Nobel prospektində təhlükə böyüyür

Gündəm 26 Aprel 2014 22:53 Oxunub 1942
Nobel prospektində təhlükə böyüyür
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Azəryolservis”: «Ərazidə konkret olaraq sızma baş verib və qarşısı alınmasa, çökmənin əhatəsi daha da artacaq»

Bakının Nobel prospektində çökmə baş vermiş yolda geoloji kəşfiyyat işlərinə başlanılıb.“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə bildirib ki, sürüşmə baş verən ünvanda “Azərsu” ASC-nin əməkdaşları geoloji kəşfiyyat işləri aparır.Onun sözlərinə görə, Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə intensiv şəkildə davam edir: “Sürüşmənin əhatə dairəsi günbəgün genişlənir. Bu ərazidə konkret olaraq sızma baş verib və bu sızmanın qarşısı alınmasa, çökmənin əhatəsi daha da artacaq”. P.Mürsəliyev deyib ki, ərazidə böyük intensivlik var: “Yolun çökmə baş verən hissəsinin təmir olunacağını bildirən lövhə və nişanlar da qoyulub. Həmin ərazi hərəkətin intensiv olduğu yerdir, çala örtülməsəydi, bədbəxt hadisə baş verə bilərdi”. ASC rəsmisi qeyd edib ki, çökmə baş vermiş ərazidə müasir texnikanın köməyi ilə düzgün kipləşdirmə işi aparılıb və asfalt-beton örtüyü vurulub. Lakin normativlərə uyğun kipləşdirmə işi aparılsa da, çökmə yenə də davam edir. Problem aradan qalxmasa, o yol yenə də çökəcək və getdikcə davam edəcək”.

Xatırladaq ki, “Azərsu” ASC-dən “APA-Economics”ə hazırda çökmənin səbəblərinin araşdırıldığı bildirilib: “Hazırda çökmənin kanalizasiya kollektoruna ziyan vurub-vurmamasını araşdırırıq. Çökmənin səbəbi hələlik məlum deyil. Batmış hissənin doldurulması və oraya asfalt vurulması ilə bağlı qərar qəbul edildi və dərhal icra olundu. Hazırda Fövqəladə Hallar Nazirliyi, “Azərsu”, “Azəryolservis” çökmənin səbəbini müəyyən etmək üçün birgə araşdırma aparır”.

Qeyd edək ki, aprelin 21-də səhər 08:00 radələrində Bakının Nobel prospekti, 67 ünvanında, “Azərneftyağ” neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1 860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh