“Sürət həyatda tərəqqi, yolda təhlükədir” – Yeni layihəyə start verildi

Yazarlar 15 May 2017 15:49 Oxunub 1990
“Sürət həyatda tərəqqi, yolda təhlükədir” – Yeni layihəyə start verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: “Hələ də problemin qarşısını tam almaq mümkün olmayıb”

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinə həsr edilmiş daha bir layihənin icrasına start verilib. Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçiriləcək. Bu barədə məlumat verən təşkilat sədri Elməddin Muradlı bildirib ki, “Sürət həyatda tərəqqi, yolda təhlükədir - yol hərəkəti təhlükəsizliyi naminə təbliğatın gücləndirilməsi” adlı layihə 3 ay ərzində icra olunacaq. Layihə çərçivəsində Şuranın dəstəyi ilə yaradılmış Avtosfer.az saytı və sosial şəbəkələr vasitəsilə yol hərəkəti təhlükəsizliyinə dair geniş təbliğat işləri həyata keçiriləcək.

Layihə çərçivəsində yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində əsas problemlərin müəyyənləşdirilməsi, yol hərəkəti iştirakçıları arasında təbliğat işinin gücləndirilməsi, bu sahədə dövlət qurumları ilə birgə tədbirlərin, ictimai müzakirələrin təşkili, nəticələrin təhlil edilərək bu sahədə olan problemlərin aradan qaldırılmasında ictimai təşəbbüslərin gücləndirilməsi nəzərdə tutulur. Həmçinin,  Bakıda keçirilən İslam Oyunları və gələn ay baş tutacaq «Formula 1» Qran Prisi ilə bağlı məlumatlandırma işi aparılacaq. 

Təşkilat sədri deyib ki, Azərbaycanda yol hərəkətinin təhlükəsizliyi üçün görülən tədbirlərə baxmayaraq, hələ də problemin qarşısını tam almaq mümkün olmayıb. Yollarda qurulan sürət ölçən vasitələr, nəzarət kameraları, avtomagistrallarda yol verilən sürət həddinin artırılması qəzaların ümumi sayının azalmasına qismən təsir etsə də, qəzalarda ölən və yaralananların sayı hələ də narahatedici haldadır. Amma qəza qurbanları arasında yol hərəkətinin ən zəif iştirakçıları olan piyadalar yenə də çoxluq təşkil edir. Bu müddətdə yol-nəqliyyat hadisələrinin 50-55 faizini piyadaların vurulması təşkil edir: “Bu sahədə təbliğat işinin aparılması və uyğun mexanizmlərin nümunə kimi ortaya qoyulması vacibdir. Həmçinin, əhalinin bu dəyişikliklərə münasibətinin öyrənilərək onların tətbiqinə nə dərəcədə hazır olub-olmamalarını dəqiqləşdirmək vacibdir. Bununla bağlı aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq da faydalı olardı.

Bu gün yol mədəniyyətinin aşağı səviyyədə olması kifayət qədər qanun pozuntusu hallarının və yol qəza hadisələrinin artmasına imkan yaradır. Çox təəssüf ki, sürət həddini aşma, spirtli içkinin təsiri altında avtomobil idarə etmə, təhlükəsizlik kəmərindən, dəbilqədən və digər qoruyucu vasitələrdən istifadə etməmək və avtomobil idarə edərkən mobil telefonlardan istifadə halları da qaımaqdadır. 

Hesab edirik ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilində yeni metodların və təşəbüsslərin axtarılıb tapılmasına ehtiyac var”.

Qeyd edək ki, layihənin məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında qanunların tətbiqinə, yol hərəkəti iştirakçılarının maarifləndirilməsi ilə qəzaların sayının azaldılmasına nail olmaq və İslam Həmrəyliyi Oyunları və “Formula-1” yarışlarının yüksək səviyyədə baş tutmasına ictimai dəstək göstərməkdir. 

Məqsədə çatmaq üçün qarşıya qoyulan vəzifələr artıq müəyyən edilib və layihənin icrası həyata keçirilir.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh