DYP əməkdaşı protokolu necə yazmalıdır? YPX və SÜRÜCÜLƏR ÜÇÜN

Öyrənək 9 Noyabr 2014 13:14 Oxunub 22321
DYP əməkdaşı protokolu necə yazmalıdır? YPX və SÜRÜCÜLƏR ÜÇÜN
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uyğunsuzluq İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavələrdən bəzilərinin DYP-nin bugünkü fəaliyyətində hələ də tətbiq edilməməsi ilə bağlıdır

 

Protokola sonuncu olaraq sürücünün imzası və ya onun imzalamaqdan imtina etməsi barədə qeyd daxil edilə bilər

 

Müşahidələr göstərir ki, bəzən sürücülərin törətdiyi qayda pozuntuları rəsmiləşdirilərkən yol polisi əməkdaşları ilə sürücülər arasında anlaşılmazlıqlar olur. Yaxud, sonradan problem ortaya çıxır. Bunun əsas səbəbi sənədləşmənin proseduruna riayət edilməməsidir. Bəs, sənədləşmə necə aparılmalıdır?

Hazırda DYP əməkdaşları tərəfindən yerində protokolun tərtib edilməsinin qaydası ilə bağlı qanunvericilik və real təcrübə arasında uyğunsuzluqlar var. Həmin uyğunsuzluq İnzibati Xətalar Məcəlləsinə (İXM) 2 may 2014-cü il tarixdə edilmiş əlavələrdən bəzilərinin DYP-nin bugünkü fəaliyyətində hələ də tətbiq edilməməsi ilə bağlıdır. İXM-ə həmin qanunla əlavə edilən və 26 may 2014-cü il tarixdən qüvvəyə minsə də, təəssüf ki, hələ də tətbiq edilməyən 429-5.3-cü maddəyə əsasən, DYP əməkdaşı yerində protokolu yalnız o halda tərtib etməlidir ki, sürücü qayda pozuntusu ilə razılaşmasın, yəni hər hansı qayda pozmuş olmasını inkar etsin. Sürücü qayda pozuntusu ilə razılaşdıqda isə DYP əməkdaşı protokol tərtib etmədən birbaşa inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmalıdır (İXM-in 429-5.2-ci maddəsi). 

Amma mövcud təcrübə hələ ki, köhnə qaydanı davam etdirməkdədir. Köhnə qayda isə belədir: DYP əməkdaşı qayda pozan sürücü barəsində protokol tərtib edir; əgər sürücü törədilmiş qayda pozuntusu və tətbiq ediləcək cərimə məbləği ilə razıdırsa, DYP əməkdaşı qərar da çıxarır; əgər sürücü törədilmiş qayda pozuntusu və ya cərimə ilə razı deyilsə DYP əməkdaşı yalnız protokol tərtib edir və qərar çıxarmır. 

Hazırkı təcrübədə inzibati xəta haqqında protokol və inzibati tənbeh tətbiq etmə haqqında qərar DYP əməkdaşlarına verilmiş vahid blankda tərtib olunur. Bu blanklar ciddi hesabat sənədi kimi fərdi nömrəyə malikdir və onlar surəti ikinci nüsxəyə avtomatik köçən kağızda hazırlanır. DYP əməkdaşı həmin blankı yalnız diyircəkli qələmlə doldura bilər. 

Yuxarıda göstərdiyimiz birinci hal olduqda (sürücü törədilmiş qayda pozuntusu və tətbiq ediləcək cərimə məbləği ilə razılaşdıqda) DYP əməkdaşı həmin blankın həm “PROTOKOL” hissəsini, həm də “QƏRAR” hissəsini doldurur və daha sonra elə həmin blankın sağ yuxarı küncündə “BİLDİRİŞ” hissəsini də doldurur. Yuxarıda göstərdiyimiz ikinci hal olduqda isə (sürücü törədilmiş qayda pozuntusu və ya tətbiq ediləcək cərimə məbləği ilə razılaşmadıqda) DYP əməkdaşı həmin blankın yalnız “PROTOKOL” hissəsini doldurmalı, “QƏRAR” və “BİLDİRİŞ” hissəsini boş saxlamalıdır. 

İXM-də və Daxili İşlər Nazirliyinin 2012-ci ildə təsdiq etdiyi “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatda protokolun, ona əlavə olunmuş qərarın və bildirişin necə doldurulmalı olması aydın şəkildə təsbit edilib. Ümumiyyətlə, qayda pozuntusunun rəsmiləşdirilməsi proseduru mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən də hər bir DYP əməkdaşı bütün hallarda istisnasız olaraq həmin prosedura riayət etməlidir. Prosedur isə belədir: 

DYP əməkdaşı sürücüyə hansı qaydanı pozduğunu, buna görə İnzibati Xətalar Məcəlləsinin hansı maddəsində və hansı məbləğdə cərimə və ya başqa sanksiya nəzərdə tutulduğunu izah etməlidir. Bundan sonra əməkdaş sürücüyə onun hüquqlarını, o cümlədən protokola öz izahat və mülahizələrini yazmaq və onu imzalamaq hüququnu izah etməlidir. Daha sonra sürücünün törədilmiş qayda pozuntusu və tətbiq ediləcək cərimə məbləği ilə razılaşıb-razılaşmadığı soruşulmalıdır. Sürücünün münasibətindən asılı olaraq yuxarıda qeyd etdiyimiz birinci və ya ikinci hal üzrə sənədləşmə həyata keçirilməlidir. Hər bir halda DYP əməkdaşı tərtib etdiyi protokolu və qərarı tam doldurduqdan, yəni bütün zəruri məlumat və qeydləri etdikdən və imzaladıqdan sonra hazır vəziyyətdə tanış olmaq üçün sürücüyə təqdim etməlidir. O, sürücüyə protokolla tanış olmaq üçün vaxt və imkan verməlidir. Hətta protokolla tanışlıq vaxtı sürücünün sualları olarsa, qeydlərdən hər hansı biri sürücü üçün anlaşılmaz olarsa, DYP əməkdaşı həmin sualları cavablandırmalı və anlaşılmazlıqları sürücüyə izah etməlidir. Sürücü protokola öz izahatını, o cümlədən etiraz və iradlarını, qayda pozuntusuna dair mülahizələrini yazmaq istədikdə DYP əməkdaşı buna imkan yaratmalıdır, yəni protokolu və qələmini sürücüyə verərək həmin izahatı yazmasını gözləməlidir. Hətta İnzibati Xətalar Məcəlləsinin 410.4-cü maddəsinə əsasən, sürücü öz izahat və mülahizələrini əlavə kağıza yazaraq protokola əlavə etmək istədikdə DYP əməkdaşı buna da şərait yaratmalıdır və əlavə izahatı sürücüdən qəbul edərək protokola qoşmalıdır. Sürücü protokolu imza edə və ya imza etməkdən imtina edə bilər. Sürücü imzadan imtina etdikdə DYP əməkdaşı yalnız imtina barədə qeydi protokola yaza bilər.

Hər bir halda protokol sürücüyə təqdim edildikdən və onun tərəfindən imzalandıqdan sonra protokola heç nə yazılmamalıdır. Əgər sürücü protokolla tanış olarkən hər hansı məlumatın qeyd edilmədiyi aşkara çıxarsa, DYP əməkdaşı həmin qeydi də etməli və bundan sonra protokolu tanış olmaq üçün təkrarən sürücüyə verməlidir. Nəzərə almaq lazımdır ki, DYP əməkdaşının və ya istənilən başqa şəxsin protokola düzəliş etməsi qadağandır.

Beləliklə, tərtib olunan protokola sonuncu olaraq sürücünün imzası və ya onun imzalamaqdan imtina etməsi barədə qeyd daxil edilə bilər. Protokol, qərar və bildiriş tam tərtib olunduqdan sonra onun (doldurularaq imzalanmış bütöv blankın) bir surəti sürücüyə verilməlidir.

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Elvin 16 Aprel 2019 03:44
Salam mene gence seher yol polisi cerime tetbiq edib men hemin vaxt hekime telesediyim ucun bir az suretli hereket edirdim ve qayi avtomobjli arxamca dusdu ve men ona agridigim ve hekime telesdiyjm soyledim o ise pravami aldi ve mene 60 man cerime tetbiq eledi men iza pratokola imza cekmedim bu cerimeni legv etmek olarmi