Gün ərzində 60-70 avtomobil cərimə meydanına aparılır - Paytaxda

Yol polisi 28 Aprel 2017 16:02 Oxunub 2247
Gün ərzində 60-70 avtomobil cərimə meydanına aparılır - Paytaxda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar ìçərisində sürücü olmadığından evakuatorla cərimə meydanına aparılır

Paytaxt ərazisində gün ərzində 600-700 sürücü dayanma-durma tələbini pozur. Bu barədə məlumatı Movqe.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov verib. V. Əsədov bildirib ki, bu cür halların qarşısını almaq üçün yol polisləri mütəmadi nəzarət aparır: "Orta hesabla hər gün 60-70 avtomobil də yolun hərəkət hissəsində saxlanıldığı üçün, içərisində sürücü olmadığından evakuatorla cərimə meydanına aparılır”.

V. Əsədovun sözlərinə görə, dayanma-durma tələblərini pozduğu üçün inzibati protokol tətbiq edilən sürücülərin əksəriyyəti eyni qayda pozuntusunu təkrar etmir: “Bu fakt göstərir ki, yolda hərəkətə süni maneə yaradan sürücülərin cərimələnməsi effekt verir. Çox az halda rast gəlinir ki, bir ünvanda dayanma-durma tələbini pozduğu üçün inzibati protokol tətbiq edilən sürücü, başqa ərazidə eyni qayda pozuntusuna yol versin".

Polis polkovniki yolun hərəkət hissəsində avtomobilini saxlamaqla digər yol hərəkət iştirakçılarına mane olan sürücülərin süni sıxlıq yaratdığını söyləyir: “Çox təəssüf ki, belə sürücülər var. Onlar öz rahatlıqlarını düşünərək digərlərinə narahatlıq yaradırlar. Əlbəttə, yol polisi bu cür qayda pozuntularını qeydə alan kimi, yolda hərəkətə mane olan bu səbəbi aradan qaldırır. Amma bu problemin aradan qaldırılması üçün sürücü mədəniyyəti də formalaşmalıdır. Sürücülər özləri yol polisi olmadan yolda digər hərəkət iştirakçılarına narahatlıq yaratmamalıdırlar. Bu gün taksi sürücüləri də əksər hallarda yolun hərəkət hissəsində dayanaraq digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradır. Yol polisi buna görə inzibati protokol tətbiq edəndə deyirlər ki, çorək pulu qazanırıq. Öz hərəkətlərinə çörək qazandıqlarını bəhanə gətirərək bəraət qazandırmaq istəyirlər. Halbuki bu qayda pozuntusunu törətməklə çörək arxasınca gedən digər insanları ləngitdiklərini qəbul etmək istəmirlər. Gedəcəyi ünvan yaxın olduğu üçün orada avtomobili saxlamaq düşüncəsindən xilas olmalıyıq. Özümüzü düşündüyümüz kimi, digər yol hərəkət iştirakçılarını da düşünməliyik. Nəzərə almaq lazımdır ki, bu kobud qayda pozuntusu xəstə insana yardıma gedən təcili tibbi yardım maşınının hərəkətini ləngidə bilər. Biz sizinlə birgə təbliğat apararaq sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə səsləyirik. Eləcə də bu cür qanun pozuntularına qarşı nəzarət tədbirləri aparırıq”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh