Yol polisi Bakıda 400 avtomobillə xidmətə başladı - NAZİR

Yol polisi 8 May 2017 15:39 Oxunub 7403
Yol polisi Bakıda 400 avtomobillə xidmətə başladı - NAZİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İslam Oyunlarında yol hərəkəti təhlükəsizliyinin qorumasına 1200 YPX cəlb edilib

Artıq bir neçə gündür respublikanın müxtəlif bölgələrində xidmət edın yol polisi əməkdaşları Bakıya ezam olunub. Onların idarə etdiyi müxtəlif nömrəli DYP avtomobillərini görən sürücülər Avtosfer.az-a müraciət edərək bir neçə suala cavab istəyiblər. Sual olunur ki, həmin DYP əməkdaşları Bakıya nə üçün gəlib və onlar paytaxtda qayda pozan sürücülərə cərimə yaza bilərmi?

Avtosfer.az bildirir ki, həmin yol polisi avtomobillərində xidmət aparan inspektorlar Bakıya IV İslam Həmrəyliyi Oyunlarında yol hərəkətinin təşkilini və təhlükəsizliyini təmin etmək üçün daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə ezam olunublar. Bu o deməkdir ki, onlar adi qayda xidməti vəzifələrini icra edirlər və hər hansı qayda pozuntusu aşkar etdikdə sürücüyə cərimə yazmağa tam ixtiyarları var.

Nazir Ramil Usubov ötən ay keçirilən iclasda məlumat vermişdi ki, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq. Onlardan 252-si qadın əməkdaşlardır.

Ramil Usubov qeyd edib ki, yol hərəkətinin təhlükəsizliyi və yüksək səviyyəli nümayəndə heyətlərinin müşayiəti üzrə görüləcək digər işlər daim diqqət mərkəzindədir: "Bu istiqamətdə qarşıda duran vəzifələr yol-patrul xidmətinin 1200 əməkdaşı tərəfindən xüsusi təyinatlı 400 avtomobillə təmin ediləcək. Yol hərəkətinin təşkili üzrə fəaliyyət çərçivəsində paytaxtda 8 mindən çox yeni yol nişanı və 35 işıqfor quraşdırılıb, küçə və yollarda 2,1 milyon poqonmetrdən çox cizgiləmə işləri aparılıb.

Yarış iştirakçılarının daşınmasına cəlb olunan nəqliyyat vasitələrini idarə edəcək şəxslərin seçiminə də xüsusi diqqət yetirilib, peşəkarlıq səviyyəsi yoxlanılıb. Nəticədə 1918 nəfərdən 158 sürücü seçimdən kənarlaşdırılıb. Habelə namizədliyi təsdiqlənmiş sürücülər üçün mart ayında müvafiq tədris proqramı əsasında nəzəri və praktiki təlimlər keçirilib".

Bundan əlavə, ictimai asayişə nəzarətin fasiləsiz həyata keçirilməsi məqsədilə hazırda yarış və qeyri-yarış obyektləri ətrafında 214 nöqtədə 642 videomüşahidə kamerasından istifadə edilir: "Buraxılış rejimində tətbiq olunacaq hər bir stasionar metal detektorun qarşısında “üztanıma” funksiyasını yerinə yetirən 267 kamera quraşdırılıb. Ümumilikdə, bu gün respublikada “Təhlükəsiz şəhər” sisteminin 3270 nöqtədə 12 min, habelə şəxsi mülkiyyətdə olan obyektlərə aid avtonom rejimdə işləyən daha 100 min videomüşahidə kamerası fəaliyyət göstərir".

Nazir qeyd edib ki, ölkə prezidentinin dəstəyi sayəsində birinci Avropa Oyunları ərəfəsində alınmış 3000 radiostansiya, 1000 metal detektor, 700 planşet, 500 bort-kompüter, 300 videoqeydiyyat qurğusu və 330 “İPatrol” mayak, habelə “BMW” və “Mercedes” markalı 837 xidməti avtomobil IV İslam Həmrəyliyi Oyunları zamanı da istifadə ediləcək: "Həmin dövrdə ingilis dili kurslarını bitirmiş bayır xidmətinin 1000-dən çox əməkdaşının müvafiq biliklərini artırılması istiqamətində əlavə tədbirlər də görülüb. Asayişin qorunmasında iştirak edəcək əməkdaşların professional hazırlığının, o cümlədən etik davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi treninqlər təşkil edilib".

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh