Bunu etsələr yol polisi ildə 3 milyon manat qənaət edəcək – Azərbaycanda

Yazarlar 14 Aprel 2017 02:15 Oxunub 2458
Bunu etsələr yol polisi ildə 3 milyon manat qənaət edəcək – Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələcəkdə MMX protokollar sürücünün ünvanına yox, telefonuna göndərilə bilər

Dövlət yol polisi tərəfindən elektron protokollarının qayda pozan sürücülərə çatdırılması ilə bağlı müəyyən çətinliklər yaranır. Avtosfer.az bildirir ki, əksər əksər hallarda vətəndaşları qeydiyyatda olduğu ünvanda tapmaq olmur. Qeydiyyat yerini tez-tez dəyişənlərlə yanaşı, iş vaxtı öz evində tapılmayanlar da var. Ola bilər ki, hansısa evin sahibi işdən evə axşam saat 8-də gəlir. Poçt xidməti isə saat 5-ə kimi işləyir. Bu halda vətəndaşa MMX protokol barədə bildirişi çatdırmaq mümkün olmur. Nəticədə bəzən bir protokol DYP tərəfindən 4-5 dəfə göndərilir. Bu da müəyyən qədər vəsaitin sərf olunması deməkdir. Elə sürücülər var ki, elektron kabinetdən, DYP-nin mərkəzi məlumat sistemindən cərimə barədə məlumat ala bilir. Amma qanuna görə, sürücü yalnız rəsmi bildiriş alandan sonra cəriməni ödəməlidir. Bundan istifadə edən sürücülər qeydiyyatda olduğu ünvanda tapılmır və məsuliyyətdən kənarda qalır. Faktiki olaraq qayda pozduğunu bilir, amma bir il ərzində protokolu almadığı üçün haqlı olaraq ona xitam verilməsini tələb edir. O zaman insanlar arasında da fərq yaranır. Biri yaşadığı ünvanda tapılır və cəriməni ödəyir, digəri isə qayda pozduğu halda bilərəkdən yayınaraq məsuliyyətdən kənarda qalır.

İl ərzində sürücülərə 1,5 milyondan çox elektron protokol tərtib olunur. Bu protokolların 1 ədədinin ünvana çatdırılması isə təxminən 2 manata başa gəlir. Bu o deməkdir ki, DYP hər il 3 milyon manatı elektron protokolların ünvanlara çatdırılmasına sərf edir. Hansı ki, onun da 20-30 faizi ünvana çatmır. O zaman müasir texnologiyaların imkanlarından istifadə edərək çatdırılmanın daha asan formaları üzərində düşünmək lazım gəlir. Məsələn, SMS vasitəsilə məlumatlandırmanı qanuni çatdırılma kimi tətbiq etmək mümkündür. Bu gün sürücülərin əksəriyyətinin telefon nömrəsi DYP-nin Mərkəzi Məlumat Sistemində var. Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı sərəncama əsasən, iyul ayına qədər bütün sürücülərin və avtomobil sahiblərinin mobil telefon nömrələri DYP-nin Mərkəzi Məlumat Sisteminə yerləşdirilməli, sonra isə ASAN xidmət-ə inteqrasiya olunmalıdır. Bu o deməkdir ki, faktiki olaraq bütün sürücülərin mobil telefon nömrələri DYP-də olacaq. O zaman inzibati protokollar barədə SMS-lə məlumatlandırlamanı qanuniləşdirmək olar.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üvzü, millət vəkili Vüsal Hüseynli Avtosfer.az-a bildirib ki, bu təklif kifayət qədər əsaslı və məntiqlidir. Gələcəkdə belə ola bilər: “Hesab edirəm ki, ilkin mərhələdə ola bilər ki, sürücülərin özləri könüllü qaydada əgər qeydiyyatdan keçirsə və öhdəlik götürürsə ki, elektron qaydada məlumatın mənə çatması kifayət edir, o zaman bu da tətbiq edilə bilər. Sadəcə, indiki mərhələdə araşdırmaq lazımdır ki, bizim bütün sürücülər elektron kommunikasiya vasitələrindən istifadə edə bilərlər, ya yox? Amma poçt bunu təmin edir ki, vətəndaş bu barədə məlumatlansın. Bu baxımdan, ola bilər ki, indiki mərhələdə bundan biz tam imtina etmirik, ancaq gələcəkdə təbii ki, ola bilər. Çünki bildiyiniz kimi, hər şey elektronlaşmaya doğru gedir. Poçtla çatdırlma zamanı kifayət qədər ciddi məbləğ xərclənir. SMS-lə məlumatlandırma zamanı isə büdcə vəsaitlərinə də qənaət ola bilər”.

Millət vəkili Çingiz Qənizadə də hesab edir ki, belə bir sistemin tətbiq olunması yaxşı olardı. Eyni zamanda, sürücüləriə mobil telefonla SMS qebul edəndən sonra şikayət etmək imkanı da yaradılmalıdır: “Artıq ölkədə bir çox sahələrdə elektronlaşma gedir. Hətta məhkəmə hakimiyyətində elektron məhkəmə sistemi yaradılıb. Burada tərəflərin məhkəmə proseslərinə çağırılması onların elektron ünvanına və yaxud da telefonuna SMS göndərməklə həyata keçirilir. Bu həm də bürokratik əngəllərin, vaxt itkisinin aradan qaldırılmasına və maddi zərərdən uzaq olmağa hesablanıb. Kağızla yazışma, poçt vasitəsilə məlumatlandırma sovet dövründə qalmalı olan bir məsələdir. Müasir dövrdə buna üstünlük verilmir. Hesab edirəm ki, dövlət yol polisi əməkdaşları da hansısa cərimələrin tətbiqi ilə bağlı sürücülərin məlumatlandırılmasında kağız yazışmalardan əl çəkməlidir. Bunun elektron formasına keçmək lazımdır. Bundan ötrü də avtomobil idarə edən şəxslər nəqliyyat vasitəsini qeydiyyata aldırarkən və ya, etibarnamə əldə edərkən öz mobil telefon nömrələrini verirlər. Bunu nəzərə alaraq sürücülərin üzərinə öhdəlik qoymaq olar ki, mobil telefon nömrəsi dəyişdirildikdə onlar DYP-nin müvafiq qurumlarını məlumatlandırsınlar. Belə düşünürəm ki, işlək mobil nömrə olduqda bu cərimələrin tətbiqi ilə bağlı məlumatların SMS vasitəsilə vətəndaşlara çatdırılması il ərzində Daxili İşlər Nazirliyini, Dövlət Yol Polisi İdarəsinin milyonlar vəsaitə qənaət etməsinə gətirib çıxaracaq”.

Çingiz Qənizadənin fikrincə, vətəndaşlar tez-tez 3-5 manat verib telefon nömrəsini dəyişməklə cərimə barədə məlumat almadığını iddia edə biləcəklər. Ona gördə də, bu qaydalara keçid zamanı ətraflı düşünüb sonra qərar qəbul etmək lazımdır ki, sürücülər belə hallarda məsuliyyətdən yayına bilməsinlər: “Yəni, öhdəlik, vəzifə olaraq onların üzərinə qoyulmalıdır ki, avtomobil idarə etdiyi müddətdə DYP-yə verdiyi nömrəni saxlamalıdır. Dəyişdikdə isə bu barədə dərhal məlumat versinlər. Biz bunu bir qayda olaraq tənzimləməliyik. Hər halda bu məsələ kifayət qədər araşdırılmalıdır”.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh