Azərbaycanda kiçik mühərrikli ucuz avtomobillər dövrü başlayacaq – Vergi gəlir

Yazarlar 13 Aprel 2017 13:45 Oxunub 27753
Azərbaycanda kiçik mühərrikli ucuz avtomobillər dövrü başlayacaq – Vergi gəlir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilə görə əmlak vergisi dünyanın xeyli ölkəsində var, amma…

Hesablama Palatası ölkəmizdə istifadə edilən bütün mexaniki nəqliyyat vasitələrinin mülkiyyətçilərinin əmlak vergisinə cəlb edilməsi ilə bağlı təklif irəli sürüb. Avtosfer.az xəbər verir ki, bu təklif Vergi Məcəlləsinə əlavə edilərsə, həm hüquqi şəxslərin, həm də rezident fiziki şəxslərin, yəni ölkə vətəndaşlarının mülkiyyətində olan mexaniki nəqliyyat vasitələrinə görə onlardan əmlak vergisi alınacaq. Təklifdən belə məlum olur ki, yalnız əhalinin müəyyən təbəqəsinin müvafiq sosial ehtiyaclarının dövlət tərəfindən qarşılanması siyasəti çərçivəsində əldə olunan kiçik iş həcmli mühərriki olan nəqliyyat vasitələri, yəni dövlət tərəfindən əlillərə verilən minik avtomobilləri əmlak vergisinə cəlb edilməyəcək.

Dövlət büdcəsinə yeni vəsaitlər cəlb etmək üçün mənbələrin axtarıldığı indiki dövrdə bu təklifin reallaşma ehtimalı çox yüksəkdir. Ona görə də avtomobil sahiblərinin indidən buna hazırlaşması yaxşı olar.

Avtomobilə görə əmlak vergisi dünyanın xeyli ölkəsində var. Bu verginin dərəcəsi daha çox mexaniki nəqliyyat vasitələrinin növünə (motosiklet, minik avtomobili, yük avtomobili, avtobus) və onların mühərrikinin iş həcminə görə fərqləndirilir. Mühərrikinin iş həcmi böyük olan bahalı avtomobillərə görə daha çox vergi müəyyən edilir. Amma verginin dərəcələri yalnız layihə müzakirə edilərkən məlum olacaq.

Bu verginin tətbiqi avtomobil bazarına və avtomobillərin dövriyyəsinə təsirsiz ötüşməyəcək. Təsirin dərəcəsi isə verginin məbləğindən asılı olacaq. Əgər əmlak vergisi yüksək dərəcədə olarsa, müvafiq avtomobillərə maraq azalacaq və onların satışı bir az da pisləşəcək. Ümumilikdə isə belə vergi əhali arasında avtomobilə marağı azaltmalıdır. Eyni zamanda avtomobil seçimində kiçik mühərrikli ucuz avtomobillərə üstünlük verilməsi qaçılmaz olacaq.

Əmlak vergisinin alınma mexanizmindən asılı olaraq avtomobillərin etibarnamə ilə istifadəsinə də təsir ola bilər. Əgər vergi yalnız mülkiyyətçinin özündən alınacaqsa, onda avtomobili satan şəxs onun məhz öz adından çıxarılmasında maraqlı olacaq. Bu isə etibarnamə ilə avtomobil əldə etməni azalda bilər.

Hər halda yəqin ki, yaxın gələcəkdə layihənin konkret məzmunu məlum olacaq. 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Veli 13 Aprel 2017 16:21
Tepdurun ala yox vergi yox bir havadanda vergi alun caydurun alaa!!!