Türkiyənin ordu generalı Azərbaycana gəlib – FOTO

Gündəm 26 Aprel 2017 16:33 Oxunub 2130
Türkiyənin ordu generalı Azərbaycana gəlib – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səfər daxili işlər naziri Ramil Usubovun dəvəti ilə baş tutub

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, aprelin 26-da səhər  cənab Yaşar Güler və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb. 

Daha sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksini, Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının Qardaşlıq məzarını və Türk Şəhidliyini ziyarət ediblər.

Həmin gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərini, onun «Bir milət, iki dövlət» siyəsətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb. 

Ramil Usubov 1997-ci il oktyabrın 31-də hökumətlərarası «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokol»un imzalandığını, bununla da Daxili Qoşunlarla Jandarm Qüvvələri arasında hərbi əməkdaşlıq münasibətlərinin hüquqi əsasının qoyulduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dost və qardaş dövlətin müvafiq qurumları ilə  əlaqələr ilk növbədə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında qurulub.

Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətlərin daha da inkişaf etdirməsinə böyük önəm verildiyini, ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, həmçinin Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.

Daha sonra qonağa müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, torpaqlarımızın işğalı, 1 milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin təmini sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilib, kriminogen durum nəzarətə götürülüb. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz sabitlik yaradılıb.

Nazir Türkiyə Jandarm Quvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. 

Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən ordu generalı Yaşar Güler Azərbaycana səfərindən, Bakının ən gözəl paytaxt şəhərlərindən biri olmasından, ölkəmizin dinamik inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnun olduğunu bildirib. O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, "bir millət, iki dövlət" olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın  və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb. 

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.    

Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak edib.        

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh