Banklar sürücülərə qarşı görün nələr edir - Maşınlar əlimizdən alınır

Yazarlar 8 May 2017 02:41 Oxunub 8700
Banklar sürücülərə qarşı görün nələr edir - Maşınlar əlimizdən alınır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Vətəndaşlar əmin olsun ki, bu məsələdə Daxili İşlər Nazirliyi səviyyəsində heç bir qərar yoxdur"

Dövlət Yol Polisi banklarla əlbir olaraq kredit borcu olan sürücülərin avtomobillərini cərimə meydançasına aparır. Banka borcu olan vətəndaşların sayı da kifayət qədərdir. Devalvasiyalardan sonra ölkədə sosial-iqtisadi durum ağırlaşdığından banka borcu olan vətəndaşlar pullarını ödəməkdə çətinlik çəkdilər. Bu problem hələ də davam etməkdədir. Zaman-zaman banklar kreditlərini yığmaq üçün müxtəlif üsullara əl atdılar. Əl atdıqları vasitələr işə yaramayandan sonra növbəti dəfə banklar maraqlı üsula əl atdılar. Onlar məhkəmələrdə iddia qaldırarkən təminetmə tədbiri kimi cavabdehə məxsus avtomobilin üzərinə sadəcə həbs qoymağı yox, həm də həmin avtomobilin Dövlət Yol Polisinin cərimə meydançasında saxlanca qoyulmasını tələb edirlər. Yol polisi və bankların bu addımını qanunsuz adlandıran ekspertlər məsələdən daha çox vətəndaşların əziyyət çəkəcəklərini hesab edirlər. Çünki cərimə meydançasına aparılan avtomobil sahibi nəqliyyat vasitəsini azad etmək üçün əl-ayağa düşəcək. Hətta məcbur olub yenidən borca girəcək. Bu isə kredit borcu üstələnən vətəndaşın vəziyyətini daha da ağırlaşdırmalı olacaq. Ümumiyyətlə, əmlaka həbs qoyulması və ya bu kimi hallar qanun çərçivəsində baş verməlidir. Ekspertlərin sözlərinə görə kredit borcu olan vətəndaşın avtomobilinin cərimə meydançasına aparılması məqsədəuyğun hal deyil. Bu sadəcə bankların və yol polisinin qanunsuz hərəkətləridir. Bunun üçün məhkəmə qərarı tələb olunur ki, vətəndaş həmin qərardad qarşısında əmlakını təslim etməyə məcburdur. Amma məhkəmə qərarı olmadan vətəndaşa məxsus əmlaka həbs qoymaq və aparmaq cavabdeh qurumların özbaşınalığından başqa bir şey deyil.

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov bildirib ki, vətəndaşın avtomobili kreditə görə yalnız məhkəmənin qərarı ilə ondan alına bilər: “Məhkəmə tam bitəndən sonra, yəni bank işi udandan sonra məhkəmə avtomobili vətəndaşdan alıb açıq hərrac yolu ilə sata bilər. Həmin məhkəmə qərarının icrası üçün də yol poisi avtomobili vətəndaşdan ala bilər. Qanuni yolu ancaq budur. Bundan əlavə digər hal da mümkündür ki, bank kredit borcu olan vətəndaşı məhkəməyə verir və məhkəmə gedə-gedə ondan xahiş edir ki, avtomobili sürücüdən alıb yol polisinin vasitəsilə cərimə meydançasına aparılsın. Bəzi hallarda banklar bu vəsatəti təmin edirlər.

Yenə məhkəmə qərardadı ilə yol polisi avtomobili aparıb, məhkəmə bitənədək özündə saxlayır. Amma bu hal artıq qanunsuzdur. Niyə? Çünki əslində məhkəmə gedə-gedə nəticəsinin nə ilə bitəcəyi məlum deyil. Buna görə də vətəndaşın əlindən avtomobili indidən almaq qanunsuzdur. Ali Məhkəmə məhkəmələrə bununla bağlı müraciət də göndərib ki, belə qərarlar verməyin. Yəni, bütün məhkəmə prosesi bitəndən sonra qərar verilməlidir. Tutaq ki, söhbət avtomobildən deyil, evdən gedir. Evimi girov qoymuşam, bank məni məhkəməyə veribsə, bu o demək deyil ki, evimdən dərhal çıxmalıyam. Xeyr... ”.

Ekspert deyib ki, bəzi banklar yol polisi ilə əlbir olurlar: “Onlar nəyinsə müqabilində xahiş edirlər ki, filankəslərin avtomobilləridir, onları əlindən alın. Bu tamamilə qanunsuzdur. Bu halda yol polisi faktiki özbaşınalıq edir. Yəni, məhkəmə qərarı olmadan kiminsə kiməsə borcu var deyə mülkiyyət hüququnu kobud şəkildə pozur. Belə hallarda həmin o yol polisinin hərəkətlərindən mütləq şikayət verməlidir. Çox təəssüflər olsun ki, Azərbaycanda vətəndaşların çoxunun savadı aşağıdır. Belə hallarda çox qorxurlar. Hətta bəzən nəinki yol polisi, bankın əməkdaşı, kollektorlar belə vətəndaşın əmlakını əlindən alırlar, vətəndaş isə “key” kimi baxır. Onlar kimdir ki? Vətəndaşlarımız məhkəmə qərarını tələb etməlidirlər. Məhkəmə qərarını da görmədən avtomobillərini heç kimə verməsinlər. Təbii ki, polis işçiləri arasında da pisləri var. Amma ümumilikdə Daxili İşlər Nazirliyi hüquq-mühafizə orqanlarından onunla seçilir ki, orada sistemlilik var. Vətəndaşların belə müraciətlərinə dərhal reaksiya verilir. Vətəndaşlar əmin olsun ki, bu məsələdə Daxili İşlər Nazirliyi səviyyəsində heç bir qərar yoxdur.

Sadəcə, ayrı-ayrı yol polislərinin əməlləridir və bunun üçün Daxili İşlər Nazirliyinə məktubla müraciət etsələr, avtomobillərini dərhal azad etdirə bilər, hətta həmin polis işçilərini də cəzalandıra bilərlər. Mən özüm də şahidiyəm ki, bəzi banklar krediti olan vətəndaşlardan məhkəmənin qərarı olmadan polisə şikayət edirdilər. Polis də məhkəməsiz vətəndaşın ölkədən çıxışına qadağa qoyur. Bu hallar da qanunsuz idi və biz Daxili İşlər Nazirliyinə müraciət etdik. Orada bu hallara son qoyuldu. Ona görə də hesab edirəm ki, krediti olan vətəndaşların avtomobillərinin polis əməkdaşları tərəfindən cərimə meydançasına aparılması onların özbaşına əməlləridir”. (cebhe.info) 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh