Metroda təhlükəsizlik tədbirləri gücləndiriləcək

Gündəm 25 Aprel 2017 13:10 Oxunub 923
Metroda təhlükəsizlik tədbirləri gücləndiriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlərə sayıq olmaq, şübhəli şəxslər, davranışlar və əşyalar barədə metro polisi və metropoliten əməkdaşlarına məlumat vermək tövsiyə olunur

Mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə əlaqədar Bakı Metropolitenində Oyunlara hazırlıq işləri yekunlaşmaq üzrədir. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Avtosfer.az-a verilən məlumata görə, tədbirin keçirilməsi ilə bağlı Bakı metropolitenində əvvəlcədən xüsusi tədbirlər planı hazırlanıb və təsdiq olunub.

I Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarında da əhalinin böyük əksəriyyəti, şəhərimizə gələn qonaqların ictimai nəqliyyatdan, xüsusən də metrodan istifadəyə üstünlük verəcəyi gözlənilir. Xatırladaq ki, Avropa Oyunları zamanı tamaşaçıların 70 faizi metropolitendən istifadə etmişdi.

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində metropoliten gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Oyunların açılış və bağlanış günlərində iş qrafikində xüsusi dəyişikliklər olacaq. Həmin günlərdə metro səhər saat 6-dan gecə saat 2-yədək fəaliyyət göstərəcək. Adi idman günlərində isə metro gecə saat 1-dək fəaliyyət göstərəcək. Sərnişin axını çox olarsa, bu qrafik artırıla bilər.

Açılış və bağlanış günləri Milli Olimpiya Stadionunda keçirilən tədbirdən çıxan iştirakçılar (bilet əsasında) "Koroğlu" stansiyasına pulsuz daxil olacaqlar. Mayın 1-dən 30-dək xüsusi geyim formasında olan könüllülər, xüsusi buraxılış vəsiqəsi olan akkreditə olunmuş nümayəndələr də metrodan pulsuz istifadə edə biləcəklər.

Eyni zamanda, metropoliten ərazisində təhlükəsizlik tədbirləri də gücləndiriləcək. Milli Olimpiya Stadionuna yaxın olan "Koroğlu" stansiyasında xüsusi qərargah da yaradılacaq, bütün lazımi texniki avadanlıqlar hazır vəziyyətə gətiriləcək. Sözügedən stansiyanın ərazisində tibb məntəqəsi də yaradılacaq.

Qeyd edək ki, Avropa Oyunlarından fərqli olaraq, IV İslam Həmrəyliyi Oyunlarında "Sərhədçi" İdman Olimpiya Mərkəzindən də istifadə olunacağı üçün oraya yaxın olan "Xalqlar dostluğu” stansiyası da Oyunlara tam hazırdır. Belə ki, stansiyanın hər iki keçidi təmir olunub və sərnişinlərin istifadəsinə verilib. Hazırda stansiyada lazımi istiqamətverici-məlumatverici lövhələr quraşdırılır.

Bununla yanaşı, idman arenalarına yaxın olan "Koroğlu”, "Gənclik”, "Sahil” stansiyalarında sərnişin axını və kütləvilik nəzərə alınaraq turniketlərin sayı artırılıb. Belə ki, qeyd olunan stansiyaların girişlərində 5 ədəd əlavə turniket quraşdırılıb.

Oyunların keçirilmə tarixlərində, xüsusən də açılış və bağlanış günlərində xətdə olan zəruri sayda qatarlardan əlavə, “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar olacaq.

Tədbirlər planına əsasən, metropolitenin bütün xidmətləri Oyunlara hazırlıq məqsədilə lazımi mal-materiallarla təmin olunub, sərnişinlərə yüksək səviyyədə mədəni xidmət göstərilməsi və onların məmnunluğu məqsədilə bu işə cəlb olunan könüllülər müvafiq qaydada təlimatlandırılıb, Oyunlar ərəfəsində onların hər biri yaddaş kitabçaları ilə təmin olunacaqlar.

Oyunlar zamanı xarici turistlərə bələdçilik etmək və onların suallarını cavablandırmaq üçün metropolitendə hər bir şərait yaradılacaq. Xarici dil bilən metropoliten əməkdaşları və xüsusi geyim formasında olan könüllülər yarışların keçiriləcəyi idman obyektlərinə yaxın mərkəzi stansiyalarda turistlərə bələdçilik edəcəklər.

Bütün stansiyalarda sərnişin informasiya sisteminə Oyunlar, yarışların keçiriləcəyi idman obyektləri barədə məlumatlar, sərnişinlərin təhlükəsizliyi üçün tövsiyələr, metrodan istifadə qaydalarının izahını əks etdirən elanlar daxil edilib.

 

Bununla belə, IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi tarixlərdə metroda hərəkət zamanı sərnişinlərə sayıq olmaq, şübhəli şəxslər, davranışlar və əşyalar barədə metro polisi və metropoliten əməkdaşlarına məlumat vermək tövsiyə olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh