Xanım şikayət etdi, yol polisləri qeybə çəkildi – QƏRİBƏ OLAY

Xəbərlər 24 Oktyabr 2014 03:12 Oxunub 2732
Xanım şikayət etdi, yol polisləri qeybə çəkildi – QƏRİBƏ OLAY
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP rəhbərliyi xanımı təhqir edən 10 YP 489 nömrəli maşındakı yol polislərini tapa bilmir

 

«Gecələr saxta polis əməkdaşları və ya xidməti maşınlarımı var?»

 

Bir neçə gün öncə Avtosfer.az saytına müraciət edən Sumqayıt şəhər sakini, Məhərrəmova Elnarə bildirmişdi ki, gecə saatlarında Avtovağzal Kompleksinin ətrafında 10 YP 489 dövlət nömrə nişanlı yol-patrul xidməti avtomobilində olan iki nəfər yol polisi əməkdaşı tərəfindən 10 dəqiqə ərzində 3 dəfə saxlanılıb. Həmin vaxt E.Məhərrəmova taksidə olub və Natiq adlı taksi sürücüsü onun qardaşının dostu imiş. Maşın Avtovağzaldan çıxanda korpünün altında DYP maşını onları saxlayıb. Sürücünün sənədləri yoxlanılıb, hər şey qaydasında olduğu üçün yola davam ediblər. Az sonra həmin DYP maşını onları yenidən saxladıb. Bu dəfə sürücünün sərxoş olub-olmadığı yoxlanılıb və yenə problem çıxmayıb: «Sürücü sərxoş deyildi, təhlükəsizlik kəmərini taxmışdı. Sürət həddini aşmamışdı. Ona görə də, cərimə yazmadılar. Biz Bakı-Sumqayıt yolunda gedərkən həmin DYP maşını yenə bizi saxlatdırdı. Üçüncü dəfə sürücüyə yaxınlaşan polis əməkdaşı sənədləri tələb etdi. Sürücü sənədləri verəndə yol polisi əməkdaşı salona boylana-boylana mənə baxırdı. Sonra da sürücüdən soruşdu ki, «maşındakı xanım kimdir?». Bunu eşidəndə artıq əsəblərimi cilovlaya bilməyib yerə düşdüm. Yol polisi maşının nömrəsini götürüb «102»yə zəng edib şikayət etdim. Polis əməkdaşlarına da sözümü deyib maşına mindim və yolumuza davam etdik».

Qeyd edək ki, bu material Avtosfer.az saytına işıq üzü görəndən sonra Baş Dövlət Yol Polisi İdarəsinin xidmət rəisi, polkovnik Ərəstun Məcidov bizimlə əlaqə saxlayaraq Elnarə Məhərrəmovanın şikayəti ilə maraqlanmışdı. Ertəsi gün şikayətçi xanım Baş DYPİ-yə dəvət olunub və orada Ərəstün Məcidovla görüşdükdən sonra idarə rəisi, general-mayor Ramiz Zeynalovun qəbulunda olub. General tapşırıq verib ki, xanıma qarşı kobudluq edən yol polisləri üç gün ərzində tapılıb cəzalandırılmalıdır. Lakin artıq bir həftədən artıq vaxt keçsə də, həmin polislər tapılmır. Bununla bağlı Avtosfer.az-a məlumat verən Elnarə Məhərrəmova bildirdi ki, Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq şöbəsinin əməkdaşları ilə üzləşmə keçirilib. Lakin orada həmin polisləri görməyib. Sonra isə Bakı şəhər Dövlət Yol Polisinə dəvət olunub və orada da yol polisi əməkdaşları ilə üzləşmə kesirilsə də, həmin gecə 10 YP 489 dövlət nömrə nişanlı YPX maşınında xidmət aparan yol polislərini tapmaq mümkün olmayıb. Nəhayət, 4 gün sürücü Elçinlə birlikdə DYP idarələrini gəzən Elnarə Məhərrəmova BDYPİ-də izahat yazıb. İzahatı olduğu kimi təqdim edirik:

«Azərbaycan Respublikası

Daxili İşlər Nazirliyinin Baş Dövlət

Yol Polis İdarəsinin rəisi, polis general-mayoru

cənab Ramiz Zeynalova

 

Sumqayıt şəhəri 8-ci mkr, bina …,

mənzil … ünvanda yaşayan, 1980-cı il təvəllüdlü

Məhərrəmova Elnarə tərəfindən

 

İzahat

 

Mənə verilən suallara aid olaraq bildirirəm ki, «BMW» markalı 10 YP 489 nişanlı patrul avtomobili ilə xidmət aparan polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə Avtosver.az saytına müraciət edərək şikayət və iradımı bildirdim. Bununla əlaqədar olaraq DYP İdarəsinə dəvət olundum. Qeyd olunan patrul avtomobilində xidmət aparan YPX inspektorunun tanınması üçün ilk olaraq Ekoloji Nəzarət bölüyünün postunda şəxsi heyətə siyahı üzrə baxış keçirdim. Lakin əlamətlərə uyğun gələn YPX inspektoru aşkar olunmadı. Bundan sonra BDYP idarəsinin kadrlar şöbəsində YPX əməkadaşlarının fotolarına baxış keçirildi, orada da bir nəticə əldə edilmədi. Bunlardan sonra Bakı şəhəri Baş Polis İdarəsinin DYP İdarəsinin kadrlar şöbəsində alay üzrə YPX əməkdaşlarının siyahı ilə şəkillərinə baxış keçirildi və orada da qeyd edilən YPX əməkdaşlarını aşkar etmədim. Yəni ünsiyyətdə olduğum YPX inspektorlarını tanımadım, çünki həmin siyahıda yox idilər.

Bununla əlaqədar hətta iradlar da bildirdim və qeyd etdim ki, “Gecələr saxta polis əməkdaşları və ya xidməti maşınlarımı var?”, “Göstərilən avtomobil nişanlı xidməti YPX avtomobilinə ştatda olmayan şəxslərdəmi əyləşir?”, “Göstərilən YPX inspektorları arasında aşkarlanmayan həmin şəxslər barədə artıq axtarış dayandırılacaqmı?”. Bu suallara cavab almadım.

Müraciətimlə əlaqədar olaraq məni qəbul edib, şikayətimə biganə qalmadıqlarına görə öz təşəkkürümü bildirirəm. Ümid edirəm ki, həmin şəxslər aşkarlanıb və lazımi cəzalarını alacaqlar».

Elnarə Məhərrəmovanın sözlərinə görə, o, DYP İdarəsində olarkən həmin yol polisi əməkdaşlarının aşkarlanması üçün yollardakı müşahidə kameralarına baxış keçirilməsini xahiş edib: «Mənə söylədilər ki, “Avtovagzaladan Ekologiya postuna qədər ərazidə kamera yoxdur, olan aparatlar isə maşın nomrəsini oxumur. Digər kameralara baxış keçirilib, sürücünün gecə saat 1-ə işləmiş Sumqayıt ərazisindən Bakı istiqamətinə gəldiyi vaxt görsənir, lakin Bakıdan Sumqayıta geri döndüyü kameralarda qeyd olunmayıb. Ən çox təəssüf etdiyim hal bu oldu ki, DYP-də olarkən mənə qəribə suallar vermələri oldu. “Bəlkə sizdən xoşları gəlib?”, “Kimdən şübhələnirsiniz?”, «Bəlkə səmimi söhbət qurmaq isdəyiblər?». Mən bu sualları eşitdikdən sonra başa düşdüm ki, o polisləri tapmaq onlar üçün çətin deyil, sadəcə, görünür, bunu istəmirlər. Yoxsa, həmin gecə bizi saxlayan yol polisi əməkdaşları ruh deyildilər, nə də başqa planetdən gəlməmişdilər. Ola bilməz ki, mən nəsə səhv edəm. Mənim dediklərimi sürücü Natiq də təsdiq etdi DYP idarələrində. Amma həmin polislər tapılmalı. Yenə də ümid edirəm ki, həmin şəxslər aşkarlanıb və lazımi cəzalarını alacaqlar».

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh