Sürücü piyadaya hansı halda yol verməmiş sayılır? - Ekspert

Yazarlar 17 May 2017 16:31 Oxunub 9528
Sürücü piyadaya hansı halda yol verməmiş sayılır? - Ekspert
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: "Sürücülər bəzən qaydaları bilmirlər və haqsız yerə cərimə olunurlar”

Kamran Əliyev: “Sürücü dayanıb piyadanı saatlarla gözləməməlidir”

 

İnzibati Xətalar Məcəlləsinə piyadalara yol verilməməsi ilə bağlı dəyişikliklər edilib. Yeni qanunvericiliyə əsasən daha sürücülər piyadaya piyada keçidinə daxil olan kimi yol vermək məcburiyyətində deyil. Yəni sürücü piyadanın hərəkət sürətinə, istiqamətinə mane olmamaq şərti ilə hərəkətinə davam edə bilər. "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı hesab edir ki, sürücülərin və piyadaların hərəkətlərinin tənzimlənməsi baxımından İnzibati Xətalar Məcəlləsinə piyadaya yol verməklə bağlı edilən dəyişiklik məqsədəuyğundur: "Əgər nəqliyyat vasitəsi piyadanın hərəkət sürətini və istiqamətini dəyişməyə məcbur edirsə, bu zaman qanunu pozmuş olur. Tutaq ki, 6 zolaqlı yolda piyada birinci zolaqla hərəkət edir və dövlət yol polisi əməkdaşları 6-cı zolaqla hərəkət edən sürücünü saxlayıb cərimə yazır ki, piyada ayağını səkidən kənara qoyubsa, sən ona yol verməli idin. Piyada bir neçə zolaq o tərəfdə olduqda sürücü dayanırsa, bu zaman da sıxlığa səbəb olur. Bu da sürücülərlə yol polisləri arasında həm mübahisə yaradır, həm də yollarda tıxaca səbəb olurdu. Küçələrimiz o qədər də geniş və abad deyil ki, piyadaların yolu keçməsi sürücülərin hərəkətinə mane olmasın. Dəyişiklik o baxımdan da təqdirəlayiqdir ki, sürücünün piyada keçidinə çatmasına az qalıb və bu zaman piyada keçidinə piyada ayağını qoyur. Sürücü həmin vəziyyətdə qəfil əyləci basmaqla qəzaya səbəb ola bilər. Belə vəziyyətdə hərəkətdə olan avtomobil piyadanın hərəkət sürətinə, istiqamətinin dəyişməsinə təsir edə bilməz. Və bu, qayda pozuntusu deyil. Əgər piyada yolu qaça-qaça keçirsə, yenə qayda pozuntusu piyada tərəfindən edilir. Çünki qanunda da qeyd edilib ki, qaçaraq yol keçmək olmaz. Piyada yola daxil olur və sürücü də keçmək üçün ona yol verir. Sürücülər də bəzən bu qaydaları bilmirlər və haqsız yerə cərimə olunurlar”.

E.Muradlının sözlərinə görə, yollarda qəzalara səbəb olmamaq üçün sürücülər piyadaların hərəkəti ilə öz hərəkətlərini tənzimləməyi bacarmalıdırlar: "Sürücü düşünməlidir ki, mən indi keçsəm, piyadaya mane oluram, yoxsa olmuram. Piyadalar da vicdanla hərəkət etsələr, daha yaxşı olar. Çalışmalıdırlar ki, onlar da sürücüləri zərərə salmasınlar. Əslində yol hərəkəti qanunlarını bilən sürücülər üçün bu kimi məsələlər bir o qədər də problem yaratmır. Əgər piyada keçidə daxil olarkən görürsə ki, 3-5 metr məsafədən maşın yaxınlaşırsa, başa düşməlidir ki, maşın dayana bilməyəcək. Çünki yüksək sürətlə gedən avtomobili 5 metr məsafədə saxlamaq mümkün deyil. Ona görə də piyadalar da bir qədər anlayışlı davranmalıdırlar. Qarşılıqlı münasibətlər qaydasında olsa, düşünürəm ki, problemlər qısa zaman ərzində öz həllini tapa bilər. Sadəcə olaraq hər kəs öz məsuliyyətini dərk etməli, hüquq və vəzifələrini bilməlidir. Yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qabağına çıxmaq olmaz, hətta yol piyadanın olsa belə, o dərk etməlidir ki, maşının hər an onu vurma ehtimalı var. Maşın şüurlu insan deyil ki, texnikadır”.

Məsələ ilə bağlı mediaya açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə bildirib ki, istənilən halda sürücü piyadaya piyada keçidində yol verməlidir. Sürücü piyadanın hərəkətinə, hərəkət sürətinə mane olmamalıdır: "Əgər piyada piyada zolağına yeni ayaq basıbsa, sürücü ikinci zolaqla hərəkət edirsə, o dayanıb piyadanı gözləməməlidir. Əgər sürücü dayanıb 4-6 saniyə piyadanı gözləyərsə, həmin ərazidə nəqliyyat sıxlığı yarana bilər. Bu baxımdan sürücü piyadaya mane olmamaq şərtilə yolu ilə hərəkət edə bilər. Və yaxud şəhərdə çox zolaqlı yollar var. Sürücü dayanıb piyadanı saatlarla gözləməməlidir”. 

Yolda çox şeyin piyada mədəniyyətindən asılı olduğunu vurğulayan K.Əliyev bildirib ki, əvvəllər qanunda göstərilirdi ki, piyada ayağını piyada zolağına qoyan kimi avtomobillər dayanıb, ona yol verməlidir. Halbuki sürücü ilə piyada arasında 10-15 metr məsafə varsa, piyadanı gözləmək vaxt itkisidir. Sürücü piyada ilə məsafəni nəzərə alıb hərəkətinə davam etməlidir: "Əgər sürücü piyadanın yaxınlığında olduğunu və hərəkətinin piyadanın həyatı üçün təhlükə olduğunu görürsə, sürücünün hərəkəti piyadanın hərəkətinə mane və yaxud istiqamətini dəyişməsinə səbəb olursa, sürücü dayanıb piyadaya yol verməlidir”.

 

"Şərq" qəzeti

ŞƏRH YAZ
Ad

E-mail

Şərh