Yol polisi bir gündə 89 mikroavtobus saxladı; görün nələr yaşandı

Yazarlar 10 Mart 2017 23:42 Oxunub 23661
Yol polisi bir gündə 89 mikroavtobus saxladı; görün nələr yaşandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O avtobuslardan birini saxlayan kimi sərnişinlər tökülüb polisin paqonunu cırır

Keçən həftə bir ayağı olmayan və Bakı-Sumqayıt marşrutu ilə sərnişin daşıyan "Ford" markalı avtomobilin sürücüsü barədə material vermişdik. Onu yol polisi tutmuşdu və maşın cərimə meydançasına salınmışdı. Təbii ki, sürücü cərimə olundu. Feysbookda cox adam ağzına gələni yazırdı ki, həmin sürücü düz edir, bəs ailəsini necə dolandırsın? İndi həmin düşüncədə olan insanlara sual verirəm; bəs dünənki qəzada ölən 5, yaralanan 21 nəfərin ailəsi ailə deyil? O sürücü pul qazanacaq deyə kimlərsə bədbəxt olmalıdlr?

Yol polisi rəsmən deyə bilmir, amma mən deyirəm; yol polisi onların öhdəsindən gələ bilmir. O avtobuslardan birini saxlayan kimi sərnişinlər tökülüb polisin paqonunu cırır, təhqir edir, acılayır. Əsasən də yaşlı insanlar özünü qabağa verir. Təsəvvür edin ki, sürücü maşından düşməmiş və yaxud, yol polisinə sənəd təqdim etməmiş sərnişinlər hücuma keçir. "Bizi niyə qoymursan evimizə gedək?", "Bu nədir, yol polisi imkan vermir evimizə gedək" və digər bu kimi fikirlərlə polisə qarşı elə davranırlar ki. Hətta, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib şikayət edən, yol polisinin videosunu çəkib sosial şəbəkələrdə yayan sərnişinləri demirəm. Çox olub belə şeylər.

Keçən ay Bakıda yol polisi həmin "Ford"lardan 89-nu tutub cərimə meydançasına aparmışdı. Axırı nə oldu? Hamısının sahibləri tökülüb gəldilər yol polisinə. Qarabağdan başlayıb Çernobılda dayandılar. Protezlərini çıxarıb yol polisinin üstünə atdılar ki, ya imkan verin dolanaq, ya da gedin ailəmizi siz dolandırın. Vəssalam. Söhbət bağlandı...

Axı belə olmamalıdır. Onları da anlamaq olar. Amma onlar da çox yaxşı bilirlər ki, yararsız avtobusların əvəzinə yararlısını alıb qanuni yolla işləmək olar. Ancaq bunu etmirlər. Niyə? Çünki çox pul qazanmaq istəyirlər. Onlar heç bu işlə daimi məşğul olanlar da deyillər. Keflərinə düşəndə günün pik vaxtında bir-iki reys edib aradan çıxırlar.

Həmin mikroavtobusların yol polisi tərəfindən hər gün saxlanılması, yoxlanılması düzgün deyil. Heç bu, mümkün də deyil. Etirazlar başlayacaq. Bu, heç. Həm də axı yüzlərlə mikroavtobusun hər gün postlarda və ya yollarda saxlanılması nə dərəcədə doğrudur?

Əslində necə olmalıdır? Bu marşrut üzrə hərəkən edən avtobus və mikroavtobuslar metronun "Avtogağzal" stansıyasının qarşısında dayanmalı, sərnişinləri oradan mindirməli və orada düşürməlidir. Lakin keçmiş Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları bunlara göz yumaraq, gündəlik 5-10 manat haqq almaqla onların 20 Yanvar dairəsinə qədər gəlməsinə göz yumurlar. Yol polisi isə onların 20 Yanvar dairəsində dayanmasına imkan vermir. Onlar isə "Memar Əcəmi" metrosunun yaxınlığında və 3-cü mikrorayon dairəsində gizlənib gözləyirlər. Onların bir nümayəndəsi 20 Yanvar dairəsində dayanıb müştəri yığır. 20-20 nəfər bir yerə yığılan kimi sürücüyə zəng edib çağırırlar. Sürücü də dərhal maşınla ora yaxınlaşır və 15 saniyəyə sərnişinləri yığıb qaçır.

Qanun isə deyir ki, münətəzəm sərnişindaşıma ilə məşğul olan marşrut xəttinə girmək olmaz. Həmin "Ford"ların əksəriyyəti başqasının xəttinə girir. Deməli, qanunu pozur. Bu işə nəzarət yenə də Nəqliyyat Nazirliyinə verilmişdi. Lakin nazirlik ləğv edildiyi üçün məsələ havada qalıb.

Əsas məqam odur ki, Nəqliyyat Nazirliyinin illərdir yaratdığı və bugünə miras qoyduğu problemləri tezliklə həll etmək mümkün olmayacaq. Arada olan isə bizlərə, sizlərə, onlara olur...

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh