Yola xətt çəkənlər maşınları “protiv” yönləndirdi – Qəzada adam öldü - Bakıda

Yazarlar 15 May 2017 10:04 Oxunub 4463
Yola xətt çəkənlər maşınları “protiv” yönləndirdi – Qəzada adam öldü - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəhşətli qəza yolun bağlanmasına görə olubmuş; kimdir günahkar?

Xəbər verdiyimiz kimi, mayın 13-də Bakı şəhərində ağır yol qəzası baş verib. Lent.az saytı qəza ilə bağlı təfsilatları açıqlayıb. Bildirilir ki, Zığ şosesində (beton yol) "Mercedes" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü, 1992-ci il təvəllüdlü Əliyev Fərid Möhübbət oğlu hadisə yerində vəfat edib. Digər avtomobilin sürücüsü, 49 yaşlı Nəriman Əliyev, onun qızı, 30 yaşlı Afaq və 10 yaşlı nəvəsi Emil isə xəstəxanaya yerləşdirilib. İlkin araşdırma zamanı məlum olub ki, mayın 12-də, səhər saatlarından Zığ şosesinin bir zolağında hərəkət məhdudlaşdırılıb və yolun xətlərin rənglənməsi ilə bağlı avtomobillər gediş-gəliş üçün bir zolağa istiqamətləndirilib. Bu zaman sürət həddini düzgün seçməyən sürücülərdən biri maşını yüksək sürətlə üzbəüz gələn digər avtomobilə çırpıb və ağır qəza baş verib.

Tanınmış jurnalist Azər Həsrət hadisə ilə bağlı maraqlı fikirlərini Avtosfer.az-a açıqlayıb. O bildirib ki, sözügedən qəzadan öncə o da bu yolda təhlükə ilə üz-üzə qalıb: “Gündüz saat 12 radələrində Zığ yoluyla üzü hava limanına sarı gedirdim. Sürət 100-110. Bir də gördüm ki, qarşıdan çox sürətlə bir maşın gəlir. Ehtiyatla sağa çəkildim, yol verdim, keçdi. Az sonra daha bir maşın qarşıma çıxdı. Ardınca da bir neçə maşın. Anladım ki, bu, təsadüf deyil. Kimsə bunları qarşı yola yönləndirir. Ona görə sürəti azaldıb ən sağ zolağı tutdum. Sonucda sağ-salamat evə döndüm. Xəbərlərdə göstərdilər ki, məhz həmin yerdə iki maşın qarşı gəlib, toqquşub və ölüm olub.

Maşınların tərs gəlməsinin səbəbi irəlidə yolun nişanlanması üçün qapadılması olub. Heç bir nişan, xəbərdarlıq etmədən magistral yolda maşınları qarşı hərəkət istiqamətinə yönəltmək üçün hansı təfəkkür sahibi olmalıdır insan? Hələ onu da deyim ki, elekrton tablolarda sürət həddi 100-120 km göstərilirdi. Faktiki olaraq kimsə yolun hava limanı tərəfində dayanaraq insanları ölümə göndərib və nə yazıq ki, ölümlü qəza da baş verib. Kim cavab verəcək buna görə?”.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Artıq yolda xətlərin rənglənməsi işləri başa çatdırılıb və hər iki istiqamətdə tam açıqdır.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh