məzmunlu ilk hadisə deyil, hətta həmin yolda da baş verən ilk hadisə deyil. Belə ağır faciələrə gətirib çıxaran səbəblərə qısaca toxunmaq istərdim.

1. Bakı-Sumqayıt arasında sərnişin daşıyan belə “mikroavtobusların” demək olar ki, hamısının konstruksiyasına qanunsuz müdaxilə olunur. Onlardan eləsi var ki, heç avtobus da deyil, yük avtomobilidir (hətta bəzi sürücülər oturacaqlar quraşdırıb adam daşısalar da, sürdükləri avtomobilin qeydiyyat şəhadətnaməsində məhz “yük avtomobili” sözü yazılıb). Sərnişin daşımaq üçün nəzərdə tutulanlara isə birmənalı olaraq əlavə oturacaqlar quraşdırılıb. Bu azmış kimi, bəzi sürücülər ayaq üstə də adam götürürlər. Problem ondadır ki, həmin “avtobuslar” illərdir bu vəziyyətdə istismar olunur.

2. Bu “avtobuslar” “20 Yanvar” metrosundan Sumqayıtın müəyyən yerlərinə adam daşıyırlar. Hətta “20 Yanvar” metrosunun yaxınlığında 1-ci mikrorayonun içərilərində orada-burada topa-topa dayanaraq qanunsuz “avtovağzal” da təşkil ediblər. Əminəm ki, həmin “avtovağzal”ın nəzarətçiləri də var. Olmazmı ki, belə sərnişin axınının real mövcudluğu nəzərə alınmaqla tam qanuni sərnişindaşıma marşrutları təşkil olunsun?

Məlumdur ki, metronunn “Avtovağzal” stansiyası açılandan sonra Sumqayıt avtobuslarının Bakıya girişinə qadağa qoyulub və marşrutlar buna uyğunlaşdırılıb. Amma real sərnişin axını var axı. Elə həmin “20 Yanvar”dan, hətta şəhərin bir neçə başqa yerindən Sumqayıta ekspress marşrutlar təşkil etmək olar və həmin marşrutlarda normal, texniki cəhətdən saz mikroavtobuslardan qanuni istifadə etmək olar. Lakin belə görünür ki, bunu heç kəs etmək istəmir.

3. Bakı-Sumqayıt yolunda hər gün olan bir insan kimi, əminliklə deyirəm ki, o yolda hərəkət edən mikroavtobusların, eləcə də Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşıyan minivenlərin və digər minik avtomobillərinin sürücüləri ölkəmizin və hətta bəlkə də dünyanın ən təhlükəli sürücüləridir. Onların əksəriyyəti kamikadzelərdir, özü də manat uğrunda ölümə gedən kamikadzelər. Onların davranış motivasiyasını dərk etmək üçün xüsusi analitik qrup tərəfindən araşdırmalara ehtiyac var. Bu adamlar dərk etmirlər ki, yol təkcə onların pul qazanması üçün deyil. Ən üzücü fakt isə odur ki, belə insanlar gündəlik qazanacaqları bir neçə manata görə bir neçə ailəni gözüyaşlı, özlərini isə uzun illər dəmir barmaqlıqlar arxasında görməyə şüuraltı da olsa hazırdırlar.

4. Qəzada iştirak etmiş mikroavtobusda 26 nəfərin zərər çəkdiyi deyilir. Bu isə birmənalı olaraq o deməkdir ki, həmin mikroavtobusda ayaqüstə sərnişinlər olub. Hər kəs gözəl bilir ki, bu tipli mikroavtobuslarda tam ayaq üstə dayanmaq mümkün deyil. Bu fakt insanlarımızın öz həyat və sağlamlığına biganə münasibətinin də göstəricisidir. Nəyə görə insan bütün təhlükələrə rəğmən Bakıdan Sumqayıta qədər yarıbükülü vəziyyətdə getməlidir? Axı, “heç nə olmaz” prinsipi heç kəsi qoruya bilmir.

5. Bu mikroavtobusu belə vəziyyətdə idarə edən sürücü əmin olub ki, buna görə heç kəs onu cəzalandırmayacaq. Əminəm ki, onların bircə günlük fəaliyyəti lazımi qaydada nəzarətə götürülsə, sürücülük vəsiqələrini yerə qoyarlar və əvvəlki ayda qazandıqlarını da cərimə kimi ödəyəsi olarlar. Düzdür, sərnişindaşımada texnika çatışmazlığı var. Əgər belə sürücüləri və onların avtobuslarını daşımalardan kənarlaşdırsaq, xeyli sərnişin yolda qalar. Amma ən kobud və təhlükəli məqamlara diqqət yetirmək mütləq lazımdır.

6. Baş verən hadisədə körpüdə dayanmış daş yüklü yük avtomobili də iştirak edib. Hər kəs bilir ki, körpüdə durmaq qadağandır. Məcburi dayanma olduqda isə qəza-dayanma nişanı qoyulmalı və bütün tədbirlər görülməlidir ki, ən qısa müddətdə avtomobil oradan yığışdırılsın. Ölkəmizin yollarında apardığımız müşahidələr göstərir ki, xeyli sürücümüzün buna da yanaşması bərbaddır. Düşünürlər ki, heç nə olmaz, amma belə anormal düşüncəli başqa biri də arxadan gələndə bu gün gördüyümüz ağır faciə baş verir.

Ümumiyyətlə, yol hərəkətində heç bir qayda və tələbdən kənara çıxmaq olmaz. Dəfələrlə sübut olunub ki, ən elementar qaydanı pozan, ən xırda texniki məsələyə laqeyd yanaşan sürücü öz həyatını və başqalarının həyatını puç edən hadisələrə səbəb olur. Belə nəticələri ən şüuru zəif insanlar da qabaqcadan görə bilir. Yetər ki, sadəcə məsuliyyət hissi, sosial dəyərlərə ümumi insani yanaşma mövcud olsun.

Qəzada dünyasını dəyişənlərə rəhmət diləməkdən, yaralananlara isə sağlamlıqlarına qovuşmaq arzulamaqdan başqa əlimizdən heç nə gəlmir. Amma belə hadisələrin potensial zərərçəkənləri üçün vacib çağırış da etmək istərdim: DƏYIŞMƏK LAZIMDIR, ÇOX GECIKMIŞIK.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh