DİN-dən “Şəmi” ləqəbli yol polisi ilə bağlı - Açıqlama

Yol polisi 2 Aprel 2017 17:39 Oxunub 23881
DİN-dən “Şəmi” ləqəbli yol polisi ilə bağlı - Açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Sürücü yol polisi əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayıb”

Masallı rayonu sakini Rüstəm Qasımovun Masallıda “Şəmi” kimi tanınan YPX baş insektoru Şəmşir Kərimovla bağlı Avtosfer.az-da yayılan müraciətinə Daxili İşlər Nazirliyi münasibət bildirib. Nazirliyin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, yazıda şikayətçinin salamlaşdığına görə yol polisi əməkdaşları tərəfindən  guya kobudluğa məruz qalması barədə iddiaların heç bir məntiqi və hüquqi əsası yoxdur və adıçəkilən şəxs inzibati xəta törətmiş hər bir sürücünün üzləşdiyi hadisənin mahiyyətini təhrif edərək öz xeyrinə yozmağa cəhd edib: “Müraciət müəllifinin bəhs etdiyi hadisə həqiqətən martın 30-da saat 21.30 radələrində Masallı şəhəri ərazisində baş verib. "Salamlaşma" kimi təqdim olunan olay əslində Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin YPX əməkdaşlarının kobud qayda pozuntularına, xüsusən sərxoş sürücülərə qarşı həyata keçirdiyi reyd olub. "Jeep Grand Cherokee" markalı 10-CS-055 dövlət nömrə nişanlı avtomaşının sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün DYP əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman müəyyən olunub ki, sürücü Rüstəm Qasımov nəqliyyat vasitəsini həm də arxa yan şüşələrində pərdə örtükdən istifadə etməklə idarə edirmiş. Ona qayda pozuntuları izah olunduqdan sonra barəsində inzibati tədbir görülməsindən ötrü sənədlərini təqdim etməsi tələb olunub. Qabaqdangəlmişlik edərək yol polisi əməkdaşlarının guya kobud davranışından şikayətlənən sürücü nəinki sənədləri təqdim etməkdən imtina edib, Şöbənin rəhbərliyi tərəfindən prinsipial və bacarıqlı əməkdaş kimi xarakterizə olunan YPX-nin baş inspektoru, polis kapitanı Şəmşir Kərimovun və digər əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayıb.

Sürücüdən israrla özünü intizamlı aparması tələb olunsa da, o, buna məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirib, "Jeep"lə oradan uzaqlaşmağa cəhd göstərib. Yol polisi əməkdaşlarının qəfil yaranmış qeyri-standard situasiyaya uyğun çevik və peşəkar hərəkətləri sayəsində "belindən əməliyyat olunduğunu, 23 yerdən tikiş qoyulduğunu, heç bir müqavimət göstərmədən tabe olduğunu" iddia edən R.Qasımovun bu özbaşınalığının qarşısı alınıb. 

Hələ bu azmış kimi sürücünün Mircavid adlı həmkəndlisi də idarə etdiyi "VAZ-21074" markalı avtomaşını ilə yaxınlaşaraq polis əməkdaşlarına R.Qasımov barəsində qanuna müvafiq tədbir görülməsinə mane olub. R.Qasımov müqavimət göstərdiyi üçün hərəkətdən kənarlaşdırılaraq avtomaşınla birlikdə RPŞ-nin mühafizə olunan duracağına gətirilib, barəsində inzibati xəta haqqında protokol tərtib olunub, digər hərəkətləri barədə isə Şöbə rəhbərliyinə raportla müraciət olunub. Barəsində görülən qanuni tədbir əslində digər hərəkət iştirakçıları kimi, R.Qasımovun da sağlamlığına və təhlükəsizliyinə birbaşa xidmət edir, onları baş verə biləcək ağır yol nəqliyyat hadisələrindən sığortalayır. Buna görə DYP əməkdaşlarına təşəkkür etməli olan R.Qasımov isə təəssüf ki, məsələnin mahiyyətini təhrif etmək, ictimai rəyi azdırmaq yolunu tutub”.

Qeyd edək ki, sürücü Rüstəm Qasımov DYP əməkdaşı Şəmşir Qasımovun ona qarşı kobuduluq edərək ayağından tutub maşından yerə düşürdüyünü, təhqir etdiyini və maşını qanunsuz olaraq cərimə meydançasına apardığını bildirmişdi.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh