Avtobusda sürücü sərnişinləri ayağa qaldırdı - BAKIDA - FOTO

Xəbərlər 5 Noyabr 2014 23:21 Oxunub 2962
Avtobusda sürücü sərnişinləri ayağa qaldırdı - BAKIDA - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişin avtobusu içi dolu sərnişinlə yanacaqdoldurma məntəqəsinə girib

Bakıda sərnişin avtobusu içi dolu sərnişinlə yanacaqdoldurma məntəqəsinə girib. Bu barədə Facebook sosial şəbəkələrində bildirilib. Sosial şəbəkə istifadəçisi bildirib ki, avtobus içi dolu sərnişinlə birgə benzin doldurmaq üçün yanacaqdoldurma məntəqəsinə girib. Qanunla bu qadağan olunduğu üçün sərnişinlər buna etiraz ediblər. Lakin sürücü iradlara fikir verməyib. Məsələ ilə əlaqədar Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdiri Elçin Nəsirov bildirdi ki, belə hal baş verərsə, sərnişin dərhal qurumun qaynar xəttinə müraciət etməlidir. Bundan başqa, mütləq qayda pozan avtobusun nömrə nişanını da yazmalıdırlar. “Düzdür belə hallarla intensiv mübarizə aparılır. Amma sərnişinlər də bizə yardımçı olmalıdır. İndi qeyd olunan hadisə barədə araşdırma aparacağıq”, - deyə Elçin Nəsirov bildirib.

Qeyd edək ki, əslində belə sürücülərin hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 151.2-ci madədsinin kobud şəkildə pozulmasıdır. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun açıqlamasında bildirdi. Qurum rəsmisi həmçinin onu əlavə etdi ki, belə hadisələrlə mübarizə aparılmasına baxmayaraq hələ də, özbaşınalıq edən sürücülər var.

DYP rəisi bir daha sürücülərə müraciət edərək bildirdi ki, avtobus sürücüləri daha diqqətli olmalıdırlar: “Onlar ən azı düşünməlidirlər ki, daşıdıqları sərnişinlərin sayından asılı olmayaraq hansısa bədbəxt hadisə baş verəcəksə neçə ailədə göz yaşları axacaq”.

Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov isə avtobusların sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqəsinə girmələri barədə onlara da arabir şikayət daxil olduğunu bildirdi. Onun sözlərinə görə, nazirlik belə hallarla mütəmadi hadisə aparmasına baxmayaraq, hələ də sərnişinləri real ölümə aparan sürücülər var. “Bununla əsasən sahibkarla mübarizə aparmalıdır. Burada avtobus xətlərini işlədən sahibkarlar birbaşa məsuliyyət daşıyır. Bir neçə sərnişin avtobusunun sürücüsü ciddi şəkildə cəzalandırılıb. Sahibkarlara xəbərdarlıq edilib. Görünür bu tədbirlər kifayət etmir. Əslində bununla vətəndaşların özləri də mübarizə aparmalıdır”, - deyə N.Həsənov vurğulayıb.

Qeyd edək ki, sərnişin avtobusların bu və digər özbaşınalıqlarla qarşılaşan vətəndaşlar Nəqliyyat Nazirliyinin qaynar xəttinə müraciət edə bilər. Bundan başqa, bu tipli hadisələrlə qarşılaşan oxucularımız, baş verən hadisəni video və foto şəkildə qeydə alaraq, bizimlə əlaqə yarada bilər. Ümid edirik ki, həyatımızı və sağlamlığımızı təhlükə altına salan bu problemin həllində hamımız iştirak edəcəyik. Çünki baş verə biləcək hansısa bədbəxt hadisədə ola bilsin biz özümüz, yaxud da yaxınlarımız olsun.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh