Sabirabadda 10 kəndi birləşdirən yolun tikintisi yekunlaşmaq üzrədir – FOTO+VİDEO

Avtoxəbər 23 Mart 2017 10:14 Oxunub 1323
Sabirabadda 10 kəndi birləşdirən yolun tikintisi yekunlaşmaq üzrədir – FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, vətəndaşların gediş-gəlişində yaranan problemi həll etmiş olacaq

Sabirabad rayonunun 43 km-lik Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi işləri yekunlaşmaq üzrədir. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, tikinti işləri dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılacaq 40 kənd və qəsəbələrarası avtomobil yolları layihələri çərçivəsində texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparır.

Bunun üçün əraziyə lazimi sayda canlı qüvvə və texnika cəlb olunub.

Dördüncü texniki dərəcəyə uyğun tikilən yeni avtomobil yolu vətəndaşların gediş-gəlişində, xüsusən payız-qış mövsümündə yaranan problemi həll etmiş olacaq.

Layihəyə uyğun olaraq yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, yerinə qum-çınqıl qarışığından ibarət material tökülərək kipləşdirilib. Daha sonra optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılıb.

Yolun hərəkət hissəsi hazır olandan sonra asfaltlanma işlərinə başlanılıb. Artıq yolun 40 km-lik hissəsində asfaltlanma işləri yekunlaşdırılıb. Hazırda yolun son 3 km-lik hissəsinə asfalt-beton örtüyünün salınması üçün hazırlıq işləri görülür. Ümumilikdə isə 43 km-lik yolun 258 min m2 sahəsinə asfalt-beton örtüyü salınmalıdır.

Əvvəllər torpaq-çınqıl örtüklü olan yola 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənir. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edir. Yolun ümumi eni ( yol yatağı ) 10 metrdir.

Tikinti işləri zamanı yol boyu 6 ədəd avtomobil körpüsü də təmir edilib. Körpülərin eni 7 metr olmaqla, uzunluqları 18-20 metr arası dəyişir. Eyni zamanda 35 ədəd su keçidi və su borusunun tikintisi işləri də aparılıb.

Bundan başqa layihə çərçivəsində zəruri olan yerlərdə 29 ədəd avtobus dayanacağından artıq 21-i inşa edilib, 420 ədəd yol nişanından 350-i quraşdırılıb və 43 km-lik yolun 33 km-də xətlənmə işləri aparılaraq yekunlaşdırılıb. Yaxın müddət ərzində isə son 10 km-lik hissədə yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında aparılır. Avtomobil yolu 20 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirməklə kənd təsərrüfatının inişafına, yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.

Kənan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh