Dairəvi hərəkətin təşkili, yoxsa sürücülər üçün “tələ”? - FOTOLAR

Yazarlar 20 Aprel 2017 01:20 Oxunub 26012
Dairəvi hərəkətin təşkili, yoxsa sürücülər üçün “tələ”? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaydalar “tələ” təsiri bağışlamamalı, anlaşıqlı və icrası asan olmalıdır

Bakı şəhərində yaşayanlar dairəvi hərəkət təşkil edilmiş yerlərdə tez-tez yol nəqliyyat hadisələrinin baş verməsinə şahidlik edirlər. Yəqin ki, bunun təsadüf olmadığının fərqindəsiniz. Ümumiyyətlə, dairəvi hərəkət adətən mürəkkəb yolayrıclarında təşkil edilən hərəkət formasıdır və müxtəlif yollarla hərəkət edən nəqliyyat axınlarının kəsişdiyi yerlərdə keçmə növbəliliyini müəyyən etməklə hərəkətin təhlükəsizliyini təmin etməyə xidmət edir. Bakıda mövcud olan indiki yüksək hərəkət intensivliyi şəraitində dairəvi hərəkət zamanı azca diqqətsizlik və yaxud, naşılıq etmək kifayətdir ki, ən azından, “qəza şəraiti” yaransın. Statistikası aparılarsa, Bakıda qeydə alınan və alınmayan (qeydə alınmayan hadisələrin də kifayət qədər çox olması heç kimə sirr deyil) yol nəqliyyat hadisələrinin sırasında “dairəvi hərəkət” sahələrində baş verən hadisələr ilk yerlərdən birini (bəlkə də, birincisini) tutar. Bəs bunun qarşısını qismən də olsa almaq olarmı? Məncə olar. Amma necə?

Mən uzun illər (hələ SSRİ dövründən) bu sahə üzrə orta ixtisas məktəblərində (kollec və texnikumlarda) pedaqoji fəaliyyətlə məşğul olan mütəxəssis kimi deyə bilərəm ki, ölkəmizdə qüvvədə olan yol hərəkəti qaydaları dövlət müstəqilliyi qazandığımızdan sonra bir sıra dəyişikliklərə uğramışdır. Birinci onu qeyd edim ki, edilən dəyişikliklər barədə məlumat almaq imkanları məhdud olduğundan yalnız ciddi zərurət yaranması əsaslandırıldığı hallarda buna getmək məqsədəuyğun olardı. Əks halda bu dəyişiklərdən xəbərsiz olan “köhnə” sürücülərin həmin qaydaları pozma ehtimalı çox böyük olur. İkinci, edilən dəyişikliklər mütərəqqi və daha tezanlaşılan olmalıdır ki, sürücülər tərəfindən asan əxz edilsin və icra edilsin. Edilən dəyişikliklərin hamısı bu kriteriyalara cavab verirmi? Doğrusu, mənim buna böyük şübhəm var və zaman-zaman bu barədə fikirlərimi əsaslandırıb, mətbuat vasitəsilə oxucularla bölüşməyə çalışacağam. İndi isə qayıdaq əsas mövzuya, yəni, dairəvi hərəkətin təşkilinə.

Sovetlər dönəmində “dairəvi hərəkət” təşkil edilmiş yollarda keçmə növbəliliyi “sağ əl” qaydası ilə müəyyən edilirdi.Yəni, dairəyə giriş və dairədə hərəkət zamanı sürücülər sağ tərəfdən gələn nəqliyyat vasitələrinin sürücülərinə yol verməli idilər. Bu qayda,nizamlanmayan yolayrıclarında eyni əhəmiyyətli yolların keçilməsi qaydasına uyğun gəldiyindən, sürücülər üçün də çox anlaşıqlı idi və icrası heç bir çətinlik törətmirdi. İndi isə qaydalar dəyişilib və dairəyə giriş və dairə üzrə hərəkət növbəliliyi, “Dairəvi hərəkət sahəsi” nişanının və müvafiq üstünlük nişanlarının qoyulmasından asılı olaraq dəyişir. Əgər dairəvi hərəkət təşkil olunmuş sahənin qarşısında “Dairəvi hərəkət sahəsi” məlumatverici nişanı qoyulubsa, sürücülər dairəvi hərəkətə giriş zamanı dairədə hərəkət edən nəqliyyat vasitələrini buraxır, bu nişan qoyulmayıbsa, dairəyə baş yolda hərəkət edirmiş kimi (bu halda, bəzən “Baş yol” nişanı da tətbiq olunur) daxil olurlar.

Əvvəlcə deyim ki, “Dairəvi hərəkət nişanı” məlumatverici-göstərici nişandır və adından da göründüyü kimi, bu nişan sürücüyə təhlükəli bir sahəyə daxil olması barədə məlumat verir. Yəni bu nişandan “Üstünlük nişanı” kimi istifadə etmək doğru deyil. Digər tərəfdən, yolayrıclarındakı “Üstünlük nişanları” xüsusi olaraq elə hazırlanır ki, quruluşları onları hətta arxa tərəfdən tanımaq imkanı verir. Bu da, sürücülərin nişana olan diqqətini artırır və qaydalara riayət etməsini asanlaşdırır. “Dairəvi hərəkət sahəsi” nişanı isə dairəvi olduğundan, xüsusi bir fərqliliyi yoxdur və onu arxadan “oxumaq” mümkün deyil.

Bakı şəhərindəki yollar çoxzolaqlı və əksər dairələr böyük olduğundan, yol kənarına qoyulmuş nişanların qarşısını müxtəlif maneələr (nəqliyyat vasitələri və s.) tərəfindən kəsilməsi üzündən, onların görünməsi çətinləşir və sürücülər qısa zaman kəsiyində “keçib-keçməmə” qərarını qəbul edəndə özləri də istəmədən səhvə yol verə bilirlər. Bu isə ən yaxşı halda, “qəza şəraiti” yaradır və sürücü cəzalı duruma düşür. Məncə, dairəvi hərəkət təşkil edilmiş sahələrdə baş verən qəzaların əsas ehtimalla səbəbi də, məhz, yuxarıda izah etməyə çalışdığım qeyri-müəyyənliklə bağlı olur.

Sürücüləri çaşdıran başqa bir məsələ də (mən özüm də sürücü olduğumdan belə hallarla qarşılaşıram) dairələrdə keçmə növbəliliyinin dəyişdirilməsi ilə bağlıdır. Belə ki, məsələn, Xəzər dairəsində Gəncə prospekti tərəfdən gələn istiqamətdə “Dairəvi hərəkət sahəsi” nişanı qoyulmaqla, keçmə növbəliliyi uzun illər mövcud olan qaydaların əksinə dəyişdirildi. Yolun “dirsəkli” olması üzündən, həmin nişanı yalnız dairəyə tam yaxınlaşdıqda görmək mümkün olur. Cərimə tətbiq edən yol polislərinə nişanın görünmədiyini və hansı səbəbdən dairəyə 50-100 metr qalmış xəbərdaredici “Dairəvi hərəkətlə kəsişmə” nişanının qoyulmamasını soruşduqda,  “biz nişan qoyan idarə deyilik” deyib, məsuliyyətdən yayınırlar. Halbuki, bu problem barədə məsələ qaldırmaq onların birbaşa vəzifəsidir.

Deyirlər, “yüz dəfə Hüseynə görə ağlayanda, bir dəfə də Yezidə görə ağla”. Sürücülərdən qaydalara riayət etməyi tələb etmək çox vacibdir, amma bunun üçün qaydalar “tələ” təsiri bağışlamamalı, imkan daxilində elə hazırlanmalıdır ki, anlaşıqlı və icrası asan olsun.

 

Mustafakamal İslamov

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh