DYP-dən açıqlama: «Maşınlarınızı sazlayın»

Yol polisi 3 Noyabr 2014 15:35 Oxunub 1771
DYP-dən açıqlama: «Maşınlarınızı sazlayın»
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: «Sürücü avtomobilin surətini meteoroloji şəraitə uyğun seçməlidir»

Respublikamizda yağıntılı, çiskinli hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, yaxın iki gündə də hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı gözlənilir. Noyabrın 5-dək bəzi rayonlarda yağıntının intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı proqnozlaşdırılır. Bazar günündən isə ölkə ərazisində hava şəraiti kəskin dəyişib, temperatur 12 dərəcəyə kimi enib. Güclü şimal-qərb küləyi əsib, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub. Ən çox düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 32 (aylıq normanın 78 faizi), Mərkəzi Aran rayonlarında 36 (aylıq normanın 125 faizi), Böyük Qafqazda 28 (aylıq normanın 43 faizi), Kiçik Qafqazda 18, Qazax-Gəncə zonasında 13, (aylıq normanın 87 faizi), Naxçıvan MR-da 13 (aylıq normanın 82 faizi), Bakıda və Abşeron yarımadasında 27 mm-dək (aylıq normanın 99 faizi) təşkil edib. Qar örtüyünün hündürlüyü Xınalıqda 40, Altıağacda 25, Göygöldə 23, Daşkəsəndə 18, Gədəbəydə 7 sm olub.

Güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunun 30 kilometrliyi bağlanıb. Belə ki, yolun 27-ci kilometrliyindən, yəni Qırız Dəhnə kəndindən başalayaraq 57-ci kilometrliyə qədər avtomobillərin hərəkəti məhdudlaşıb. 

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, respublikanın bütün yolları açıqdır: «Hazırda bütün yollarda çiskin, yağış var, külək əsir, Qusarda qar yağır, Ağsu aşırımda isə sulu qar yağır. Bütün yollar açıq olsa da, sürücü avtomobilin surətini meteoroloji şəraitə uyğun seçməlidir. Yağışlı hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və tormoz məsafəsinin uzanmasına səbəb olur. Sürücülər ilk növbədə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməlidirlər. Belə hava şəraitində sürücülər avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə şüşəsilənin işlənməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına diqqət yetirilməlidir».

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh