Xalq artisti canlı yayımda qanunları təhqir etdi– VİDEO

Yol polisi 5 Noyabr 2014 11:28 Oxunub 2476
Xalq artisti canlı yayımda qanunları təhqir etdi– VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səməd Səmədov yol hərəkəti qaydalarını pozduğunu deputatın qarşısında dilə gətirib

Son günlər tanınmış sənət adamları telekanallarda yayımlanan müxtəlif verilişlərdə yol hərəkəti qaydalarını pozduqlarını açıq-aşkar etiraf edib bundan fərəhlənirlər. Bəziləri tanınmış sənətçi olmasa da, iddiaları böyükdük. Hətta, iki gün öncə Sevinc adlı gənc müğənni «təhlükəsizlik kəmərini taxmıram, çünki saçlarımı düzəltməyə problem yaradır, yol polisi gərək bizi başa düşsün» demişdi. Ondan əvvəl isə müğənni Mətanət Əsədova Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin də iştirak etdiyi verilişdə sürət həddini aşdığını, hətta 240 km/saat sürətlə maşın sürdüyünü etiraf etmişdi. Maraqlıdır, şou-biznes nümayəndələrinin bu etirafları o mənaya gəlib çıxır ki, yol polisi onların qarşısında acizdir və ya DYP onlara «hörmət etməyə» borcludur. Bu dəfə isə qanunlara qarşı açıq-aşkar hörmətsizlik etdiyini etiraf edən sənətçi xalq artisti Səməd Səmədov olub. ATV kanalındakı verilişin qonağı olan Səməd Səmədov bildirib ki, sənət adamları toylara, konsertlərə tələsdiyi üçün qaydaları pozurlar: «Yol polislərinə təşəkkür edirəm. Çünki biz müğənnilər, aktyorlar, artistlər tədbirdən-tədbirə, verlişdən-verlişə tələsirik. Ona görə də, yol qaydalarını pozuruq. Sağolsunlar, görürlər və …».

Səməd Səmədovun çıxışının bu yerində aparıcı söhbətə müdaxilə edərək qaydaları pozduğu üçün xalq artistinə iradını bildirir: «Necə yəni qanunları pozuruq? Bəs, bayaqdan qayda-qanundan danışırsınız…».

Səməd Səmədov aparıcının bu iradını sadəcə gülüşlə qarşılayıb və verilişdə iştirak edən YAP-çı millət vəkili Aydın Mirzəzadəyə müraciət edib.

Xalq artisti xalqın və millət vəkilinin qarşısında qanunları tapdaladığını, yol polisinin isə onu «yola verdiyini» etiraf edirsə, DYP-nin artistlərə güzəşt etdiyini deyirsə, o zaman sual yaranır; bəs qanunlar kimin üçündür? Deputatlar deyir, biz radara düşəndə cərimə ödəməyək, artistlər deyir, biz tələsirik, cərimə yazmırlar, bəzilərinin toxunulmazlıq hüququ var, yerdə qalanları da Allah qorusun!

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh